O vaxt rəhmətlik Elçibəyə dedim ki… Bu məhşur fraza ilə başlayan və qurtaran müsahibə və yazıların sayı-hesabı yoxdur desəm, bəlkə də yanılmaram. Hamısında da süjet xətti eynidir – iddia olunur ki, guya həmin o kritik anlarda mərhum Əbülfəz bəy məhz onlara qulaq assa imiş, özünü də xilas edərmiş, demokratiya da əbədi olacaqmış. Son vaxtlar bu frazanın yanına bir də “Pənah bəy də orada idi” qazını verirlər.
Bilirlər ki, polemikaya daim açıq, hətta mən deyərdim, həvəsi də olan Pənah bəydən mütləq bir reaksiya gələcək… və beləliklə, dolayısıyla iddia “təsdiqlənir”. Və bu prosedurdan, daha dəqiq desək, ayindən sonra başlayırlar, əvvəlcədən seçdikləri hədəfin, yəni müxalifət və onun liderlərinin üzərinə. Və sonda mütləq əlavə edirlər ki, bildiklərimin heç onda birini danışmıram, əgər danışsam, yer yerindən oynar.
Bu, əslində hakimiyyətə ünvanlanmış bir mesajdır, yəni burdayam, bunları da məndən yaxşı tanıyan yoxdur, “istəsəniz, danışa, bəzi jurnalistlərin sözü olmasın, ”yenidən mövzuya qayıda” bilərik.
“Yeni Müsavat” qəzetinin “Azadlıq” qəzetinə, AXCP-yə qarşı böhtan və şər kampaniyası isə, mərhum Elçibəylə görüşmək imkanı olmayanları və haqdan əlini üzüb Əliyev rejimi ilə barışmağa bəhanə axtaranları hərəkətə keçirdi. Bunun üçün konfliktin miqyası süni surətdə böyüdülür, onu iki böyük siyasi partiya arasında müharibə kimi qələmə verirlər. Elçibəylə bağlı işlədilən fraza başqa bir şəkildə müxalifət, yəni AXCP və Müsavat haqqında işlədilir…
Bir sitat gətirim, bu mənim subyektiv fikrimdir. Mən diqqətlə gənc yazarlarla Anar arasındakı mübarizəni izləyirəm. Və o fikirdəyəm ki, Anar müəllim özündə güc tapıb Şərif Ağayar kimi gələcəyin dahi yazıçısının önünü açmalıdır. Lakin buna loyal münasibət göstərib, iki tərəfi də suçlayaraq, “niyə qırırsınız bir-birinizi” demək, məsuliyyətdən qaçmaqdır, vətəndaş mövqeyi deyil…
Oxşar ittihamlar bu gün müxalifətə qarşı yönəlib, çox təəssüf ki, bəzi ziyalılar məsələnin mahiyyətini bilə-bilə ortaya mövqe qoymaqda tərəddüd edirlər. Daha doğrusu, bunu hakimiyyətdən dividend qazanmaq üçün şans, ictimaiyyət qarşısında isə, “reabilitasiya” kimi dəyərləndirməyə çalışırlar. Böhtan kampaniyasını da uzadan məhz bu kimi amillərdir. Mərhum Əbülfəz Elçibəy belə ziyalılara… “zənbil ziyalıları” deyirdi…
…Əslində AXCP və Müsavat partiyaları arasında savaş kimi qələmə verilən bu münaqişə hakimiyyətin müxalifəti parçalamaq üçün növbəti cəhdidir. Diqqətlə fikir verin, Müsavat partiyası susur, onların əvəzinə “Yeni Müsavat” qəzetinin baş redaktoru və yazarları canfəşanlıq edirlər. Başa düşmək olmur, əgər bu həqiqətən moratoriumdursa, onda buna Müsavatın Divan üzvü Rauf Arifoğlu niyə əməl etmir? Maraqlıdır, deyilmi?.
Belə məsələlərdə özünü Müsavat partiyasının orqanı kimi qələmə verən “Yeni Müsavat” qəzetinin “Azadlıq” qəzeti, AXCP və onun lideri haqqında təhqiramiz yazılara heç bir reaksiya verməyən, əksinə, onu maraqla izləyən partiya rəhbərliyi izahat verməlidir ki, qəzetə partiyanın strategiyasını müəyyən etmək hüququ verlir, ya yox. Bu günlər, qəribə olsa da, qəzet səhifələrində aktiv, siyasi həyatda isə passiv Müsavat partiyası müşahidə edirik.
Bu, polemikalara girməmək haqqında birtərəfli qaydada qəbul edilmiş moratoriumdan çox letargiya yuxusuna bənzəyir.
Mənim üçün ən maraqlı məqam Müsavat rəhbərliyinin məsələyə münasibəti olacaq. Bəri başdan deyim ki, mən onların, “Yeni Müsavat” qəzetində yazılanların partiyaya dəxli yoxdur” tipli açıqlamasına hazır deyiləm. Nə qədər banan ifadə olsa da işlədəcəm – “cəmiyyət bunu səmimi qəbul etməyəcək”…
Hər şeyə rəğmən, əgər mənə Ilham Əliyevlə, Isa Qəmbər arasında seçim etmək lazım gəlsə, heç fikirləşmədən Isa Qəmbəri tərcih edərəm.
Məni Isa Qəmbərdən “qoruyan” “Yeni Müsavat” qəzetində bu günə qədər oxşar ifadə və yaxud yazıya rast gəldinizmi? Bəlkə bundan sonra yazdılar, amma buna qədər qaçıblar…
Və ən dəhşətlisi odur ki.., Isa Qəmbər belə bir qəzeti müdafiə etməyə məhkumdur.
Siyasət çirkin deyil, onu biz insanlar bu günə salmışıq…