Lovğalıq olmasın…
Uzun fasilədən sonra ictimai nəqliyyata minmişəm. Arxa sıradakı boş yerdə oturub elliklə yol getməyin dadını çıxartmağa başladım. – “Hayıf deyil, xalqın arasında olmaq, özünü rahat və qayğısız, hətta xoşbəxt hiss eləyirsən”, deyə düşünürdüm ki, orta yerlərdən bir gəlin sürücüyə dedi:
– Qabaqda saxlayarsan, dayı…
Sürücü razılıq əlaməti olaraq başını tərpədib sürəti azalda-azalda yola davam eləyəndə həmin gəlin yerindən qalxıb qışqırdı:
– Demədim qabaqda saxlayarsan, a kişi?
“Dayı-kişi” tormozu basır, “RAF” silkələnir, adamlar bir-biriylə yazıçılar demiş, qəfil sıx təmasa girirlər. Hər tərəfdən narazı, qəzəbli səslər gəlir:
– Yekə kişisən, heç utanmırsan? Camaatdı bu, kartof deyil, a kolxoz! Sürücüyə bax!.. Adamın bir şüuru olar…
“Dayı-kişi-adam” sürücü birdən yumruğunu siqnala necə çırpırsa, hamı səsini xırp kəsir. Araya çökən ani sükutdan sonra “dayı-kişi-adam” sürücü yanpörtü çevrilib üzünü salona tutur:
– Qarğa kimi nə qırıldaşırsınız, a millət? Bir baxın görüm bu bildirişdə nə yazılıb? Park 20 qəpik, asfaltzavod 40 qəpik, qalan yerlər də o cümlədən, eləmi? Indi mənə cavab verin, burda “qabaq 50 qəpik” və yaxud “dal 30 qəpik” deyə bir şey varmı? Yoxdur! Onda mən hardan bilim ki, kimin qabağı haradır, kimin dalı hara? Indi nə deyirsiniz, sizin şüurunuz oldu da, mənim şüurum olmadı?
Yalnız üslub düzəlişləri edilmiş adi həyat hekayəsidir. Bəlkə də bu hadisənin aşağıdakı mətləbə aidiyyəti azdır, amma hər halda düşünürəm ki, bizə ümummilli vətəndaş şüuru lazımdır. Hərçənd deyəcəksiniz ki, bunca dərdin-sərin qabağında bircə şüur məsələsi çatmırdı!
***
Bu ölkədə sadəcə yaşamaq uğrunda savaş gedir. Bu savaşda sıradan bir kasıb, işsiz, bu iki səbəb üzündən bədbin və zəif adamlar orta səviyyədən də aşağı dolanışığa görə çox şey itirirlər. Cəfər Cabbarlının “Şüurda inqilab!” şüarı yadınızdadırmı? O vaxtdan təxminən yüz il keçib, çar Rusyasından, SSRI-dən üzü bəri ölkədə müxtəlif inqilablar yaşandı. Amma böyük ədibin arzuladığı mənəvi şüur inqilabı baş vermədi. Hətta Azərbaycanın müstəqilliyi belə, bu arzunu gerçəkləşdirə bilmədi. Əvəzində inqilab mənəvi şüurumuzdan yan keçərək tam şəkildə milli məişətimizə daxil oldu.
Bu gün ölkədə hətta yoxsulluq həddindəki təbəqə kütləvi informasiya vasitələrindən xəbərdardır, mobil telefon daşıyıcısıdır və internetlə təmasa girə bilir. Lakin həqiqi mənada müstəqil və firavan yaşayan xalqların bu günə hansı yollarla çatdıqları kimsəni düşündürmür. Əhalinin bir hissəsi düçar olduğu ağır güzarandan özünə qapılıb, digər hissə virtual məkanda gözünün qurdunu öldürməklə təzəlli tapır. Məscidlərə üz tutub ölmədən xəyallarındakı o biri dünyaya qovuşanlar da var.
Müstəqil və azad şəkildə ölkəni çalıb-talayan harın təbəqə isə elmi-texniki inqilabın lap baş ucunda oturub haram sərvətlər hesabına şəxsi təyyarələrdə gəzir. Lakin sərhədsiz imkanlarıyla dünyanı gəzən həmin sərsərilərin şüur səviyyəsi məzlumun balalarını gözü yaşlı qoyan xudayar bəylərdən, pristavın arvadının qarşısında baş əyib, “nə qədər canım sağdı, sənə mən nökərəm, ay xanım” deyə yalmanan qurbanəli bəylərdən bircə dırnaq fərqlənmir. Necə ki, yoxsul zümrənin novruzəlilələri, usta zeynalları, məmmədhəsən əmiləri də eləcə sadəlöhv, avam, fağır qalıblar. Əlbəttə, ikisi eyni şey deyil, amma biz özümüz eyni şeyik axı…
Heç vaxt siyasətdən yazmaq iddiasında olmamışam. Çünki siyasət mənim xörəyim deyil. Bəs onda nətər olur ki, bu xörək zornan mənim qulpusınıq, kasıb qazanıma girib, illah ki, mənim çömçəmə ilişir? Niyəmi? Xatırlatmaq kimi olmasın, bizim dolanışığımız bərbad gündə deyilmi? Yəni bir loxma çörəyimizi daşdan qopardıb, həyatımızın digər tələbat və arzularından vaz keçməmişikmi? Belə olan halda adamın ağlına: – “Əcaba nətər olur ki, ölkəmizin yuxarısının yediyi qabağında, yemədiyi dalındadır, biz isə başımıza tökməyə bir qab qara mazut da tapmırıq” kimi cürbəcür fikirlər gəlir. Indi gördünüzmü, istər-istəməz, qeyri-şüuri bütün bu mətləblərin, fikirlərin axırı gedib siyasətə calanır?
Onda bəs biz nə edək? Hər şeyə rəğmən şüurlu, möhtəşəm xalq kimi düşünüb-daşınıb vəziyyətdən çıxa bilmərikmi? Çıxarıq! Amma əsas səbəbkarlar ətrafda əmin-arxayın şelləndikləri halda bir-birimizi didməkdən vaz keçə bilmirik… Üstəlik, beynimizə əziyyət verib bu klassik xəstəlikdən qurtulmaq barədə düşünmürük də. Çünki düşüncə dediyimiz şüurdan qidalanır.
Nə deyirsiz, şüur barədə düşünməyə və yaxud düşünməyə qədər şüurlanmağa dəyərmi?..