Yəqin ki, çoxlarınız “Bizim Cəbiş müəllim” filmindəki bazar səhnəsini xatırlayırsınız. Alverçi Əbülfəz bazarda komendatura əsgərlərinin ona yaxınlaşdığını görən kimi satdığı hinduşkanı özündən kənarlaşdırmağa çalışır. Səhv etmirəmsə, o, əsgərləri inandıra bilir. Çünki müharibə dövründə hinduşkadan imtina etmək hər oğulun işi deyildi. Insanlar bir parça çörəyə möhtac idi. Bunun üçün həmin şəxsin ən azı on hinduşka ehtiyatı olmalı idi ki, bu cəsarətli addımı ata bilsin.
Ismayıllı hadisələri zamanı rayonun icra başçısı Nizami Ələkbərov da təxminən “Bizim Cəbiş müəllim” filmindəki Əbülfəzin vəziyyətinə düşmüşdü. Ondan yandırılmış “Çıraq” hotelinin kimə məxsusluğu haqda verilən suala cavabını bir daha xatırlatmaq istəyirəm. O, ilk variantda(!) yanmış binaya baxaraq, sanki birinci dəfədir görürmüş kimi, sahibini tanımadığını(!) özünəməxsus şəkildə bildirsə də, hoteli yandırılan məmura çox bənzəyirdi. Kədər, təəssüf, heyrət… hamısı yerində idi.
Aradan 70 ilə yaxın keçməsinə baxmayaraq, səhnə eyni səhnə idi. Fərq yalnız hüdnuşka və hoteldə idi…
Nəzərinizə çatdırım ki, o vaxt Hitler Almaniyası ölkənin bir hissəsini işğal etmişdi. Yəni SSRI adlanan ölkə təxminən bizim günümüzdəydi. Xatırlatmağı özümə borc bilirəm ki, bu gün də Ermənistan ərazilərimizin nə az, nə çox, düz 25 faizə qədərini işğal edib. Özü də bu il işğalın 22-ci ili tamam olacaq.
Qəribə təzaddır deyilmi? Iqtidar müharibə şəraitində yaşadığımızı hər fürsətdə bizə xatırladır, “yeri gələndə” erməni dəyirmanına su tökənləri axtarıb “tapır”, amma müharibə şəraitində min manata qədər maaşı olan məmurlardan dəyəri milyonlarla ölçülən mülkləri necə əldə etməsini “öyrənə bilmir”.
Hazırda qəribə bir tendensiya yaranıb, hansısa bir obyektində olay çıxan kimi, məmur heç fikirləşmədən ondan imtina edir.
Növbəti “yetim” möhtəşəm “Anatoliya” hoteli oldu. Sahibi tapılmır ki, tapılmır. Norveç voleybolçularının gəlişinə qədər hamı bu hotelin nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus olduğunu güman edirdi. Ən azı ölkəyə gələn bütün voleybolçuların həmin hoteldə qalması buna əyani sübut idi. Bildiyimiz kimi, hər nazir eyni zamanda bir idman növü üzrə federasiya prezidentidir. Ziya Məmmədova da voleybol, yəni xaricdən hüdürboy, cazibədar voleybolçu qadınları alıb gətirib Azərbaycanda oynatmaq işinə baxır.
Niyə məhz qadınları? Məsələ ondadır ki, biz yalnız voleybol oynayanlara(!) baxırıq. Fikrimcə, burada Ziya müəllim xalqın yoğun istəyini və mentalitet amilini nəzərə alaraq, yalnız zərif cinsin nümayəndələrinə üstünlük verir. Nə isə… qayıdaq hotel məsələsinə.
Mən “Azərbaycanda hoteli olmayan nazir varmı” sualının cavabını siz oxuculara buraxıram. Mənimçün maraqlı olan məmurların hansısa olaydan sonra hoteldən, restorandan, istirahət və ticarət mərkəzlərindən asanlıqla imtina etməsidir. Yəni məmurun, nazirin nə qədər var-dövləti olmalıdır ki, dəyəri milyonlarla ölçülən mülkdən imtina etsin.
Əlbəttə, bunlar sadə xalqa hesablanmış bir gedişdir, əslində heç kim imtina etmir. Sabah “Delfin” hoteldə bir olay çıxsın, deyəcəklər ki, bu hotel də başqasınındır.
Bu yazını yazmaqda məqsədim heç də xalqdan oğurlanan pullar hesabına əldə edilən sərvətləri sadalamaq deyil. Başlıcası “ölkə müharibə şəraitindədir”, “Qarabağ boyda dərdimiz var” deyən iqtidarın vəziyyətdən sui-istifadə etməsidir.
Tarixdə müharibədən yararlanaraq varlananlar çox olub. Kimi müharibə aparan ölkələrə silah-sursat satıb, kimi ərzaq satıb, bir sözlə, onların düşdüyü çətin vəziyyətdən bəhrələnib. Bir ölkə digərindən, bir xalq o birindən qazanıb. Rus ərəbin, ingilis fransızın, italyan almanın düşdüyü vəziyyətə görə hərəkət edib.
Lakin tarixdə bu vaxtadək eyni millətdən olanların, ciblərində eyni dövlətin pasportunu daşıyanların bu məsələdən sui-istifadəsinə, demək olar, rast gəlinməyib.
Kədərlidir, deyilmi?