Yaxud 1000 nəfər müxalifətçinin «pay»ı
Bizim çox maraqlı hakimiyyətimiz var. Ancaq maraqlı olduqları qədər də sadəlövhdülər. O qədər sadəlövhdülər ki, qazdıqları quyuya düşə-düşə axsaq olublar. Dünya o qədər ədalətdlidir ki, yapokratları öz “silah”ları ilə vurur. Bütün bunları yazmaqda məqsədim Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində tapılan 3 ton heroinə diqqət çəkməkdir.
Belə ki, iyulun 11-də Gürcüstan DIN mətbuat mərkəzi bildirib ki, Azərbaycandan Gürcüstan ərazi ilə gedən yük avtomobilində 93 ədəd 30 kiloqramlıq çəllək aşkarlanıb və məlum olub ki, bu çəlləklərin içində 3 ton “maye heroin” var. Indi Çindən tutmuş, Namibiyaya qədər bütün dünya mətbuatı bu xəbərdən yazır. Azərbaycan hökuməti isə narkotikanın təsirindən hələ də ayılmayıb.
Dünənə qədər müxalif fəalların cibindən narkotika tapan və həmin anda çəkisini bədahətən söyləyən hüquq mühafizə orqanları 3 ton heroindən xəbərsizdir. Belə ki, DSX məlumatı təkzib edir, DIN, MTN, Gömrük Komitəsi isə məsələyə münasibət bildirmir.
Hakimiyyətin susqunluğu və kədəri başadüşüləndir. Çünki bu 3 ton heroindən hər müxalifətçinin cibinə 3 qram atmaqla 1000 nəfər müxalifətçini şərləyib həbs etmək olardı.
Həqiqətən dünya çox ədalətlidir. Hakimiyyət Daşıqın Məlikovu, Tale Bağırzadəni, Cabbar Savalanlını, Hilal Məmmədovu, Elsəvər Mürsəllini, Rəşad Ramazanovu, Ömər Məmmədovu və digərlərini narkotika ittihamı ilə həbs edib. Ancaq heç kimi bu ittihamların həqiqiliyinə inandırmaq mümkün olmadı və məhkəmələr də ittihamların qondarma olduğunu sübut etdi. Ancaq Azərbaycandan gedən yük maşınında tapılan 3 ton heroin sübut edir ki, ən böyük narkotika istifadəçisi hakimiyyət özüdür. Və heç kim iddia edə bilməz ki, kimsə hakimiyyəti şərləyir.
Yaranmış vəziyyətdəki özünüifşa ondan ibarətdir ki, aidiyyəti orqanlar baş verənlərlə bağlı susur. Qüdrətli polisimiz qadının mədəsindən, kişinin bağırsağından, xörəyin içindən, vətəndaşın cibindən narkotika tapa bilir, ancaq yük maşınından 3 ton heroini tapa bilmir.
Yəqin hökumət susmaqla məntiqli cavab axtarır. Məntiqli cavab da belə ola bilər: “Azərbaycanın inkişafını gözü götürməyən, ermənipərəst, antimilli qüvvələr, ciblərində gəzdirdikləri narkotikanı bir yerə yığıb, hakimiyyəti pis vəziyyətdə qoymaq istəyiblər”.
Başqa “tutarlı” cavablar da fikirləşmək olar. Ancaq hakimiyyətin “bazar”ına girmək istəməzdim.
Mən səbrsizliklə Əli Həsənovun alovlu çıxışını gözləyirəm. Bildiyimiz kimi, Əli Həsənov həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir və dəfələrlə çıxışlarında bildirib ki, məmur övladlarının əksəriyyəti narkomandır. Indi gərək Əli müəllim “hallı” məmurlarla bağlı möhtəşəm açıqlama versin.
Ya da hökumət bəyan etsin ki, bundan sonra narkotikanın satışı və istifadəsi qadağan deyil. Ardınca da prezidentin “Mənim narkomanlara xüsusi hörmətim var” aforizmi plakat kimi şəhərin görkəmli yerlərindən asılsın.
Statistika Komitəsi də açıqlama versin ki, ötən il narkotika ehtiyatımız nə qədər olub, bu il nə qədər olacaq.
Belə olan təqdirdə hakimiyyət müxalifətlə bağlı planlarını dəyişməli olacaq. Yəni bu dəfə narkotika istifadəçisi olmadığına görə fəalları həbs edəcəklər. Hətta hakimiyyət qürurla deyəcək ki, ölkəmizdə qeyri-neft sektoru inkişaf edir.
Deyəsən, çox uzağa getdik. Yaxında görünənlər isə onu deməyə əsas verir ki, xalqın haldan salındığı ölkədə hallanmışlar meydan sulayır.
P.S Qeyd etdiyimiz kimi aşkar olunan narkotika “maye heroin”dir. Bəlkə də maye heroini bərk narkotika ilə əvəz etmək istəyirmişlər. Mayeni cibə atmaq olmur axı.