…Bir illik AXC hakimiyyəti və onun mənəvi varisi olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı dözümsüzlük və qərəz düz 20 ildir ki, səngimir. Amansız təqiblər, terror, təhqir və böhtan kampaniyalara baxmayaraq, cəmiyyət mərhum Əbülfəz Elçibəyi milli-azadlıq hərəkatının lideri, AXCP-ni isə hakimiyyətin bir nömrəli opponenti kimi qəbul edir.
Məhz bu səbəbdən hakimiyyətə yarınmağın ən qısa, loru dildə desək, kəsə yolu bu iki subyektə qarşı ağlasığmaz iddialar irəli sürmək, onlara heç bir etik çərçivəyə sığmayan üsullarla böhtan atmaqdır. Bu tendensiya bir növ siyasi salavata, tövbəyə, nəhayət öz şəxsiyyətini bazara çıxarmağa (ifadəmə görə oxuculardan üzr istəyirəm – X.Ə.) çevrilib. Xalq arasında hörməti olmayan deputat, (guya hörməti olan varmış – X.Ə.) bazarı, özəl saunası, qəbirstanlığı olan məmurlar, cızma-qarası oxunmayanlar, bir sözlə, istedadsız və başqa perspektivi olmayan böyük və əlacsız ordu…
Daha kimlər yoxdur bu siyahıda… Yeri gəlmişkən, vacib bir məqamı qeyd etmək yerinə düşərdi. Yəqin siz də fərqindəsiniz ki, bu gün hakimiyyətdə təmsil olunan böyük bir məmur ordusu, onlarla deputat, eləcə də 10-dan çox oyuncaq müxalifət partiyası liderləri Əbülfəz Elçibəyin keçmiş “silahdaş”larıdır. Fəzail Ağamalı, Çingiz Qəniyev, Yunus Oğuz (soyad Elçibəydən qalmadır – X.Ə.), Fazil Qəzənfəroğlu, Hidayət Orucov… Siyahını uzatmaq olar, özü də bu siyahıya o zaman Qüdrət Həsənquliyev kiçik əhəmiyyətli vəzifəliləri aid etməməklə…
…Bu yazıların əksəriyyətində şüurlu olaraq ömrünün bir hissəsini demokratiya uğrunda mücadiləyə həsr etmiş insanları aşağılamaq, ən yaxşı halda onları aldadılmış, sadəlövh adlandırmaq “vacib şərt” hesab olunur.
Uğursuz bir yazıçının(?), çızma-qarası onanizmlə başlayıb, elə mazoxizmlə(!) də qurtaran birisinin bu yaxınlarda oxşar mövzuda bir yazısını oxudum. Adam bütün uğursuzluqların məhz AXC-nin birillik hakimiyyətinə bağlayır. Halbuki, həmin dövrdə uşaq olub, olsa-olsa orta məktəbin beşinci, yaxud da altıncı sinfində oxuyub. Sonrakı illər isə, Əliyevlər hakimiyyəti dövrünə təsadüf edir. Yəni anlayacağınız on iki yaşlı uşaq yaddaşı ilə o illərə, ardından da müxalifətə qarşı iyrənc iddialarla hücuma keçir. Yəni bu adama görə, mən xəstəyəm və hansı yolla getdiyimin fərqində deyiləm. Iqtidara reverans edib, imtiyazlar qoparmaq, əqidəni pula satmaq, ağlımdan belə keçmir, çünki yuxarıda qeyd etdiyim kimi, bu məxluqa görə mən xəstəyəm, belə şeyləri düşünə bilmərəm.
Əksinə, mən başqa şeylər haqqında düşünürəm. Düşünürəm ki, bu bədbəxt yazıçı yox, yaxşı qaynaqçı, mühasib, bir sözlə, öz sahəsini yaxşı bilən bir vətəndaş kimi yetişə bilərdi. Və axmaq-axmaq şeylər də yazmazdı, siyasətə də qarışmazdı. Onu “yazıçı” edən də, gələcəkdə yaranacaq sivil, demokratik cəmiyyətdə öz yeri haqqında qara-qara düşünməyə vadar edən də Əliyevlər rejimidir. Adını çəkməyi rəva bilmədiyim bir yazıçı var idi, gic-gic, açıq-saçıq(!) romanlar yazırdı. Əsərinin(!) qəhrəmanı olan azərbaycanlı qızını o xaricinin yatağından bu xaricinin yatağına sürüyürdü… Indi yazmır, bilirsiniz niyə? Çünki o hazırda demokratik bir ölkədə yaşayır, orada belə şeylərə çox pis baxırlar. Orada dahi olmaya-olmaya özünü dahi kimi göstərəndə adamı ya dəlixanaya göndərirlər, ya da geriyə – Azərbaycana…
Mən o fikirdə deyiləm ki, AXC hakimiyyətini tənqid etmək olmaz, olar, əlbəttə. Və lazımdır. Amma tənqidlə təhqir, böhtan başqa-başqa şeylərdir. Bəli, AXC hakimiyyəti müharibə aparsa da, demokratiyadan taviz vermədi. Məhz elə bu səbəbdən Əliyevlər ağlasığmaz vədlər verərək, hakimiyyətə gəldi. Söhbət… bir neçə ayın ərzində Xankəndində Azərbaycan bayrağının dalğalanmasından gedirdi.
…Cəsarət edib, qeyd etməyi də özümə borc bilirəm ki, hətta mərhum Əbülfəz Elçibəy 1992-ci ildə prezident seçilməyə bilərdi. Çünki başqa bir namizəd – Nizami Süleymanov bəyan edirdi ki, iki ixtiram və biyan kökünü satmaqla Azərbaycan xalqını xoşbəxt edəcəm. Xatirinizdədirsə, o, xalqın bir hissəsini qısa müddət ərzində bu üç şeydən gələn gəlirin 19 milyarda çatacağına inandırmağa müvəffəq(!) olmuşdu. Kifayət qədər səs topladı. Xalqın böyük bir hissəsi kasıbçılığın daşını mümkün qədər tez atmaq istəyirdi…
Xalq indi nə istəyir? Cəsarətiniz varsa, bu istəkdən yazın…