Fransa hazırda ölkənin ən ölüvay klublarından olan “Lans” səhmlərini almış Hafiz Məmmədov haqda danışır. Fransanın ikinci liqasında üçüncü liqaya düşməmək üçün(!) mücadilə verən bu komandaya milyonlar yatırmağı bəyan edən bu çılğın milyonerin hərəkətləri başa düşülməyə çalışılır desəm, yəqin ki, yanılmaram. Idmanda, siyasətdə, lap elə hərb sənətində manevr deyilən bir anlayış var. Məsələn, boksçu sol göstərib, sağdan vurur, sərkərdə kiçik bir birləşmənin yerini dəyişərək, onu əsas zərbə istiqamətindən uzaqlaşdırmaqla düşməni çaşdırır, siyasətçi qlobal məqsəd üçün xırda avantüraya gedir və s.
Bu yazını yazarkən hazırda Fransada olan Qənimət Zahiddən bilgi almaq istədim. Futbola o qədər də maraq göstərməyən baş redaktorumuz məni başından etmək üçün olaya orijinal, eyni zamanda xalqın bütün kəsimlərinin anlayacağı bir tərzdə cavab verdi. Dedi ki, “Hafiz Məmmədovun Fransadakı hərəkətləri… Rusiyada bir az pul qazanıb, kəndə gəlib toyda ”risovkalıq” edən, dava salan gəncin hərəkətlərini xatırladır”. Düzü, başqa cavab gözləyirdim, lakin müqayisə o qədər dəqiq idi ki, “mövzunu” inkişaf etdirməkdə ona yardımçı olmaqdan başqa çarəm qalmadı. Futboldan ayrılaraq, həmin gənci buna “vadar edən” amillərdən danışmağa başladıq. Məsələn, o, Rusiyada olarkən sevdiyi dayısı qızının başqasına verilməsi, bacısının zəhləsi getdiyi adamla ailə qurması və s…
Yəqin ki, klassik fransız komediyası olan “Qara çəkməli hündür sarışın” filmini xatırlayırsınız. Filmin qəhrəmanı, adi uğursuz bir skripkaçı xarici kəşfiyyatın önəmli siması kimi qəbul edilir və onun izlənilməsinə qərar verilir. Fransız kəşfiyyat bossları onun hər bir axmaq hərəkətindən sonra toplaşaraq, bu dahi gedişi anlamaq üçün fikir mübadiləsi aparırlar. Hətta bu fərsizin ayaqqabısının dəyişik düşməsini belə professionallıqla bağlayırlar və çözməyə çalışırlar. Bir sözlə, fransalılar əsrarəngiz bir xalqdır və o səbəbdən də, biz illər uzunu onlara “firəng” demişik. Firəng sözünün mənası başqa olsa da, el arasında qəribə, analoqu olmayan, kef çəkən kimi başa düşülür. 100 il bundan əvvəlki milyonçularımız da fürsət tapan kimi, qatara minib Parisə gələrək, fransız cəmiyyətini şoka salıb gedirdilər. Məsələn, Hacı Zeynalabdin Tağıyev getdiyi hər mehmanxananı bağlatdırır, girdiyi hər mağazanı az qala satın alırdı. Fransız xalqı şokdan ayılmamış digər milyonçumuz Ağa Musa Nağıyev artıq Parisdə idi. O da məlum hərəkətləri ilə, haqqımızda Hacının formalaşdırdığı sterotipləri dağıdıb, geri qayıdırdı. Hətta iddia edirəm ki, fransızların yuxarıda bəhs etdiyim və dünyaca ünlü komediyasındakı təəccüb və heyrətdə bizim də payımız var. Keçən əsrdə ora gedən milyonçularımızın qeyri-adi hərəkətləri bu xalqın genetikasında müəyyən rol oynamışdır. Nə isə, keçək mətləbə, yəni futbola…
Hafiz Məmmədovun “Lans” klubunu almasını və sensasiyalı bəyənatlar verməsi futboldan azacıq anlayanlar üçün nə demək olduğunu qısaca açıqlayaq. Götürək elə onun “lazım gəlsə Ibrahimoviç və Falkaonu alarıq” kimi gündəmə bomba kimi düşən açıqlamasını. Təsəvvür edin, bu futbolçuların Ağdamın “Qarabağ” komandasından da zəif bir klub olan “Lans”a transfer olması nə deməkdir? Bu, təxminən Bakının yay Olimpiya oyunlarını keçirmək avantürasından da dəhşətli bir iddiadır, çünki dünya ulduzları heç bir pul qarşılığında onsuz da zəif olan Fransa çempionatının ikinci divizionunda oynamazlar. Buna heç ərəb şeyxlərinin də gücü çatmaz. Bu futbolçular adətən 35 yaşından sonra, futbol dili ilə desək, pensiyaya bir-iki il qalmış bu cür təkliflərə açıq olurlar.
Fransa ictimiyyətinin Hafiz Məmmədovdan şübhələnməyə hər cür əsası var. Birincisi, sual olunur ki, bu qədər pulun çoxdur, niyə Avropada at oynadan klublardan birini almırsan, ikincisi, ən əsası isə, soruşulur ki, bu pullar hardandır? Nə işlə məşğul olursan?..
Üstəlik, Hafiz Məmmədovun gəlişi ilə, Fransa futbolunda avtoritarizm meyllərinin baş qaldırması da təşviş doğurur. Onun ad günü münasibəti ilə hazırlatdığı videoçarxda klubun fransız süpürgəçisindən tutmuş, baş məşqçisinədək hər kəsin kameraya “Happy birtday, Hafiz!” bağırması fransızları narahat edir. Üstəlik, tərs kimi “Lans” da, uduzmaqda davam edir, deyirlər, heç olmasa əvvəllər heç-heçədən-filandan edirdi, indi o da yoxdur. Klubun fan səhifəsində azarkeşlərdən biri haqlı olaraq, belə bir sual verir, deyir ki, Hafiz Məmmədovun bu qədər pulu varsa, niyə onu Azərbaycan futboluna xərcləmir? Gözəl sualdır, deyilmi?..
Çox aktual mövzudur, yazmağa dəyər…