Yəqin ki, siz də fərqindəsiniz – müxalifəti ittiham etməyin ən populyar formaları pul söhbəti ilə müşayiət olunur. YAP-çı deputatlardan tutmuş, iqtidarla müxalifət arasında var-gəl edənlər, hər hansı müxalifət birliyindən ayrılanlar xaricdən gələn “maliyyə”nin ədalətsiz(!) bölgüsündən danışırlar.Son olaraq, YAP rəsmisi Siyavuş Novruzov Musavat partiyasının Milli Şuranı tərk etməsi ilə bağlı verdiyi açıqlamada da söhbəti hərləyib pul məsələsinə gətirdi. Dedi ki, Milli Şuraya xaricdən ayrılan pullar ədalətsiz bölünüb və partiya da buna etiraz əlaməti olaraq, qurumu tərk edib. Oxşar söhbətlər prezident və parlament seçkiləri ərəfəsi və sonrası pik həddə çatır və sönməkdə olan vulkan kimi yavaş- yavaş öləziyir.
Rejim rəsmiləri doğrudan da, ideyalar uğrunda təmənnasız, heç bir maddi mənfəət güdmədən mübarizə aparanları anlamaq iqtidarında deyil. Çünki onlar heç vaxt müxalifətdə olmayıblar. Sizə bildiyiniz bir “sirr”i yenidən açmaq istəyirəm-bu gün iqtidarda olan YAP-çıların əksəriyyəti… keçmiş cəbhəçilərdir.
Biz onlara “maygülü” deyirdik. Onlar Azərbaycan Xalq Cəbhəsinə 1992-ci ilin yazı aylarında gələnlər idi. O vaxt Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibovun obrazlı desək, “ələyi çoxdan ələnmişdi, xəlbiri göydə fırlanırdı”.
Ikinci güclü dalğa 1992-ci ilin prezident seçkiləri ərəfəsində oldu. Şəxsən mənim tanıdığım onlarla deputat, bir o qədər də yüksək çinli məmurlar məhz həmin vaxt AXC-yə daxil oldular.
Elçibəy hakimiyyətə gələndən sonra, AXC sıralarına daxil olmaq şərtləri bir az çətinləşsə də, “qapıdan qovulanlar, pəncərədən daxil olmağa başladılar”.
Yadınlızdadırsa, 1992-ci ildən başlayaraq, mətbuatda bir “Kolanı bumu” başlamışdı. Adamlar müxtəlif yollarla məhz “kolanı” mənsubiyyətini ortaya qoymağa çalışırdı. Yəqin səbəbini anladınız, o vaxtkı daxili işlər naziri Isgəndər Həmidov ölkədə çox böyük nüfuza sahib idi və onunla eyni tayfadan “olmaq” bəzilərinə guya toxunulmazlıq və karyerada sıçrayış vəd edəcəkdi. Bu ajiotaj, düz Heydər Əliyevin İsgəndər Həmidovu həbs etdirəcəyi kəsinləşənə qədər davam etdi. O vaxt mən Isgəndər bəyin təsisçisi olduğu “Boz Qurd” qəzetində çalışırdım. Yadımdadır, bir gün adını çəkmək istəmədiyim bir qəzetin baş redaktoru, əlində Isgəndər bəyin qızıl suya salınmış büstü ilə redaksiyaya gəldi. Çıxarkən ona büstü “unutduğunu” xatırlatdım, dedi sizdə qalsın, vəziyyət xarabdır. Bir neçə dəfə oxşar hallar təkrar olundu. O adamların arasında deputat da var, hələ istəsəniz nazir müavini və YAP-ın üzdə olanı da.
Yeri gəlmişkən 500 min üzvü olduğu iddia edilən YAP-ın sıralarında da, vaxtilə müxalifətdə olan 5-6 üzvü ola , ya olmaya. Hətta qurucularının bəziləri hazırda acınacaqlı durumdadır.
Günlərin bir günü Ilham Əliyev hakimiyyəti laxlayanda ona ilk zərbə məhz iqtidarın öz daxilindən gələcək. Uzağa getməyək, Misir diktatoru Hüsnü Mübarəkin qurucusu olduğu Milli Demokratik Partiya (Azərbaycanın YAP-ı ), müxalifətin qələbəsindən aylar öncə ondan imtina etdi. Mübarək məhz bundan sonra yatağa düşdü.
Azərbaycanın hazırkı iqtidarı nə vaxtsa müxalifətdə olmağı ağlına belə gətirmir. Onlar YAP hakimiyyətinin süqutundan sonra xaricdə yaşamağı düşünürlər. Məhz bu səbəbdən yüzlərlə iri məmurun xaricdə daşınmaz əmlakı, övladlarının isə həmin ölkələrin vətəndaşlığı var.
Hər şeydən pul qazanmağı adət etmiş bu iqtidar nümayəndələri ideya uğrunda həbsxanalara düşən, mərhumiyyətlərə dözən insanları anlamaqda acizdirlər. Onlar üçün fəlakət yox, ondan pul çıxara bilməmək qorxuludur…
Məlum oldu ki, hətta prezident seçkisi kimi, həyəcanlı, iqtidarın taleyini həll edə biləcək kimi görünən siyasi hadisəni belə korrupsiya nümunəsinə çevirirməkdən çəkinmirlər. Yəqin ki, son prezident seçkisində baş verənlər yadınızdadır. Iqtidar bu dəfəki seçkilərə analoqu olmayan yarımhərbi “yüzbaşı” sistemi ilə qatıldı. Əhalinin arasından nisbətən fəal insanlar “seçdilər”, Ilham Əliyevin adı nişanlanmış bülletenləri qutuya atacaq yüz nəfər seçici gətirməyə söz verən şəxslərə şərti olaraq, “yüzbaşı” adı və 100 manat pul verilirdi. Qalan 300 manat isə seçki gününün axırında verilməli idi. Bəli, düz fikirləşdiniz, əksər yüzbaşılar pullarını ala bilmədilər.
Bir neçə “zərərçəkən”lə söhbətimdən məlum oldu ki, pulun yüz manatı yuxarıda “ilişib” qalıb, qalınını isə yerli məmurlar mənimsəyib.
Növbəti beş ili nəzərə alaraq, bu 300 manata göz dikməmək olardımı?
Bu çətin sualın cavabını isə, yalnız tibb elmində tapmaq mümkündür…