Mərhum Heydər Əliyevin heykəlini Meksikanın paytaxtı Mexikodan niyə götürdülər, bilirsinizmi?
O meydan meksikalılar üçün müqəddəs idi, orada müstəqillik və qurtuluş savaşında uf demədən canlarından keçmişlərin ruhu dolaşırdı. Obrazlı desək, ora azad Meksikanın Kəbəsi, Məkkəsi idi. 1847-ci ildə Çapultepek qalası uğrunda gedən şiddətli döyüşlərdə 6 yeniyetmə kadet düşmənə əsir düşməmək üçün özlərini hündür qala divarlarından yerə ataraq şəhid olublar. Onların şərəfinə ucaldılan əzəmətli “Altı sütun – altı şəhid” abidəsi bu parkda yerləşir. Məhz orada, Qurtuluş meydanı – Çapultekdə ölkəsini diktatura qanunları ilə idarə edən bir hakimiyyətin öndərinə yer ola bilməzdi və meksikalılar vaxt itirmədən səhvlərini düzəltdilər.
Bir daha oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm ki, Heydər Əliyevin demontaj edilmiş abidəsindən bir az aralıda, Tlaksoak (hazırda xiyaban xocalılıların şərəfinə adlanır – X.Ə.) xiyabanında, Xocalıda erməni-rus işğalçısının süngüsünə keçirilmiş ana və onun körpəsinın anasına abidə ucaldılıb. Və Meksika Senatı bununla kifayətlənməyərək, rəsmi olaraq, Xocalı soyqırımını da tanıyıb.ÿYAP ideoloqlarının nəzərinə bir daha çatdırım ki, bu zaman erməni lobbisi(!) heç cınqırını da çıxartmayıb…
Bəli, əziz oxucu, hər bir xalq, dövlət üçün müqəddəs tarixi günlər mövcuddur. Həmin günlərdə xalq öz iradəsini ortaya qoyaraq, “ölüm ya olum” savaşına girir. Ya qalib gəlir, ya da məğlub olur. Hər iki halda bu hadisə tarixə çevrilir. Belə günlərdə bayram və anım, sevinclə hüzn bir-birinə qarışır, xalq meydanlara və xiyabanlara üz tutur…
Xalqımızın da belə bayramları və anım günləri var – 20 Yanvar, 26 Fevral, 17 Noyabr, 28 May və s.
Mən bu il 28 May münasibəti ilə Space TV-nin hazırladığı 3 dəqiqəlik süjetə baxdım. Şərqdə ilk müstəqillik bayrağını dalğalandıran şərəfli babalarımızın heç birinin nə adı çəkildi, nə də üstüörtülü şəkildə buna eyham edildi. 3 dəqiqənin 2 dəqiqə 40 saniyəsi… indiki hakimiyyətə(!) həsr olundu… Mən ona görə Space TV-ni misal gətirdim ki, başqa kanallarda vəziyyət daha eybəcər idi….
Nə isə gələk 15 iyuna, yəni Heydər Əliyevin Milli Məclisə sədr seçilməsi tarixinə. Bilmirəm, qəsdənmi, ya bilməzlikdənmi, “Səs” qəzeti başda olmaqla əksər iqtidar mətbu orqanlarında bunu bayram kimi yox, bayrama həsr olunmuş “mərasim” kimi təqdim etdilər, hətta onlar bu günün kədərini ata bilmədilər…
Bizə “Qurtuluş günü” kimi sırımağa cəhd etdikləri gün əslində 4 iyun çevrilişinin davamı idi. Azərbaycan bu zaman rus ordusunun himayə etdiyi Ermənistanla müharibə edirdi. Düşmən sözün əsl mənasında küncə sıxışdırılmışdı, müharibənin şərtləri Azərbaycan tərəfindən diktə edilirdi. Xalqımız tam qələbə istəyirdi və etiraf edək ki, Heydər Əliyevin qayıdışının da bu istiqamətdə faydalı olacağını düşünənlər də var idi. Əliyev tərəfdarlarının da yeganə “parolu” Qarabağ idi, deyirdilər biz tam qələbə üçün gəlirik. Sonradan “unudulan” – “Pencəyimi çiynimə alıb Xankəndinə gedərəm” sloqanının kimə aid olduğunu yəqin ki, xatırlatmağa ehtiyac yoxdur…
Heydər Əliyev yaranmış stiuasiyadan məharətlə istifadə etdi və dedi ki, “Qarabağı almağa gəlirəm, yolumdan çəkilin”. Çəkildilər.
…Bir neçə aydan sonra isə, o, işğal olunmuş 6 rayondan didərgin düşənlərin pişvazına çıxdı və əlində kiçik bağlama qoca qaçqından “niyə Vətəni qoyub qaçdın?” deyə soruşdu.
Müdrik qoca da söz altında qalmadı: “Sizi gözləyirdik, ermənilər gəldi, cənab prezident!”, dedi…
Bu “qurtuluş”un bədəlini Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan ilə ödəsəydik, nə dərdimiz var idi. Əliyevlərin kağız üzərindəki bəyanatlarını gec-tez xalq tərəfindən seçilmiş iqtidarın əməlləri əvəz edəcək…
Bu “qurtuluş” Azərbaycanı bir əsr geriyə atdı. Iliyə qədər işləmiş korrupsiya və rüşvətxorluq, bərbad təhsil, təhlükəli səhiyyə sistemi, milyonlarla soydaşımızın bir parça çörək dalınca yad ellərə üz tutması daha dəhşətli faciədir…
Bu həm də Ilham Əliyev və komandasının faciəsidir. Sübut olundu ki, diktaturaların tarixdən silinməsi ssenariləridə “əmioğlu-dayıoğlu” məsələsi yoxdur. Diktatorların ən arxayın vaxtlarında, “yatmış şir”, yəni “dözümlü xalq” oyanır və şikarının üzərinə gedir. Qaça bilən qaçır, bilməyən isə…
Tarixdə məhz belə günlər Qurtuluş günü kimi qalır.