Itki çox pis şeydi. Buna görə də insanlar itirməkdən qorxur. Doğmasını, karyerasını, istedadını, cavanlığını, mülkünü, pulunu itirməkdən hamı qorxur. Hətta, 10 qəpiyimiz itəndə də saatlarla axtarışa çıxırıq. Əslində, burda qeyri-adi heç nə yoxdu. Sənə məxsus olanı heç bir əsas olmadan itirmək ağrılıdır. Itirdiyinə görə günlərlə ağlayanlar da, depressiyaya düşənlər də, intihar edənlər də olur.
Qəzetlərdə də tez-tez rast gəlirik ki, kiminsə diplomu, kiminsə şəxsiyyət vəsiqəsi, kiminsə mənzilinin kupçası itdiyinə görə etibarsız sayılır. Və ya itirilən əşyanın tapılması üçün müxtəlif vasitələrlə elan verilir. Hətta, tapan adama mükafat da vəd edilir.
Bütün bunları niyə yazıram? Bu qədər təfərrüata varmaqda məqsədim nədir?
Darıxmayın, izah edəcəm. Bu ölkədə xeyli adam var ki, itirməkdən narahat olmur, itirdiyi üçün dərd çəkmir, itkisinin boşluğunu yaşamır. Sanki, bu dünyaya bütün dəyərlərini itirmək üçün gəlib.
Bəli, bugün vicdanını, mənliyini, şəxsiyyətini itirmiş nə qədər adamlar tanıyırıq. Və bu adamlar itirdiklərinin axtarışına da çıxmaq istəmirlər. Həm də itirdiklərinin harda olduğunu dəqiq bilirlər.
Çox qəribədir, 1 manatını itirməkdən qorxan adam, təmiz adını itirməkdən qorxmur. Vəzifəsini itirməkən qorxan adam, cəmiyyətin nifrətini qazanmaqdan qorxmur.
Təsəvvür edə bilirsizmi? Adam bir ləyaqətli adamın üzünə durur, ona şər atır və bunun qarşısında ənam alır. Yəni asanlıqla kişiliyini, mənliyini, vicdanını itirməyə razı olur. Bu itkidən nə depressiyaya düşür, nə ağlayır, nə də intihara əl atır.
Bugün həbsdə olan 100-lərlə siyasi məhbus, həm də 100-lərlə insanın itkisi deməkdir. Bəli, bu adamların həbs olunması üçün nə qədər adam vicdanını itirib. Bu ölkədə elə adamlar var ki, onların “iş yeri” vicdanın itdiyi məkanlardı. Onlar hər gün evdən ona çıxırlar ki, insanlıqlarını bir az da itirsinlər. Bu adamlar itirməyə adət ediblər. Bu adamların utanmamaq üçün immunitetləri var.
Bir cəmiyyətin ən böyük fəlakəti onda başlayır ki, vicdanını itirənlər qəpiyini itirənlər qədər əzab çəkmirlər. Bir ölkənin ən böyük faciəsi onda baş verir ki, şərəfini itirənlər bu itkiylə barışmağa başlayırlar.
Özünü itirmək hesabına qazananların sayı çoxaldıqca, özünü tanıyanların qazancı azalmağa başlayır. Çünki, bu “şərəf qıtlığı” yaşayan adamlar özlərinə dəyər biçməyə başlayırlar.
Cəmiyyətin böyük hissəsi isə, bu adamların vicdan itirdiyindən bixəbər olur.
Çünki, onların itirdikləri haqqında nə qəzetdə, nə televiziyada, nə də küçə elanlarında xəbər verilmir.
Kaş, vicdanını, ləyaqətini, mənliyini itirənlər haqqında da qəzetdə məlumat verəydilər. Məsələn, “filankəsin vicdanı itdiyinə görə etibarsız sayılır”, “filankəsin ləyaqətini tapanlara mükafat veriləcək” tipli elanlar olaydı.
O zaman övladlar atalarını, qızlar sevdikləri oğlanı, xalq onu idarə edənləri yaxşı tanıyar. Belə olsaydı, bəzi adamların qazancının hansı itkilər hesabına başa gəldiyini, bütün məmləkət bilərdi.
Cəmiyyət bilərdi ki, filankəs etibarsızdı, adamlıqdan çıxıb, dəyərli olan nəyi varsa, itib.
Bu adamların “itki”lərindən xəbərdar olmağın ən yaxşı cəhəti budur ki, başqaları onların itirdiyini tapmaqdan imtina edir.
Belə adamlarla bağlı elan verilsəydi, bu sevdaya düşən nə qədər adam itirməkdən qorxardı. Onda, adamlar vicdanını pul kisəsindən möhkəm qoruyardı.
Özünüzə etibar edin ki, etibarsız sayılmayasız.