Bu yaxınlarda Bakının rayonlarının birində ət mağazası olan şəxsin dilindən hüquq-mühafizə orqanlarını xarakterizə edəcək maraqlı bir əhvalat eşitdim. Həmin qəssab təxminən iki ay imiş ki, alverin yaxşı getməməsi və insanlarda pul olmaması səbəbindən polis rəisinə “haqq” verə bilmirmiş. Rəisin adamlarını “bu gün-sabah” deyə-deyə yola verirmiş. Vəziyyəti belə görən rəis işlə şəxsən məşğul olmağa qərar verir, qəssabı nəzarətə götürür və… necə deyərlər, əməliyyat başlayır.
Ilk addımı “təsadüfən” qəssabla qarşılaşmaq olur. Maşında gedən rəis, şüşəni azacıq qaldırıb, ona “iynəni qaynatmışam, hazırdır” deyib uzaqlaşır. Bu, xəbərdarlıq olsa da, qəssab hər halda, bunun son olmadığını zənn edir. Fikirləşir ki, “rəis qaçmır, mən qaçmıram, verərəm”.
Təxminən bir həftədən sonra, rəis şəxsən dükana təşrif buyurur. Qəssab, ona borc dəftərini işarə edərək, yaxın zamanda məsələni həll edəcəyini söyləyir. Rəis yenə heç nə deməyərək, obyektdən uzaqlaşır və əməliyyata başlamaq qərarı verir.
Təxminən bir neçə saatdan sonra, qəssabın telefonuna zəng gəlir. Daimi müştərisi olan bir gözəgəlimli xanım onun əhvalını soruşur. Neçə vaxtdır, göz qoyduğu, isti münasibət yaratmaq istədiyi xanımın belə yola gəlməsini öz cazibədarlığına bağlayan kişi, hər şeyi, hətta rəisin ona dediyi “iynəni qaynatmışam, qalıb vurmaq…” ifadəsini də unudur. Bu əsrarəngiz zəngi qara zolaqdan ağ zolağa bir keçid kimi dəyərləndirən qəssab, səbəbkarı görüşə dəvət edir. Qəssab, qadını dəvət etdiyi məkanın polis rəisinə aid olduğunu belə unudur…
Qəssab hər cür şəraiti olan istirahət məkanının rahat kabinetində bu ramedilməz xanımla baş-başa qalır. Cəmi bir neçə dəqiqədən sonra qəssab “səs-küyə” gələn əməliyyatçılar tərəfindən yaxalanaraq, “iynəsi vurulmaq” üçün polis idarəsinə aparılır. Axşam saat 12 olmasına baxmayaraq, rəis iş başında idi, əməliyyata şəxsən özü rəhbərlik edirdi. Qəssabı idarənin girəcəyində görən rəis “təəccüblə” ondan nə baş verdiyini soruşur. “Təcavüzdə” şübhəli bilinən qəssab, “peyvəndin vaxtı keçib, canab rəis” cavabını verir. Bir həftə ərzində qəssabın bütün qohum-əqrəbası xeyriyyə marafonu keçirir və nəslin şərəfini xilas edirlər.
Sual oluna bilər, qəssab nədən vaxtında hüquq-mühafizə orqanlarına, korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etmədi?
Son 20 ildə rüşvət alarkən “yaxalanan” hüquq-mühafizə, gömrük, vergi orqanları işçilərini barmaqla saymaq olar. Rejim ölkədəki rüşvəti və onları toplayanları qeyri-rəsmi olaraq “toxunulmaz” elan edib. Kimsə deyə bilər ki, bəs onda niyə ara-sıra rüşvət alarkən tutulanlar olur? Doğrudur, amma gəlin, olanların kimliyini unutmayaq. Bunlar bütöv bir həbsxananı dolduracaq qədər “SoBes” işçiləri, müəllimlər, icra hakimiyyətinin kiçik rütbəli məmurları, həkimlərdir. Yuxarıda adı sadalanan üç vacib orqan işçiləri, yəni, “toxunulmaz”lardan yalnız “iynəsi qaynadılan”lar yaxalanırlar. Onlar yaxalananda ilk ağla gələn sual belə olur: “Bunun torbasını kim tikdi?” Və daha sonra məlum olur ki, doğrudan da, onun torbası “tikilibmiş”, əlverişli məqam gözlənilirmiş. Lap yuxarıda hekayəsini danışdığım qəssab ? rəis münasibətlərində olduğu kimi…
“SoBes” işçilərinin həbslərini xatırlayın, hamısı rəhmətliklərin adına yüzlərlə kartı elə kabinetdə saxlayırdı. Rüşvətin miqdarını öz xeyrinə dəyişənlərə qarşı müxalifətdən də amansız davranırlar.
Bakı şəhər prokurorluğunda şöbə müdiri işləyən bir şəxsin övladının sosial şəbəkədə paylaşdığı maşınların ümumi dəyəri 500 min manatdan çox idi, fondakı yaylıq villanın da o qədər qiyməti olardı. Ayda 800 manat maaş alan prokurorun əmlakının ümumi dəyərini riyazi məsələdə olduğu kimi, bu verilənlərlə tapmağa çalışsaq, qorxulu bir mənzərə ilə qarşı-qarşıya qalarıq. Bu avtomobillərə sahib olan ailənin ən azı, şəhərdə 5-6 mənzili, xaricdə daşınmaz əmlakı, Bakıda ticarət obyektləri, kilo ilə qızılları və s. olması qaçılmazdır.
Ildə bir dəfə “rüşvətxor ov”una çıxan Ilham Əliyevin bu cür prokuror və polis rəislərilə heç bir problemi yoxdur…