…Məhşur fransız komik aktyoru Pyer Rişarın baş rolda çəkildiyi “Qara çəkməli hündürboy sarışın” kinokomediyasını yəqin ki, çoxlarınınz seyr etmisiniz. Olduqca təhlükəli bir rezidentin Parisə gələcəyi xəbərini alan fransız təhlükəsizlik xidməti əməkdaşları kəşfiyyatçını “qarşılamaq” üçün hava limanına gəlirlər. Təsadüfən həmin reys ilə diversant kimi sarışın və ayağında qara çəkmə olan bir professional skripkaçı (Pyer Rişarın qəhrəmanı) da Parisə qayıdır. Bəxtsiz və əfəl musiqiçi elə ilk andaca fransız xüsusi xidmət işçilərinin diqqətini cəlb edir və təhlükəli agenti digər sərnişinlərin arasında axtarmaqdan vaz keçirlər. Skripkaçının səhvən geydiyi biri qara, o birisi qəhvəyi ayaqqabını belə hansısa mesaj kimi dəyərləndirən təhlükəsizlik xidmət əməkdaşları onun qeyri-adi, məntiqə sığmayan hərəkətlərini iz azdırmağa cəhd kimi qəbul edirlər.
Ölkə rəhbərliyinə, təhlükəsizlikdən sorumlu nazirlərə təhlükəli rezidentin izinə düşdükləri haqda raport verən vəzifə sahibləri yanıldıqlarını başa düşsələr də, bunu etiraf etməkdən qorxurlar və skripkaçını öldürməklə məsələni ört-basdır etmək qərarına gəlirlər.
…Tovuz rayonunun Əlibəyli kəndində yaxalanmış Mamika Xocayanla bağlı səngimək bilməyən məlumatlar və onun ətrafında Azərbaycan və Ermənistan tərəflərinin daban-dabana zidd məlumatları, hadisələrin inkişaf dinamikası bu unudulmaz fransız kinokomediyasının süjet xəttinə çox bənzəyir…
Bu təhlükəli “diversant”ın yaxalanmasından başlayaq. Öncə külli-aləmə ərz edildi ki, bu qocanı Əlibəyli kənd sakinləri yaxalayıb. Bir gün sonrakı xəbərlərdə isə onun Müdafiə Nazirliyi tərəfindən ələ keçirildiyi “məlum oldu”. Elan olundu ki, bu qoca əslində düşmən dövlətin xüsusi diversant qrupunun bələdçisidir. Sual olunur, bəs onda onun bələdçilik etdiyi qrup hanı? Niyə bu qrupu yaxalaya bilməmisiniz? Məntiqə görə, bələdçini ələ keçirəndən sonra istiqaməti itirmiş, hara gedəcəyini bilməyən dəstəni məhv etmək, yaxud əsir götürmək olardı. Bunların heç biri baş vermir və bələdçisiz qalmış dəstə asanlıqla geri dönür, cığırları əlinin içi kimi tanıyan bələdçi azaraq gəlib çıxır Əlibəyli kəndinə… Gülməli məntiqdir, deyilmi?..
Müdafiə Nazirliyi, mətbuat, telekanallar inadla bu qocanın çox təhlükəli bir diversant olmasını getdikcə daha ciddi şəkildə vurğulamağa başlayıb. Bizi inandırmağa çalışırlar ki, gördüyünüz Ştirlits kinoda, qalstuk və kostumlu Ceyms Bond dövrü arxada qaldı, indi XXI əsrdir, kəşfiyyatçıların hamısı özünü sərsəm kimi qələmə verirlər, bir balaca “qorxudan” kimi tutuquşu kimi ötürlər. Ardınca naz-qəmzə ilə vurğulayırlar ki, ölkədə bəzi qüvvələr “diversant”ın yaxalanmasına qısqanclıqla yanaşırlar.
Elə tələsdilər ki, tibbi komissiyanın “rəy”ini almaq, “səbəbkar”a əl gəzdirməklə onu “arzuolunan” şəklə salmaq da yaddan çıxdı…
Istər-isətəməz bir sual ortaya çıxır, əcaba ermənilərin Ceyms Bondu bu gündədirsə, niyə 20 ildir torpaqlarımız işğal altındadır, nədən cəbhədə bir qarış da olsun irəliləyə bilməmişik. Maraqlıdır, deyilmi?..
Məsələ tamam başqadır, bu erməni qocadan təhlükəli diversant düzəldilməsinin səbəbi ictimai fikri çaş-baş salmaq, orduda baş verənləri arxa plana keçirməkdir. Fikir verirsinizsə, bir tərəfdən Səfər Əbiyevin nazir olduğu dövr amansız şəkildə tənqid edilir, digər tərəfdən isə, yeni nazir Zakir Həsənov gülünc formada… əfsanəvi Suvorovla(!) müqayisə edilir. Əsgər ölümlərinin kədərli statistikası isə “dəyişməz” olaraq qalır. Hakimiyyət orduda islahatlar əvəzinə, “diversant” şousu ilə diqqəti ordudan yayındırmaq istəyir. Hazırda Qarabağ məsələsində daxilə hesablanmış bir ritorikanın işartılarının sezməmək olmur. Rejim ordu və müdafiə məsələlərində tənqidə həddən artıq dözümsüz yanaşmağa başlayıb. Fərqli yanaşma, tənqid hazırda “erməni dəyirmanına su tökmək” kimi qiymətləndirilir. Məqsəd ictimaiyyəti bu mövzudan çəkindirmək, onu etkisiz hala gətirməkdir. Bankda mühafizə xidməti rəisi çalışan birinin Müdafiə Nazirliyində yüksək posta gətirilməsi, eləcə də Zakir Həsənovun qohum və dostlarının ard-arda təyinatlarının sükutla qarşılanması məhz rejimin tənqidə cavab ritorikasının fəsadlarıdır…
Orduda bir sıravi əsgər balası ilə belə təmsil olunmayan iqtidarın qoca bir erməni sərsərisini “diversant” kimi qələmə verməsi ilk növbədə Azərbaycan Ordusuna qarşı təhqirdir…