Ilham Hüseyn
Hakimiyyət vicdanlı, cəsarətli, vətənpərvər insanları müxtəlif ittihamlarla həbs etsə də, bu həbslər onların avtoritetinin artmasına səbəb olur. Insanlar anlayır ki, “ermənipərəst”, “vətən xaini” adlandırılan bu adamlar, əslində, cəmiyyətin işıqlı insanları, seçilmiş şəxsləridi. Eyni zamanda aydın olur ki, hakimiyyət vicdanlı insanları potensial təhlükə hesab edir. Ancaq, qeyd etdiyimiz kimi, bu adamlar həqiqi cinayətkar olmadıqları üçün, onların həbsi daha da sevilmələrinə, dünya çapında tanınmalarına xidmət edir.
Artıq Anar Məmmədliyə, Rəsul Cəfərova, Intiqam Əliyevə, Leyla Yunusa “Saxarov”, “Vatslav Havel” mükafatlarının verilməsi gözlənilir. Hətta, Leyla Yunusa “Nobel” mükafatının verilməsi də müzakirə olunur. Görünür, həbsxana hər zaman imkanların tükəndiyi yer deyil. Əksinə, həbsxana vicdanlı insanlar üçün yeni perspektivlərə yol aça bilir. Bu gün şərlənərək həbs olunan adamların hər yerdə müsbət nümunələri var. Hakimiyyət bu adamları qara rəngə boyamaq istəsə də, onların icad etdiyi “ağ boya”lar hər yerdən boylanır.
Məsələn, Intiqam Əliyev Bakı Istintaq Təcridxanasında saxlanılan yeganə şəxsdir ki, oradakı kitabxanada kitabları var. Bəli, bu ölkədə kitabsızlar, kitab adamlarının kitabını bağlamaqla məşğul olur. Intiqamın kitabını yaxşı nümunə kimi kitab rəfinə qoyub, özünü pis nümunə kimi kameraya salırlar. Amma bu çox dəyərli faktdır və özündə böyük hikmət daşıyır. Təsəvvür edin ki, təcridaxanadakı dustaqlar və işçi heyət bu kitabı oxuyur və sonra öyrənilər ki, müəllif də məhkumdur. Daha sonra hər kəsə aydın olur ki, bu adam rejimin qəzəbinə gəlmiş vicdanlı ziyalıdır. Kitabı müəllifin övladı hesab etsək, bu qənaətə gəlmək olar ki, atanı şərləyib balanın yanına salıblar. Amma bu fakt Intiqam Əliyevin növbəti qələbəsidir və hakimiyyət üçün ibrət dərsi olmalıdır. Çünki, hakimiyyət üçün arzuolunmaz bir şəxsin yazdığı kitab, hakimiyyətin “qorxu siahı” kimi istifadə etdiyi zindanlara da yol tapıb. Intiqamdan intiqam almaq istəyənlərin kitabları isə, öz evlərində də oxunmur. Bir gün gələcək, Intiqamdan intiqam alanlar, onun kitablarına istinad edib, hüquqlarını qorumağa çalışacaqlar.
O, yeganə məhbusdur ki, maariflənmək üçün öz kitabını təklif edirlər.
Deputat kimdən şübhələnir?
Millət vəkili Zahid Oruc bildirib ki, müğənnilərin 2-3 saat üçün 13-15 min manat pul tələb etməsi insafsızlıq və soyğunçuluqdur. Eyni zamanda sual edib ki, müğənninin Azərbaycan müəllimindən üstün hansı müqəddəs missiyası var ki, onların az qala 7-8 illik maaşını bir tədbirdən vurub çıxarırlar. Əslində, haqlı iraddır və ölkəmizin acı reallığıdır. Amma qeyd etmək vacibdir ki, bu soyğunçuluq təkcə müğənninin mikrofonunda baş vermir. Xəstəxanada da, məktəbdə də, bağçada da, gömrükdə də, bir sözlə, bütün sahələrdəki fəaliyyət, soyğunçuluq üzərində qurulub.
Müğənnilərin dəyərə çevrilməsinə və özlərinə qiymət biçməsinə gəlincə, bunun da günahkarı Zahid müəllimin təriflər yağdırdığı hökumətdir. Çünki, bu ölkədə bayağı müğənniyə “xalq artisti”, sənətə əmək sərf etməyənə “əməkdar artist” adı verən də, pis keçmişi olanları “Şərəf” və “Şöhrət” ilə təltif edən də, bu hakimiyyət oldu. Bəli, bu gülməşəkər hökumət ən pis nümunələri, ən qiymətli nemət kimi bu xalqa təqdim etdi. Indi “müğənni”lər bilir ki, efirləri zəbt etmək, fəxri adlar almaq üçün prezidentin şəninə mahnılar oxuyub, təriflər yağıdırmaq kifayət edir.
Indi Azərbaycan vətəndaşı ziyalı, filosof, sənətkar, cəmiyyətin zinəti kimi müğənniləri görür. Çünki, özünü ziyalı adlandıranlarla, müğənni arasındakı fərq itib. Hər iki tərəf əsas peşəsini unudaraq, yarınmaq, mədhiyyə söyləməklə məşğuldu. Bir sözlə, səssiz və səviyyəsiz müğənnini dəyərə çevirdikləri üçün müğənni də özünə bahalı qiymət biçir. Müəllimlər isə, bu prosesdə “tupik”ə düşüb və hökumətin “dəyər” siyahısına salınmayıb.
Biz yaranmış mənzərənin günahkarını göstərdik. Bəs, Zahid müəllim kimdən şübhələnir?