Yaxud Əli Həsənovun yeni təsəllisi
Ilham Hüseyn
Artıq 22 ildir ki, Qarabağı arxiv materiallarından seyr edirik. Hakimiyyət ağacının budağında oturanlar isə gah hərb, gah da sülh yolu ilə Qarabağı işğaldan azad edəcəklərini deyirlər. Ağdamın, Şuşanın, Xocalının işğal olunduğu tarixlər yaxınlaşanda isə, ordumuzun gücünü, hərbi texnikamızı nümayiş etdiririk. Yəni düşmənə güllə atmayan ordu ilə xalqa təsəlli veririk. Bu da köməyə çatmayanda, AzTv ermənilərin “kökün kəsir”, “acından öldürür” və “lazım” yenidən dövriyyəyə buraxılır. Özümüzə gələndə isə məlum olur ki, atəşkəs dövründə 3000-dən çox əsgərimiz həlak olub. Bunun əvəzində isə, “düşmən cavab atəşi ilə susduruldu” xəbərinə köklənirik. Nə yaxşı ki, atəşkəs pozulur, yoxsa, düşməni cavab atəşi ilə susdurmaq imkanımız olmazdı.
Müxtəsər, dünənə qədər Qarabağı hərb və sülh yolu ilə almaq ənənəsi sona çatır. Bugündən Qarabağı almaq üçün yeni “plan” hazırlanır və bu xoş xəbəri Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənov ictimailəşdirib.
“Ermənilər Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmayıblar. Ermənistanda Sərkisyan-Köçəryan rejiminin sonu gələcək. Hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”,- deyə Əli Həsənov bildirib.
Əvvəla, Əli müəllimin sayəsində öyrəndik ki, Qarabağın 22 il işğalda qalmağı Azərbaycanın xeyrinə işləyib. Çünki, nazirimiz əminliklə deyir ki, Ermənistan bu işğal nəticəsində heç nəyə nail olmayıb. Digər tərəfdən başa düşdük ki, riyaziyyat hər zaman dəqiq elm deyilmiş. Riyaziyyata inansaq, 22 ildən sonra Ermənistandan 3 milyondan artıq əhali köçməli idi. Bu rəqəm isə, Ermənistan əhalisinin sayından bir neçə yüz min nəfər çoxdur. Düşünürəm ki, hökumətimizin bu “riyazi tənliy”ini həll etmək üçün mütəxəssisə ehtiyac var.
Amma reallıq onu göstərir ki, Ermənistan boşaldıqca atəşkəsin pozulması halları çoxalır. Yəqin düşmənlərimiz ata-ata ölkəni tərk edir. Başqa maraqlı məqam ondan ibarətdir ki, Ermənistan boşaldıqca, hakimiyyət sözçülərinin ermənipərəstliklə bağlı “arqument2ləri artır. YAP-çıların analizlərinə inansaq, AŞ PA, AB, BMT və digər nüfuzlu təşkilatlar ermənipərəstlərin girovuna çevrilib. Hətta, ölkə daxilində ictimai-siyasi fəaliyyətlə məşğul olanlar da ”erməniləşir”. Deyəsən, Ermənistan boşaldıqca, ermənilərin təşkilatlanması güclənir. Qorxuram bu sürətli boşalma bizi bəlaya salsın.
Bəlkə də biz hər şeyi qara rəngdə gördüyümüzə görə Ermənistanın sürətlə boşaldığını görmürük. Ağ ideallarla silahlanmış hökumətimiz isə, bu boşalma nəticəsində Qarabağı alacağımıza ümidlidir.
Bir sözlə, 22 illik “siyasi kəşfiyyat”ımızdan sonra hərbi əməliyyatların puçluğunu və sülh danışıqlarının əhəmiyyətsizliyini başa düşdük. Indi diqqətlə izləyib, Ermənistanın boşalmağını gözləyirik. Hətta, “lazım” gəlməsə də, tezliklə Qarabağa gedəcəyik.
Bu, təkcə Qarabağın alınması olmayacaq. Həm də münaqişələrin həlli tarixində bir ilk olacaq. Bəli, biz düşmənə güllə atmadan onu ölkədən qovacağıq və tullana-tullana Qarabağa gedəcəyik. Bilsəyədik, hərbi büdcəmizi Ermənistanın dövlət büdcəsindən çox eləyib, özümüzü xərcə salmazdıq.
Camaat, hazırlaşın, Qarabağa gedirik. Hökumət “kalkulyator”unun hesabalamasına görə, daha o yerlərdə adam qalmayıb.