Çiçəyi burnunda xalq artisti Rafiq Hüseynovun (Rəmiş) 7-8 il bundan qabaq Moskva şəhərində erməni dilində mahnı oxuması birmənalı qarşılanmadı. Bu, əslən işğal altında olan Ağdamda doğulmuş, rayonun az qala canlı əfsanəsinə çevrilmiş bir sənət adamı üçün təlafisi çox zor bir hərəkətdir. Fikrimcə, ustad sənətkar kimlərisə günahlandırmaq əvəzinə ən azı “tut ağacı”na görə xalqdan üzr istəməli, məclisdə iştirak edən tanınmış məmurların və sənət adamlarının adını açıqlamalıdır. Fikir verdinizsə, Rəmiş mahnı oxuyan zaman onun oturduğu masa, demək olar, boşalmışdı. Odur ki, “torba”dan danışan Rəmiş haqlıdır. Gitaraçı orda tək deyildi. “Torba”nı da, fikrimcə, ermənilər yox, azərbaycanlılar tikiblər. Masanın boşalması, obrazlı desək… Yuli Sezara edilən sui-qəsd səhnəsinə(!) oxşayırdı. Bu haqda necə deyərlər, az sonra…
Əslində bu yazını yazmaqda məqsədim hakimiyyətin “erməni dəyirmanı” kartı ilə bağlı mövzuya bir daha və fərqli şəkildə müraciət etməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində erməni dilində mahnı oxumağa, erməni ilə qohum olmağa, anası, gəlini erməni olmağa, nəhayət erməni ilə bir tədbirdə iştirak etməyə görə cəza nəzərdə tutulan maddə yoxdur. Əgər belə bir maddə olsaydı, hazırda cəzaçəkmə müəssisələrində yalnız bu maddə ilə yatanların sayı təxminən 100 min nəfəri keçərdi. Özü də bu məhbusların bəziləri yüksək vəzifəli məmurlar, millət vəkilləri(!), diplomatlar(!), elm və mədəniyyət xadimləri olardı.
Azərbaycan kiçik ölkədir, burada cidanı çuvalda gizlətmək olmaz, demək olar, anası, gəlini, həyat yoldaşı erməni olan yüksək vəzifəliləri hər kəs tanıyır. Onları, eləcə də bizə məlum olmayanları da şanlı MTN yaxşı tanıyır. Çox güman ki, Rəmişin iştirak etdiyi məclis də belə qarışıqların Moskvada baş tutmuş şad günlərindən biri imiş. Rəmiş də baxıb görür ki, azərbaycanlı məmur erməni xalası oğlu, dayısı ilə qolboyun oynayır, türklər demiş “həsrət giderir”, fikirləşir ki, bir də qarışıq bir mahnı oxuyum, qoy tam xoşbəxt olsunlar. Fikir verirsinizsə, mahnını tam sərbəst, çəkinmədən oxuyur. Yəqin fikirləşib ki, məclisdə iştirak edən yüksək vəzifəli azərbaycanlı məmurlar, əməkdar və xalq artistləri dura-dura kimsə onu ittiham edə bilməz.
Yəqin siz də eşitmisiniz, manısların əksəriyyəti televiziyadan hər fürsətdə Rusiyaya, eləcə xaricə toy məclislərinə aparıldıqlarını xüsusu vurğulayırlar. Soydaşlarımızın məlum məqsədlərlə övladlarına niyə xaricdə toy etməsinin səbəbi hamıya məlumdur. 40 ildən çoxdur ki, xaricdə yaşayanların başqa çarəsi yoxdur. Bu öz yerində… Amma elə qürbət toyları da var ki, orada Ermənistan və Azərbaycandan olan qohumlar toplaşır. Əlbəttə, imkanlıları… Yüksək qonorar müqabilində özləri ilə də zövqlərinə uyğun(!) musiqiçilər aparırlar.
Yəqin ki, son on beş ildə bəzi manısların xalq artisti, əməkdar artist adı almasına bizimlə birlikdə siz də təəccüblənmisiniz. Bax, həmin manıslara məmurların bəzən qonorar əvəzinə fəxri ad verdirməsi artıq faktdır. Bu manıs və manısələrin bir başqa şakəri də var, onlar heç vaxt “qabaqlarından yemirlər”, şou proqramlarında kimlərisə asıb-kəsməklə, daima kiməsə nəyisə “yedirtməklə” məşğuldurlar. Zarafat deyil axı, onlar iri məmurların sirlərini daşıyırlar. Toyun zibilinə düşmüş məmurlar onlara arxadır. Bu haqda bu qədər…
…Gələk əsas məsələyə, yəni “erməni dəyirmanına”…
Bu haqda çox yazılıb, odur ki, nəsə əlavə etmək çox çətindir. Məsələn, Rəmiş müxalifətçi, yaxud da fərqli düşünən biri olsaydı, hazırda Kürdəxanıda idi. Özünüz düşünün, hakimiyyət Rauf Mirqədirovu yalnız ona görə həbs etdi ki, o, ermənilərlə bir konfransda iştirak etmişdi. Onun tədbirdəki çıxışının ideyası belə idi ki, ermənilər öz ağlasığmaz əməllərindən əl çəksələr, onlarla Qarabağda yenidən birgə yaşamaq mümkündür. Əslində bu, Azərbaycan iqtidarının 20 ildir ki, ortaya qoyduğu mövqedir və prezident Ilham Əliyev dəfələrlə çeşidli mötəbər məclislərdə Qarabağ ermənilərinə ən yüksək status verilməsinə etiraz etmədiyini deyib. Problem yalnız ondadır ki…
“Erməni dəyirmanı” və “ermənipərəstliyi” əlində bayraq edən rejim var gücü ilə görüntü yaradır ki, aşağılardan “erməni-azərbaycanlı” yaxınlaşması mümkün deyil. Rəmişin mahnısı ilə sübut olundu ki, yuxarıdan yaxınlaşmada heç bir problem yoxdur.
Məsələ əslində bu qədər bəsitdir…