…Təxminən on il əvvəl, Milli Məclisin o vaxtkı spikeri, mərhum Murtuz Ələsgərov deputatlara acıqlanaraq, “yığışdırın bu ”alma-armud” söhbətini!” deməsi ya bilərəkdən, ya da səhvən televiziyada da getdi. Amma söhbətin nədən getdiyi qaranlıq qaldı. Etiraf edim ki, mən də başqaları kimi, bu replikanın payız olduğu üçün hansısa meyvə-tərəvəz müzakirəsi zamanı mövzu ilə əlaqədar olduğunu zənn etmişdim. Bu yaxınlarda isə, “hadisə” zamanı orada deputat kimi oturmuş, hazırda keçmiş olan bir tanışım Murtuz müəllimin o məşhur replikasına aydınlıq gətirdi. Məlum oldu ki, deputatlar zalda quraşdırılmış “lehinə” və “əleyhinə” düymələrini qarışdırırmışlar, bu səbəbdən də onlar üçün xüsusi olaraq həmin düymələrin yanına alma və armud işarələri yerləşdirilibmiş(!). Lakin bu onları xilas etmir, çünki bir çoxları səsvermə zamanı qərar layihəsindən xəbərsiz olduqları üçün, hansı düyməyə basmaqda problem yaşayırmışlar. Səhv etməmək üçün həmişə nisbətən məlumatlı həmkarlarına, eşidiləcək tərzdə, “alma, yoxsa armud” sualı ilə müraciət edirlərmiş. Müsahibim hətta deputatlardan birinin hansısa məsələnin müzakirəsi zamanı, qeyri-ixtiyari olaraq, “Murtuz müəllim, fikrimcə, bu məsələ armuda daha çox bənzəyir” deməsindən sonra… spikerin fasilə elan etdiyini də vurğuladı və əlavə etdi ki, pərt olmuş deputat artıq haqq dünyasındadır… Son 18 ildə parlamentin tərkibi olduğu kimi qalır və heç kimə sirr deyil ki, hələ də “alma-armud”söhbəti gedir… Təsəvvür edirsinizmi, bu gün Milli Məclisdə hələ də latın qrafikası ilə yazıb oxuya bilməyən, beş ildə bircə dəfə ağzını açıb danışmayan deputatlar var. Hərdən Milli Məclisdən verilən reportajlara yəqin ki, baxırsınız, diqqətli olsanız, bir məqamı siz də gözdən qaçırmazsınız. Son vaxtlar Miili Məclis haqqında gedən kadrların əksəriyyəti köhnə kadrlardır. Bu yaxınlarda hətta keçmiş deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın da iştirak etdiyi bir iclasın kadrarxası açıqlamasından bizə sırımağa çalışırdılar ki, iclas dünən olub. Səbəb sadədir, Milli Məclisdə çox nadir hallarda yetərsay olur. Əslində əvvəllər bunu da vecinə alan yox idi, elə ki, “səsvermə biabırçılığı”nı əks etdirən kadrlar ictimailəşənə qədər… Həmin gün onsuz da saxta seçilən Milli Məclisdə “adi iş günü” idi. 20-30 deputatın(!) iştirak etdiyi iclasda qanun layihəsini keçirmək üçün bir deputat azı 7-8 həmkarının əvəzinə səs verməli idi. Elə də etdilər, lakin bu dəfə mənzərə jurnalist lojasından lentə alındı və ictimailəşdi. Kadrlarda 120 nəfər deputatdan təxminən 35-nin (sədarət də daxil olmaqla) iştirak etdiyi aydın görünürdü… Normal ölkələrdə bu görüntülərdən sonra ən azı spiker və müavinlər istefaya göndərilir, parlamentdə nizam-komissiyasının tərkibi dəyişir. Amma bizdə bütün dünyada analoqu olmayan bir addım atıldı, Milli Məclisin binasına smartfonla, yəni video-foto çəkmək imkanı verən telefonla girmək qadağan edildi… Yazının əvvəlindəki “alma-armud” söhbətinə qayıdaq. 20 ilə yaxın bir dövrdə iki düyməni bir-birindən ayırd edə bilməyən deputat və yüzə qədər funkisiyası olan smartfon – yəni ağıllı telefon. Təsəvvür edirsinizmi?.. Bəzi deputatların ilk dəfə olaraq əllərindəki smartfonun bu qədər funksiyaı malik olduğundan xəbər tutduqlarını verdikləri açıqlamalarla bəlli etdilər. Bu qanunun çoxdan tətbiq edilməsinin vacibliyini vurğulayan deputatlar, məmnun idi, onları… ağıllı olması təsdiqini tapmışdı. Əslində bu qadağa jurnalistlər və deputat olmayanlar üçün nəzərdə tutulub. Arada depuatların ağıllı olması ictimaiyyətə “bəyan edildi”. Ən azı smartfondan istifadə edə bilmək bacarığına görə… Ümimiyyətlə, Elşad Abdullayevin göndərdiyi mandat videolarından sonra iqtidar əməlli-başlı təşvişə düşüb. Məmurlar rüşvət verməyə gələn vətəndaşı az qala tumanına qədər yoxlayır, ona danışmağı qadağan edir, dialoq ancaq yazılı formada olur. Iqtidar bundan da “çıxış yolu” tapıb, artıq iri məmurların, eləcə də icra başçılarının kabinetində quraşdırılan aparatlar, orada çəkiliş aparmaq, eləcə də gizli səs yazmaq şansını sıfıra endirəcək. Çox bahalı texnikadır, pulunu da kabinet sahibindən alacaqlar, o da sadə vətəndaşdan. Bax, belə…