Övladını aslanın necə parçaladığını görmək istəməyən meymunun tükürpədici hərəkətini yəqin ki, bir çoxlarınız seyr etmisiniz. Meymun heç fikirləşmədən başını aslanın ağzına soxaraq, sanki “övladlarıma qıyma” deyərək ona yalvarırdı. Aslan öncə tərəddüd etdi, daha sonra “razılaşdı”, meymunu övladlarından öncə parçaladı. Başqa sözlə desək, humanist davranaraq, ilk dəfə cəngəllik qanunlarını pozdu. Çünki o özü də valideyn idi və meşənin faktiki ağası olan fil eyni aqibəti ona yaşada bilərdi. Pələngin şüuru olmasa da, instinkti bunu dərk etməyə yetdi.
Bəşəriyyət mövcud olduğu ilk dövrlərdən sürətlə heyvanlardan fərqlənməyə başladı. Lakin heyvanların belə çəkindiyi övladı valideyn gözü qabağında öldürmək kimi amansızlığı bu günə qədər daşıdı. Erməni işğalı zamanı əsir düşən ailələrlə məhz belə davranırdılar. Övladından öncə ölmək bu əsirlərin ən böyük arzusu olsa da, buna heç də hamı nail ola bilmirdi. Əsirlikdən qurtula bilmiş bir tanışımdan bu günə qədər niyə ailə qurmamasının səbəbi də məhz bu idi. O dəhşətli günlərin təsirindən heç zaman ayrılmadı və iki il əvvəl avomobil qəzasında həlak oldu…
… Qarabağ qazisi , beş uşaq atası Zaur Həsənov
da,cəngəllikdəki meymunun və övladı ilə ermənilərə əsir düşmüş əsirliyindəki azərbaycanlının yolu ilə getdi, şüurlu surətdə özünə qəsd etdi. Əslində bu ölüm hökmü çoxdan hazır idi. Bu hökm qazi ailəsini bitirməkdə qərarlı olan iri məmurun digər bir iri məmurla qohum olduğu gün verilmişdi. Arxasını prezident aparatına dirəyən “xoşbəxt” qudanın bu “inadkar” qazini əzmək üçün qarşısında artıq heç bir maneə qalmamışdı. Hərbi xidmətdən yayınan kürəkənin hərbi xidmətdən yayınacaq olan övladlarının xoş gələcəyi naminə bunu etməli idi. Bir Qarabağ qazisinin aslan parçaları isə ac qalmalı və Vətən yolunda sağlamlığını itirdiyinə görə atalarını qınamalı idilər..
Zaur Həsənovun məqsədi xoşbəxt qudalara bunu rahat şəkildə qeyd etməyə imkan verməmək deyildi. O acından ölmək təhlükəsi ilə qarşı-qarşıya qalan övladlarına baxa bilmirdi.
Qarabağ qazisi Zaur Həsənovu ölkədə tanımayan yox idi. Evi sökülənlər, övladı şərlənərək tutulanlar, ədaləti yuxarılarda axtaranlar və əlbəttə, biz jurnalistlər onu yaxşı tanıyırdıq. Bu Qarabağ qazisinin, döymədiyi qapı qalmamışdı, təxminən iki ay idi, elə hey özümü yandıracam deyirdi…
…Hakimiyyətə “Qarabağı almağa gəlirik” parolu ilə gələn Əliyevlər rejiminin ilk hədəflərindən biri elə məhz Qarabağ qaziləri oldu. On il bundan əvvəl onlara şamil edilən bütün güzəştlər ləğv edildi. Bu həm də insanların Vətən uğrunda vuruşmağa hazır olanlar üçün bütün stimulların məhv edilməsi idi. Daha sonra isə, onların əmlakına əl qoyuldu, bir neçəsi istisna olmaqla, qalanları dövlətin verdiyi müavinətin və təsadüfi gəlirlərin ümidinə qaldı. Tez-tez müqayisə edildiyimiz düşmən Ermənistanda belə qazilər ən böyük güzəştlərə sahibdir. Onların aldığı müavinətlə Qarabağ qazisinin müavinəti arasında fərq beş-on manat edir. Lakin bu ölkədə zəruri qidaların qiymətinin Azərbaycana nisbətən ən azı iki dəfə ucuz olduğunu nəzərə alsaq, ortaya dəhşətli mənzərə çıxır. Məlum olur ki, Ermənistan qaziləri ilə heç olmasa, eyni səviyyədə yaşamaq üçün Qarabağ qaziləri ən azı 800-1000 manat müavinət almalıdır.
Milli Məclisin deputatlarından Zaur Həsənovun özünü yandırmasına münasibətini “Azadlıq” radiosundan eşitdikcə insanı dəhşət bürüyür. Bu deputatların hər birinin Zaurun faciəsindən xəbəri var idi. Zaur onların hər birinə şəxsən müraciət etmişdi. Zaurun can verdiyi saatlarda deputatlar onun sağ qalacağına ümid edərək, onu günahlandırmaqdan belə çəkinmirdilər. Əsl rəzalət isə həmişə olduğu kimi, Milli Məclisin sosial siyasət komissiyasının sədri(!) Hadı Rəcəblidən gəldi. Qarabağ qazisini gündəyməzinə belə almayan( mən başqa ifadə tapa bilmədim – X.Ə.) deputat münasibət bildirmək əvəzinə, deputat həmkarı ilə zarafatlaşmağa üstünlük verdi…
Bu iyrənc kadrları seyr edəndə Zaur artıq həyatda yox idi. Arxada ölümündən sonra qazandığı “ədalət”, atasız böyüyəcək olan beş aslan parçası qoyub getdi. Mən yüz faiz əminəm ki, o övladlar haqları olsa da, Vətəndən inciməyəcəklər. Çünki onlar, atalarının rejimin nəfsinə qurban getdiyini gözəl bilirlər. Zaurun ölümündə canı qədər sevdiyi Azərbaycanın günahı olmadığını isə, xalq sübut etməlidir.
Edəcək!!!.