El arasında “kəsə yol” deyilən bir ifadə yəqin ki, hamınıza tanışdır. Adətən, əsas yola, yaxud da mənzil başına nabələdlərdən tez çatmaq üçün kəsə yolu bilmək çox vacibdir. Bakıda buna dalan yolu deyirlər, bu yolu paytaxtda doğulub, boya-başa çatan taksi sürücüləri daha yaxşı bilirlər.
Əyalətdə isə vəziyyət bira az başqa cürdür. Daha aydın olsun deyə yadınıza unudulmaz “Tütək səsi” filmindən bir səhnəni yadınınıza salmaq istəyirəm. Filmin qəhrəmanlarından biri, kənd ağsaqqalı Isfəndiyar kişi, kəndə gedən naməlum əsgərin kimliyi haqqında mühakimə yürüdür və onun özgə olmadığı qənaətinə gəlir. Onun əsas arqumenti o olur ki, nabələd adam, kənd sakinlərinin istifadə etdiyi kəsə yolu tanıya bilməz. Digər bir məşhur filmdə deyildiyi kimi, “dəmir məntiqdir” deyilmi?..
Istər şəhərdəki dalan yollarının, istərsə kənddəki kəsə yolların başlanğıc istiqaməti çox vaxt mənzil başına nisbətən əks istiqamətdə olur və bu üzdən nabələd adam ağrımayan başına dəsmal bağlamaq istəmir…
Coğrafiyada olduğu kimi, siyasətdə də müxtəlif yollar, o cümlədən, kəsə yollar da mövcuddur. Özü də yuxarıda bəhs etdiyimiz həqiqi yollara çox bənzəyir. Mexanizm hər iksində eynidir.
…Razılaşın ki, nə qədər savadlı, interaktiv əqlə sahib olsan da qısa müddət ərzində ürəyindən keçən vəzifəni, layiq olduğun qiyməti bu hakimiyyət sənə verməyəcək. Hətta məlum regiondan olsan belə, yüksək vəzifəli qohumun, yaxud himayədarın yoxdursa, həyat yoldaşın da ömrünün axırınadək dəmiryolunda fəhlə işləmiş dayın qızıdırsa, məsələ qəlizdir.
YAP-a üzv olub, karyera qurmağın da iynə ilə gor qazmaqdan betər olması da danılmaz həqiqətdir. Varislik prinsipi ilə idarə olunan ölkədə heç bir məmur ata oğlunu qoyub sənə üstünlük verməz. O öz avtoş, əhlikef oğlunu öz yerinə hazırlayır. Götürək elə bu dünənədək gündəmi zəbt etmiş Elton-Aynar Məmmədovlar vaqieəsini. Oğul Aynar həm ölkə avtoşlarının başçısı, həm də Milli Məclis aparatının məsul işçisi çıxdı. Atası, eləcə də nazir əmisi ona toz belə qondurmadı, ondan yazan qəzet və saytlar hazırda bu “davadan” məmnun(!) kimi görünürlər…
Rəqabətin mümkün olmadığı bir şəraitdə “kəsə yol” variantı işə düşür və nəyin bahasına olursa-olsun, iqtidar süfrəsinə yaxınlaşmaq istəyən şəxs üz tutur müxalif cəbhəyə…
Burada əsas prinsip, ölkə başçısı Ilham Əliyevi birbaşa tənqid etməməkdir. Ölkədəki xaos, rüşvət, “bespredel” isə iri məmurların ayağına yazılır. Müəyyən mərhələdən sonra artıq müxalif cəbhənin ağır topuna çevrilmiş ziyalı, başqa cür desək, iqtidar süfrəsinə gedən kəsə yolu barmağının içi kimi tanıyan naxələf… başlayır, müxalifətdən gileylənməyə. Kobud da olsa deyəcəm, bu başqa kişiyə öz ərindən narazılıq edən qadının naz mesajıdır. Ilk mesaj hər iki halda təxminən bu cür səslənir – “ikiniz də bir bezin qırağısınız”.
Beləliklə, bezin o biri qırağı, yəni iqtidar hərəkətə keçir və ardından bazarlıq başlayır.
Və dünənin müxalifi üçün keçid dövrünə, yəni müxalifətlə ipləri qırma, başqa sözlə desək, müxalifət liderlərini qaralama kampaniyasna mərhələsinə start verilir. Paralel olaraq, ölkədəki müsbət “iş”lərdən, “inkişafdan” danışmaq da vacibdir.
Rejim üçün ən başlıca olanı insanların ümidsizliyə qapılmasıdır. Dünənə qədər yüzlərlə, minlərlə insanın pərəstiş etdiyi dönməz, əqidəli insan bu gün dediklərinin arxasından qaçır, müxalifəti qınayır…
Bəzən iqtidar o qədər məst olur ki, hətta YAP-ın “halal” mandatlarından birini alıb ona verir, deyir kef elə… Milli Məclisin bugünkü tərkibində təxminən 10-a yaxın beləsi var.
Qalanların da hərəsi bir “işin” qulpundan yapışıblar. Kimisi hüquq müdafiəçisidir, kimisi QHT fırladır, əlqərəz, hamısı üçün lazımi şərait yaradılıb. Çox az qismini isə “birdəfəlik şpris” kimi istifadə edib tullayıblar. Nisyə məsələsi…
Sivil ölkələrdə siyasi oriyentasiyanı dəyişmək o qədər də qəbahət sayılmır. Bu ölkələrdə siyasi proseslər gedir, azad demokratik seçkilər vasitəsi ilə iqtidar dəyişir, parlamentlər yenilənir, şəhərlərə müxalif bələdiyyə başqanları seçilir və s.
Hər keçən ilə şükür etdiyimiz Azərbaycanda amansız mərhumiyyətlərə məruz qalan müxalifəti şərləyib, sonra nəsə ummaq doğrudan da kişilikdən deyil.
Axı biz sizə necə “yaxşı yol” deyə bilərik? Özünüz düşünün…