Bu ölkənin ən intellektual, mübariz, cəsarətli adamlarından birini də həbs etdilər. Seymur Həzi yenə də hakimiyyət üzərində qələbə qazandı. Bundan öncə də onu həbs etmişdilər, döymüşdülər, ölümlə hədələmişdilər. Ancaq Seymur bir an belə tərəddüd etmədən, şərə meydan oxuyurdu. Bəli, Seymur heç vaxt zalımın çaldığı havaya oynamadı. Amma Seymurun möhtəşəm yazıları rejimi yerindən oynatdı.
Seymur, Azərbaycan insanına “Azərbaycan saatı” ilə nəfəslik gətirirdi. Xalqın nəfəs yolunu kəsənlər üçün isə bu, arzuolunmaz idi. Ona görə qərara gəldilər ki, Seymurun özünü havasız qoysunlar. Amma yenə də yanıldılar və indi bütün vicdanlı adamlar dayanmadan Seymurdan yazır. Adamlar Seymurla yanaşı çəkdirdikləri fotoları qiymətli əşya kimi nümayiş etdirir. Indi, Seymur haqqında yazmamağa utanırlar. Hətta, bu hakimiyyətin müdafiəçisi rolunda çıxış edənlər də Seymurun şərləndiyini etiraf edirlər.
Siz, bugünə qədər kiminsə xuliqanlıq etdiyinə görə alqışlandığını, xuliqanlıq etdiyinə görə sevildiyini gördünüzmü?
Bu hakimiyyət belə bir fenomeni də sizlərə göstərdi. Seymur elə bir “xuliqan”dır ki, adamlar saatlarla məhkəmə qarşısında dayanıb onun gəlişini gözləyir. Ona “səninlə qürur duyuruq”, “eşq olsun”, “sən qalibsən” deyirlər.
Əslində həbs, xuliqanlıq ittihamı Seymuru bütün dünyaya qəhrəman kimi tanıtmağa xidmət edəcək. Bu həbslər xalqla hakimiyyət arasındakı uçurumu dərinləşdirir, cəmiyyətdə nifrət hissini artırır.
Bu həbslər həm də gülüş hədəfinə çevrilir. Indi, Kürdəxanını “alimlər mərkəzi”, “vicdan emalatxanası” adlandırırlar. Indi, həbs olunan insanlar üçün xeyli təsəlliverici hallar var. Bəli, həbsdə Intiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus, NIDA-çı gənclər, Tofiq Yaqublu, Qurban Məmmədov və digər dəyərlər var. Indi, bu dəyərlərin siyahısına biri də əlavə olundu. Bu tendensiya davam etdikcə, həbsxanalar ən arzulanan məkana çevriləcək. Ləyaqətli insanların əhatəsində olmaq, dörd divarı və uzun illərin həsrətini unutduracaq.
Seymur yalnız “Azərbaycan saatı”na görə deyil, öz saatını haqqın vaxtı ilə qurduğuna görə həbs olundu. Saatı, zamanın və insanlığın vaxtından geri qalanlar isə, onu məğlub etməkdə acizdir. Çünki, bu saatın əqrəbləri vicdan və ləyaqətdən düzəldilib. Seymur ömrünün bütün saatlarını doğru bildiyi işlə məşğul oldu. Əminəm ki, dəmir barmaqlıqlar da, 4 divar da, onun vaxtına köklənəcək. Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün Seymurlar həmişə olacaq.
Yuxarıda qeyd etdiyim kimi, Seymur heç vaxt şərin havasına oynamadı. Amma vaxt gələcək Seymur Həzilər şerlərə, mahnılara mövzu olacaq. Və adamlar “bir Seymur havası çal” deyəcəklər.
Dostum, sən şərin üzərində qələbələrini qeyd etmiş adamsan
Sən, bütün vücudunla haqqın məkanında bitmiş adamsan.
Indi yenə də zalım səninlə yarışa çıxıb
Və sən qalibsən.
Bu bədbəxtlər nə bilsin ki, sən kimsən.
Qoluna qandal taxanlar tarixin ən çirkli yerinə atılacaq
Qolundakı qandal, ən bahalı əşya kimi hərraclarda satılacaq.
Dostum, dəmir barmaqlıqlar, dəmir iradəliləri məğlub edə bilməz
Nə 4 divar, nə üzünə bağlanmış qapı,
qəlbdən azadlıq eşqini silməz.
Sən, sənə yuxarıdan baxanların hamısından böyüksən
Sən, varlığınla şərin çiyinlərində ağır yüksən.
Indi səndən azad olmaq istəyir,
sənin vicdanın qarşısında qul olanlar
Sənə xuliqan deyir, vicdanı pul olanlar.
Get, xəsislik etmə, get
Bir az da dörd divarla söhbət et.
O divarlar, gələcək yazıların üçün mövzu olacaq
Mən bilirəm, 4 divar və sən… bu beşlik nələr yaradacaq.
Dostum, sən də mükafatını aldın
Özünü vicdan məhbusları cərgəsinə saldın.
Biz, gələcəyə birlikdə gedəcəyik
Bəxtimiz gətirsə, yanına gələcəyik.