Hər şeyi qara rəngdə görmək düzgün deyil. Əzəmətli hökumətimiz də bu “rəng” məsələsində bizə irad tutur. Əslində bu məsələdə tam haqsız da sayılmazlar. Həqiqətən də başqa rənglər də var və onu görən kimi etiraf etmək lazımdır. Mən də bugün bir məqamı etiraf etmək istəyirəm. Etiraf edirəm ki, bizim deputatlar çox maraqlı adamlardı. Icazə verilsəydi, Milli Məclisin hər iclasına uşaqlarımı da aparardım. Çünki, ora çox maraqlıdır, cazibədardır, könül xoş edən yerdir. Deputatların dilaoqu, “şedevr” sayıla biləcək müzakirələri adamı heyran edir. Məsələn, Siyavuş Novruzovun etirafları, Oqtay Əsədovun “dilaoqa getməyənlər kök altında olanlardı” ixtirası, Qalib Salahovun “onsuz da bələdiyyələrə kimlərin seçiləcəyi öncədən məlumdur” açıqlaması və digər “müdrik kəlam”lar olduqca maraqlıdır.
Onu da etiraf edim ki, deputatlarımızın parlamentdən kənar fəaliyyətləri də göz oxşayır. Məsələn, millətimizin vəkilləri israrla sübut etməyə çalışırlar ki, manatın qiymətdən düşməsi iqtisadiyyatımıza xeyir gətirəcək, qiymətlər qalxmayacaq və s. Ancaq bütün zərərlər göz önündədir və qiymətlər durmadan artır. Insafən, nənələrimizin danışdığı nağıllardan, babalarımızın rəvayətlərindənsə, deputatların “illüziya”sı daha xoşagələndir.
Bütün bunları xatırlatmaqda məqsədim Milli Məclisin ötən sessiyasına işıq salmaqdır. Parlamentimizin maraqlı sakinləri ötən sessiyada “Elm haqqında” qanun layihəsini müzakirəyə çıxarıblar və qəbul ediblər. Vətəndaş kimi bədbəxt vəziyyətə salınmış elmin müzakirəsi zamanı maraqlı söhbətlər baş verib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, bu qanun layihəsi elmi ancaq ölü nöqtədən tərpədə bilər. Deputatın bu “ölüm” xəbəri Ziyafət Əsgərovu bərk qəzəbləndirib və o da öz növbəsində “Azərbaycanda elm var və inkişaf edir” söyləyib. Bəli, vitse-spikerimiz elmin ölümü ilə barışmaq istəməyib. Fəzail müəllimə demək istəyib ki, “elmi istəməyənlər ölsün”. Ardınca, məsələyə aydınlıq gətirmək üçün Aydın Mirzəzadə sözə sarılıb və israrla bildirib ki, “Elmlər Akademiyası ölməyib”. Yəqin deputatımız onun mesajını verirmiş ki, elm ölsə də Eləmlər Akademiyası yaşayır. Yəni “mərhum”un özündən sonra varisləri qalıb və “nəsil”i davam etdirəcəklər.
Göründüyü kimi, Məclisi Millidə elmin ölüm-dirim mübarizəsi gedib. Açığı “elm ölməyib” deyənləri də qınamıram. Çünki, elmin 3, 7, 40, mərasimləri uzun illər öncə olub. Onilliklər ötdüyünə görə də elm unudulub və onun öldüyü də yaddan çıxıb. Mən dəfələrlə şahidi olmuşam ki, adamlar bir-birinə “filankəs də ölübmüş, xəbərimiz olmayıb” deyə xəbər verir. Başqa birisi isə “indi bilirsiniz, filankəs 2 il öncə ölüb” deyə adamları daha da heyrətləndirir. Indi, bizim maraqlı deputatlar elmə xeyli müddətdi baş çəkmədiklərinə görə ölümündən də xəbərsizdilər.
Amma başı millətin dərdinə qarışmış deputatlarımıza çatdırmaq istəyirəm ki, elm həqiqətən də rəhmətə gedib və son zamanlar yaman nisgilli idi. “Mərhum”un bəzi yaxınları qalıb ki, onlar da korrupsiya ilə məşğul olurlar. Məsələn, elmin təhsil adlı yaxınının 65 faizi savadsızlığa qurşanıb.
Əslində, elm öz əcəli ilə ölməyib. Onu qətlə yetiriblər. Sadəcə olaraq meyidini gizlətdikləri üçün, ölmədiyini iddia edirlər. Elmin qatillərini cəzalandırmaq lazımdır. “Elm inkişaf edir” deməklə elmi diriltmək olmaz. Elmi diriltmək üçün elm düşmənlərinin “qiyamət günü” olmalıdır. Indiki halda isə onun “meyid”ini ortaya qoyub ağlamağa gücümüz çatır. Yəni yas mərasimi keçirməyə…