Yaxud «səki»də qalanlar
Qəribə bir ölkədə yaşayırıq. Bəzən düşünürsən ki, Azərbaycan yuxulular ölkəsidir, insanlar isə lunatikdir. Çünki, 20 ildən artıqdır bu milləti yuxuya veriblər və oyanmağa həvəsli görünənlər azdır. Bəli, Azərbaycanda “yuxulu” olmaq təhlükəsizlik kimi qəbul edilir. Halbuki yuxuluların evi sökülür, haqqı tapdanır, sərvəti talanır və s. Bütün bunlara baxmayaraq, yenə də oyanmaqdan qorxurlar.
Bir sözlə, adamlar yuxulu gəzməyi həyat tərzinə çeviriblər. Amma bu ölkədə yuxudan oyananlar da, gözüyumulu gəzməkdən imtina edənlər də, yuxuluları oyatmağa çalışanlar da var.
Bugün qondarma ittihamlarla həbs olunan insanlar, vicdanı yatmışların “layla”sına yatmadıqları üçün həbsdədilər. Ancaq bir reallıq var ki, yatmışların da, oyaqların da getdiyi yol var.
20 ildən artıqdır Azərbaycan hakimiyyəti “bizim öz yolumuz var” deyir. Bu ölkənin oyaq adamları “bizim yolumuz demokratiyadır” deyir. Yuxulu adamlar isə, getdikləri yoldan bixəbərdilər. Indi, ölkədə yuxulu adamları oyatmaq istəyənlərlə, insanları yuxuya verənlər arasında mübarizə gedir.
Maraqlı burasıdır ki, cəmiyyəti yuxuya verənlər bu yuxulu adamlara müəyyən arqumentlər də verir. Bəli, “bunlar yeyib doyublar”, “bundan sonra gələn daha pis olacaq”, “rüşvət bizim qanımızdadır”, “hökumətlə hökumətlik etmək olmaz” kimi “hikmətli sözlər” insanların kəşfi deyil. Bütün bunlar hakimiyyətin “atalar söz”ləridir. Insanlar da bu sözləri mənbəyinə və mənasına fikir vermədən həyatlarına “inteqrasiya” ediblər.
Məhz bu “hikmətli sözlər”in nəticəsidir ki, mübarizə aparan, zalımın qarşısında əyilməyən adamlara “başını aşağı sal işini gör”, “sən ölkəni düzəldən deyilsən” kimi “məsləhət”lər verilir.
Bir cəmiyyətin ən böyük faciəsi onda başlayır ki, köləliyi qəbul edənlər azadlıq istəyənlərə həyat məsləhətləri verir. Indi bizim ölkədə də qorxmaz, vicdanlı, ədalət tələb edən adamlara “sən zəmanə adamı deyilsən” deyib “qiymət” verənlər var.
Belə çıxır ki, zəmanə adamı olmaq üçün qorxaq, yaltaq, miskin, kölə olmalısan. Deməli, zəmanəyə görə əsl adam olmaqdan imtina etməlisən. Əslində, bu zəmanə adamlarının çoxluğuna görə cəmiyyətimiz bu qədər bərbad vəziyyətə düşüb.
Bir həqiqət var ki, istənilən yolun sonu var. Bahalı maşını, villası, təyyarəsi olan da, balaca daxması, eşşək arabası olan da çıxdığı yolun sonuna çatır. Yəni ölüm hər kəsi haqlayır və bütün yolar ölümə aparır. Əgər belədirsə, niyə qorxmalısan, niyə dünya malının girovuna çevrilməlisən, niyə vəzifə üçün yaltaqlanmalısan?
Bu həyat yolunu ləyaqətlə, mərdcəsinə, dürüstlüklə başa vurmaq daha gözəl deyilmi?
Əgər bu həyat sənə də, hansısa vicdansıza da bir dəfə verilibsə, niyə öz yolunla deyil, həmin vicdansızın yolu ilə getməlisən?
Böyük yola çıxmaqdan qorxanlar, bütün həyatları boyu “səki”lərdə gözləyəcəklər. Bugün onlarla vicdanlı insanlar böyük yola çıxdıqları üçün kiçik hücrəyə salınıblar. Ancaq onlara oxşamaq istəyənlər, onları ideal seçənlər, onların haqqını tələb edənlər var. Yəni kiçik hücrələr, böyük yolun qarşısını kəsə bilmir.
Insan nəfsinə, qorxusuna qalib gəldiyi an, böyük yolun cığırına düşmüş olur.
Azadlıq aşiqlərinin yolu, məhz bu böyük yoldur. Belə insanlar yolkəsənləri mütləq səkiyə çıxaracaqlar.
Bu yuxudan ayılın və yolunuza açıq gözlə davam edin.