Nə qədər qəribə görünsə də, bu bir həqiqətdir, istər müxalifət, istərsə də oğru aləmi son 20 ildə Əliyevlər rejiminin pataloji dözümsüzlük göstərdiyi kəsimlərin başında gəlir. Rejim bir-birinə daban-dabana zidd olan bu zümrələrə qənim kəsilib, onların hər ikisini qanundankənar elan edib. Bu iki kəsimi “bir araya gətirməyim” ola bilsin ki, bəzi iqtidar mirzələri üçün “göydəndüşmə” olacaq və ola bilsin ki, bundan yararlanmağa çalışacaqlar. Əslində bu elə mənim üçün də göydəndüşmə olacaq, çünki həmin yazılacaq yazını oxuyanların böyük bir hissəsinin tənbəllik etməyib bu yazını da oxuyacağaına ümid edirəm. Mətləbə keçək.
Qanuni oğrulara münasibətdən başlayaq. Bəri başdan qeyd edim ki, istər qanuni oğrulara, istərsə də müxalifət nümayəndələrinə qarşı terrorun başında rəqabətə dözümsüzlük durur. Rejim isə, aydın məsələdir ki, rəqabəti sevmir. Müxalifətə münasibət yəqin ki, “başadüşüləndir”, həbslər, təqiblər, qurama cinayət işləri 20 ildir dayanmaq bilmir, bu gün də davam edir. Sual oluna bilər, rejim bu qanuni oğrulara nə verib ala bilmir, onları heç bir sorğu-sualsız, ucdantutma tutub içəri soxur, sonra cinayət işi açır. Nəzərə alsaq ki, əsasən Vətəndən kənarda yaşayan soydaşlarımız Azərbaycana, demək olar, xeyir-şərdə iştirak etmək üçün gəlirlər. Kiminin valideyni rəhmətə gedir, kiminin yaxını ailə qurur və s. Hətta son zamanlar xaricdə yaşayan “qanuni oğrularımız” Vətənə yalnız yas üçün gəlirlər, özü də bu addımı həbs olunmağı gözə alaraq, atırlar.
Qanuni oğru anlayışı, adından göründüyü kimi, heç də cinayətkar deyil, vaxtilə törətdiyi əmələ görə məhkumluq həyatı yaşamış bir şəxsdir. Onlar heç vaxt cinayət törətmirlər və “lazım gəldikdə” bunu başqasının əli ilə edirlər. Yəni onun cinayətkar olmasını sübut etmək üçün mütləq başqa birisi ifadə verməli, loru dildə desək, üzünə durmalıdır. Sivil ölkələrdə qanuni oğrudan şübhələnəndə ona uzaqbaşı ölkədən çıxmağı qadağan edirlər. Onları ucdantutma həbs etmək praktikası yalnız avtoritarizmin hökm sürdüyü bəzi ölkələrdə, dəqiq desək, Azərbaycanda və qismən də Rusiyada mövcuddur. Bu da təbiidir, çünki hər iki ölkədə dövlət “rəqabəti” sevmir.
Qanuni oğru şəbəkələrinin əsas fəaliyyəti önəmli biznes sahələrinə nüfuz etmək, onları monopoliyaya almaq və oradakı azad rəqabəti məhv etməkdən ibarətdir. Onlar siqaret, içki, dərman, narkotika və s. qaçaqmalçılığı ilə məşğul olur və iş adamlarından bu və ya digər vasitələrlə xərac alırlar. Bundan başqa, transmilli şirkətlər (ofşor) quraraq, vəsatin önəmli hissəsini təhlükəsiz, vergidən azad ölkələrə transfer edirlər. Yəni xalis gəliri ölkədən çıxarırlar. Digər məbləğ isə, ümumi kassaya (“obşaq”a – X.Ə.) mədaxil edilir, oradan isə, ehtiyaclar üzrə xərclənir. Bir sözlə, dövlət içində, gözlə görünməyən, dövlətin bütün strukturlarına sirayət etmiş bir şəbəkə. Əlbəttə, ilk baxışda təhlükəli görünə bilər, lakin sivil ölkələrdə onları vergi ödəməyə məcbur edirlər, kiçik bir qanusuz hərəkətlətinə görə qanun qarşısında cavab verirlər, onlara qarşı amansız maliyyə sanksiyaları tətbiq edirlər, bir sözlə, dövlət onlara güzəştə getmir…
Bəs qanuni oğrulardan “təmizlənən” Azərbaycandakı vəziyyət necədir?
…”Meyvəli bazar”da turş alçanın kiloqramı bəzən 300 manata satılır. Qışın bu vaxtında yalnız hamilə qadınların ehtiyac duyduğu bu bəhəri ölkəyə nə ded Xasanın adamları gətirir, nə də ki, Rövşən Lənkəranskinin.
Bəlkə də onlar gətirsə belə bu qiymətə satmazdılar. Bu gün Azərbaycanda monopoliyaya alınmamış sahə tapmaq qeyri-mümkündür, meyvədən tutmuş, tuman-köynəyə qədər, taxtadan tutmuş dərmana qədər hər məhsulu Azərbaycana bir başqasının gətirməsi mümkünsüzdür. Bu gün ət qonşu Gürcüstanda iki dəfə, avtomobil isə üç dəfə ucuz satılır. Azərbaycan arxasız sahibkarlar üçün bir cəhənnəmə çevrilib. Sifarişli qətlləri, ölkədən çıxarılan milyardları, hüquq sistemi və məhkəmələrin sifarişli qərarlarla işləməsi nəticəsində ölkə dünyanın ən kriminal rejimləri reytinqində ilk yerlərdən birini tutur…
Bu günlərdə Penitensiar xidmətin rəisi Mədət Quliyevdən maraqlı açıqlama gəldi. O sevinclə bildirdi ki, ökədə qanuni oğruların kökünü kəsmişik, onların ideyaları artıq işləmir. Yəni ölkədə baş verənlərin, kriminal aləmlə heç bir əlaqəsi yoxdur…
Fikrimcə, ən azı onları bir suç ortağı kimi göstərib, məsuliyyəti bölüşmək olardı…