Təxminən 10 il bundan əvvəl Ilham Əliyev Azərbaycanın Yeni Ensiklopodiyasının müzakirəsi zamanı eyniadlı nəşriyyatın direktoru və müəlliflərdən biri olan Ismayıl Vəliyevi iclasdan qovdu. Professorun yeganə “günahı” 70-80-ci illəri “durğunluq dövrü” adlandırması idi. Ilham Əliyev onun sözünü kəsərək, həmin illəri “qızıl dövr” adlandırdı. Çəkdiyi əməyə görə əlahəzrətdən təşəkkür gözləyən professorun qələmi cəmi iki dəqiqə ərzində qırıldı. O gündən “durğunluq dövrü” rejim rəsmilərinin, eləcə də hakimiyyətdən vəzifə, mənsəb uman bir sürü məddahın qulağına sırğa kimi bərkidi…
Razılaşın ki, Ilham Əliyevə sədaqətli olduğunu daima vurğulayan deputatın, iqtidar rəsmisinin bu boyda həngamədən sonra qalxıb da, həmin dövrü aşağılaması bu günə qədər qeyri-mümkün, anormal hal, qeyri-adi cəsarət hesab oluna bilərdi. Yəni imkansız bir şey idi. Lakin…
Əliyevlərə bağlı olan deputat (olmayan varmı? – X.Ə.), jurnalist Etibar Hüseynov bunu bacardı. O, ANS telekanalında “alya Jirinovski” stilində Ilham Əliyevin qızıl dövr adlandırdığı 70-80-ci illəri ələ salaraq dedi ki, həmin illərdə Azərbaycan kəndlərinin çoxunda radio-televiziya, mədəniyyət evləri yox imiş, insanlar ayaqyalın gəzirmiş.
Mən bilə-bilə tənqid yazmadım, çünki bir müxalif yazar kimi, mən də həmin dövrdən yazmışam, amma bu dövrü aşağılamaq, təhqir etmək ağlıma belə gəlməyib. Çünki pisi-yaxşısı ilə həmin illəri yaşamışıq və “uje” həmin illərin həsrətini çəkməyə başlayırıq. Bu səbəbdən mən o illərə ehtiyatla və reallıq hissini itirmədən yanaşıram.
Bu dövrdə Azərbaycan kəndlərində radio-televiziyanın, mədəniyyət evlərinin olmadığını iddia edənlərin müxalifini qərəzli, iqtidara bağlı olanını isə çəkinmədən nankor adlandırmaq olar.
Etibar Hüseynovun dediklərinin əksinə olaraq, həmin illərdə ən ucqar kənddə belə mədəniyyət evi, klub, evlərdə radio-televiziya, ən əsası məktəb var idi. Klublarda, demək olar, hər gün film nümayiş etdirilirdi. Bakıda nümayiş etdirilən yeni film uzağı 3 gündən sonra kəndimizdə olurdu. Mənim də uşaqlığım Azərbaycanın ən ucqar kəndində keçib. Ailəmiz 8 nəfərdən ibarət idi, yeganə işləyən atam idi. Lakin mən gözümü açandan evimizdə radio da olub, televizor da. Maqnitofonu xatırlayıram, çünki atam onu mənim israrımla aldı. Ayaqqabımız (!) da var idi, orta məktəbdə (!) də oxuyurduq. Atam müəllim işləyirdi, ayda 180 manat alırdı. Ali məktəbə qəbulda rüşvət olsa da, biliklə də qəbul olmaq mümkün idi. Oxuduğum Bakı Dövlət Universitetinin tarix fakültəsində isə 75 nəfərlik “patok”un yalnız… 7 nəfəri bakılı idi, qalanı Azərbaycanın kənd rayonlarından idi.
Təkcə bizim kənddən Bakıdakı ali məktəblərə hər il orta hesabla 15-20 nəfər qəbul olurdu. Bunu danmaq Heydər Əliyevə, eləcə də o illərə döğrudan da ədalətsizlik olardı. Başqa respublikalara nisbətən kölə kimi yaşasaq da, az da olsa bəhrələnmək mümkün idi…
Məqsədim Etibar Hüseynova qarşı hakimiyyətdə qıcıq yaratmaq deyil, çünki orada nə qədər etibar hüseynovlar olsa, bizim üçün yaxşıdır, onlar hakimiyyətin iç üzünü açmaqda biz müxalif yazarlara “əvəzsiz xidmət” göstərirlər.
Fikir verdinizsə, bu qalmaqaldan sonra Milli Məclisin nizam-intizam komissiyasının sədri Siyavuş Novruzovun deputatı yanına çağırıb, danlaması… qalmaqalın özünü belə kölgədə qoydu. Nə danışdılarsa, deputat sonrakı açıqlamasında hətta özünü müdrik hesab etməklə, yenidən təhqirə keçdi. Təkrara ehtiyac duymuram, yəqin ki, mətbuatdan oxumusunuz…
Əslində bu mövzu haqqında “gecikmiş” yazıma səbəb ölkə hüdudlarından kənarda yaşayan qarabağlıların Etibar Hüseynova olan qəzəblərini bir az yumşaltmaqdır. Aldığım məlumatlara görə, onların bəziləri, eləcə də kənddə böyüyən digər soydaşlarımız bu varlığın qarabağlılar haqqında dediklərindən qəzəblənərək, onunla “haqq-hesab” çəkmək üçün yollar arayırlar. Səmimi deyirəm, gərək yoxdur, ölkədə demokratiya bərqərar olmayınca belə hallar çox olacaq. Yadınızdadırsa, bir məlun deputat bizi axtalamağa qalxdı, o biri harın “ölkədə bir kişi var” deyə, bütöv milləti təhqir etdi və s.
Normal cəmiyyətdə etibar hüseynovlar nəinki deputat, heç anbar müdiri də ola bilməzdi…
…Ölkədə qəbir yerləri satılır, ərazilərimiz düşmən tapdağındadır, soydaşlarımız bir parça çörək dalınca yad ellərə üz tuturlar…
Bax, bu əsl təhqirdir…