Dünya yaranandan ölümlə ayrılmaz ittifaqdadır. Ona görə yox ki, rəsmi müqavilələri var, ona görə ki, bu ittifaqın dağılması, həyatın sonu deməkdir. Bəli, ölüm dünyanın xilaskarıdır. Bəlkə də bəşəriyyətin “ağ atlı oğlanı” ölümdür. Əgər həyatımızın “ölüm” adlı mükafatı olmasaydı, doğulmaq şansımız əldən çıxardı. Bir sözlə, ölüm dünyanın tənzimləyicisidir. Bəlkə də, həyat ölümün bizə hədiyyəsidir. Ölüm isə, ölümsüzlüyün həyatıdır.
Bu yazını ölümlə başlmağımın səbəbi, yaşamaqdan imtina etməyimizi təbliğ etmək deyil. Əksinə, ləyaqətli yaşam üçün bəzi ölümlərin vacibliyini çatdırmaqdır
Içimizdə yaşatdığımız qorxu, köləlik hissi, laqeydlik, inamsızlıq, tamah və digər hisslər, bizi diriykən öldürməyə xidmət edir. Ona görə də ruhumuzu başqalarının “xidmət”inə verməməliyik.
Yəni düşüncəmizlə ittifaqa girmiş qorxunu, laqeydliyi, inamsızlığı öldürməklə məşğul olmalıyıq. Biz, içimizdəki neqativlərin “qatil”inə çevrildikcə, yaşaya biləcəyik. Düşüncəmizdəki “mikrob”ların “qatil”i ola bilsək, cəmiyyətin də, özümüzün də xilaskarına çevrilə bilərik.
Imkan verməməliyik ki, həyatla ittifaqda olan ölümdən öncə, şərlə ittifaqda olan ölüm bizi haqlasın.
Bugün yaşadığımız ölkədə hüququn ayaqlar altına atılması, ədalətin yoxa çıxması, dövlətin yağmalanması, səfalətin meydan sulaması, məhz düşüncəmizdəki “hakim”lərin yaşaması ilə bağlıdır.
Bəli, insan öz ruhunu, vicdanını “açıq qapı”ya çevirəndə, istənilən “müsafir” içəri keçə bilir.
Daha böyük faciə onda başlayır ki, içimizdəki “hökmdar”lar ölkədəki hökmdarlarla ittifaqa girir və cəmiyyətə yeni “dəyər”lər gətirilir.
Deməli, biz içimizdəki qorxunu, laqeydliyi, kölələliyi yaşatdıqca, bizi kölə kimi idarə etmək istəyən hakimiyyətə yardımçı oluruq.
Çox acınacaqlıdır deyilmi? Öz düşmənimizi, öz içimizdə yaşada-yaşada, özümüzü öldürməklə məşğul oluruq.
Düşüncəmizdə belə “qonaq”ların olması yalnız özümüzü deyil, övladlarımızı, yaxınlarımızı da təhdid edir. Daha dəqiq ifadə etsək, biz öldürə bilmədiyimiz “düşüncə cəllad”larını, ətrafımızdakıların başını vurmaq üçün görəvləndiririk.
Bu gün demokratik, inkişaf etmiş, vətəndaşa qiymət verən dövlətlərin, keçmişinə nəzər salsanız görəcəksiniz ki, ağır mərhələlərdən keçiblər. Yalnız xalq içindəki xəstə təfəkkürü silkələyib atanadan sonra ölkədə müsbət dəyişiklik baş verib. Yəni bütün cəmiyyətlərdə “siyasi xərçəng” xəstəliyi olub və xalq bu xəstəliyi öz mətanəti hesabına sağaldıb. Deməli, bizim sağalmağımız üçün “dərman” nümunələri var və bu dərman bizdən öncə xəstələnənləri müalicə edə bilib.
Bunun üçün aptekə getməyə, həkimə müraciət etməyə ehtiyac yoxdur. Bu elə bir xəstəlikdir ki, dərmanı və həkimi özümüzük. Əgər müalicəyə başlamasaq, bu “xərçəng” bütün bədənimizə yayılacaq.
Bəli, yeganə çıxış yolu onu öldürməkdir. Qətiyyətinizlə, iradənizlə, vicdanınızla, beyninizdə yuva qurmuş “düşmən”i məhv edin. Bu “post”u keçə bilsəniz, deməli, bütün düşmənlərin məğlubiyyəti qaçılmazdır.
Ilk qələbədən sonra “bunlar yeyib doyublar” əvəzinə, “bunlar yedikcə acgözləşirlər” deyəcəksiniz. “Bundan sonra gələn daha pis olacaq” əvəzinə, “Yaxşı gələnə qədər mübarizə aparacağıq” deyə düşünəcəksiniz.
Ən əsası, dərdi taleyinizə transfer etməkdən qurtulacaqsınız. Içinizdəki qorxunu öldürün və əsl ölümə haqsızlıq etməyin.
Həyatla ölüm arasındakı ittifaqa qoşulmaq lazımdır.