Yaxud körpülər məhkəmə rolunda
Son zamanlar ölkəmzdə intiharların sayı artıb. Əslində, 100 faizlik intihar yoxdur. Yəni intihara cəhd edənlərin hamısı həyatla vidalaşa bilmir. Özünü dənizə atanı da, zəhər içəni də, bıçaqla özünə xəsarət yetirəni də bəzən xilas etmək olur. Bunları deməkdə məqsədim odur ki, rəsmi statistikalar intihar cəhdi “uğurlu” olanları əks etdirir. Intiharı “yarımçıq” qalanlar isə, həyatla vidalaşanlardan 10 dəfə çoxdur. Yəni hər gün intihar hadisəsi ilə üzləşmiriksə, bu, intihara cəhd edənlərin olmaması anlamına gəlmir.
Ötən gün yenə də intihara cəhd oldu və 40-45 yaşlarında bir kişi “Koroğlu” metrosunun yaxınlığındakı körpünün üstünə çıxıb, problemini ölməklə həll etmək istədi. Sonradan məlum olub ki, hansısa icra başçısının bu kişiyə borcu varmış. Bir müddət öncə başqa bir vətəndaşımız da “Koroğlu” metrosunun yaxınlığındakı körpünü “nicat yolu” kimi görmüşdü. Onu da xilas etmək mümkün oldu və məlum oldu ki, bu adamın intiharına səbəb, polis rəisinin həyat yoldaşına sataşması olub.
Ümumiyyətlə, bu ilin 8 ayı ərzində intihara cəhd edənlərin 6-sı körpülərə “pənah” aparıb. Son dövrlərdə özünü yandıraraq intihar edənlərin də, ölüm aclığı keçirənlərin də, ağzını tikənlərin də şahidi olduq. Və bütün intiharların səbəbi kimi məmur özbaşınalığı, hüquqsuzluq, haqsızlıq göstərilir.
Bəs, bu adamlar problemlərini niyə yaşamaqla deyil, ölməklə həll etmək istəyirlər?
Elə məsələnin kökü də bu sualın cavabında gizlənib.
Çünki, vətəndaş hansı ölkədə yaşadığını, bu ölkədə hansı dəyərlərə hörmət edildiyini, hüququn cəmiyyətimizdəki çəkisini bilir. Bu adamlar bütün aidiyyəti orqanlara müraciət edəndən sonra nəticəsizliyi görürlər və ölümə müraciət etmək qərarına gəlirlər.
Qarabağ qazisi əmin olsaydı ki, hansısa aidiyyəti qurum onun probleminə ciddi yanaşıb həll edəcək, özünü yandırardımı? Yaxud körpüdən özünü körpüdən atmaq istəyən kişi əmin olsaydı ki, onun həyat yoldaşına sataşan polis rəisi dərhal cəzalandırılacaq, intihar haqqında düşünərdimi?
Sonuncu hadisədə də həmçinin. Bu adam borcunu qanuni yollarla geri qaytaracağına ümidli olsaydı, yaşamaq haqqında düşünərdi.
Bütün bu intiharların səbəbi “get kimə istəyirsən şikayət et” ənənəsindən qaynaqlanır.
Bir sözlə, yaşadığımız ölkədə polisin, prokurorun, hakimin vəzifəsini körpülər, dənizlər, göydələnlər həyata keçirir. Vətəndaşlar polisə, məhkəməyə müraciət etməkdənsə, körpüyə müraciət etməyi üstün tutur.
Çünki, körpülər, göydələnlər vətəndaşdan “şapka”, “şirinlik” tələb etmir.
Çünki, intihar üçün üz tutulan məkanlarda süründürməçilik edilmir.
Çünki, körpülər hakimlər kimi sifarişlə qərar çıxarmır.
Çünki, körpünün sütunları haqlı adamın üzünə durub yalançı şahidlik etmir.
Çünki, körpülər ona üz tutan adamın iradəsini zorlamır. Indi körpülər, hüququn ən ədalətli varisidr.
Yəni bizim ölkəmizdə körpülər, məhkəmələrdən daha perspektivli görünür. Indi, uçurumun dibinə yuvarlanmış adamlar çıxış yolunu hündür məkanlarda axtarır.
Bəli, biz təzadlar ölkəsində yaşayırıq. Alçaldılmışların yüksəkliklərə pənah apardığı ölkədə.
Ölkədə hüquq olmayanda intihar ən qanuni əmələ çevrilə bilir.
Əslində, bu ölkədə insanlardan öncə hüququn özü intihar edib. Amma insanlardan fərqli olaraq hüquq hündür körpülərdə yox, kabinetlərdə intihar edib.
Biz isə hələ də anlamamışıq ki, hüququn intiharı “epidemiya” kimidir. Öz arxasınca ölümə aparır.
Hüququn intihar cəhdinə əngəl olmaq lazım idi.