Bir vaxtlar dahi Mirzə Fətəli Axundovu, Cəlil Məmmədquluzadəni oxuyan zaman, xalqımızın XX əsrin əvvəllərinə qədər inanılmaz bir cahələt içində yaşamasından vahimələnirdik. Savadsızlıq və mövhumatın hökm sürdüyü cəmiyyətdə 8-12 yaşlı qızları anasından ayırıb, 60 yaşlı kişiyə ərə verilməsini Allahın əmri kimi sırımaq, insanların xəstələnəndə həkim əvəzinə mollanın, dara düşəndə isə cadugərin yanına qaçmasından dəhşətli nə ola bilərdi? Dahi Mirzə Fətəli Axundovun özü bu cahələtin qurbanına çevrilmişdi, dndarlar və cadugərlər onu “allahsız” elan etmişdilər.
Inanılmazdır, amma həqiqətdir, 150 ildən sonra, yenidən Mirzə Fətəlini, Mirzə Cəlili oxuyarkən, əvvəlki kimi dəhşətə gəlmirik…
XXI əsrdə insana süni ürək köçürülən bir dövrdə, Azərbaycanda mövhumat yenidən baş qaldırıb, insanlar yenidən molla, cadugər, ekstrasens, falçı və s. özündə “ilahi qabiliyyət” kəşf etmiş insanların yanına axışır. Ölkədə sözün əsl mənasında bir psixiator – cadugər, ginekoloqya – “müqəddəs” ziyarətgah, nevropotolq – imam, nevropotoloq – seyid rəqabəti, futbol termini ilə desək, derbisi gedir. Bundan başqa, üzüyü itən, ərindən şübhələnən, vəzifə (!) istəyən, başqasının ərinə gözü düşən, populyar olmaq istəyən, və s. arzuları olanları əlavə etsək, gözümüz önündə nəhəng bir fırıldaqçı şəbəkəsi canlanır. Sizə zarafat gəlməsin, təxmini hesablamalara görə, söhbət yüz milyonlarla manatdan gedir. Bura son iyirmi ildə “aşkar edilmiş” pir və ziyarətgahlardan yığılan pulları da əlavə etsək, çox “qorxulu” rəqəm alınar (bu ayrı bir söhbətin mövzusudur, yazacağıq – X.Ə.).
Dəhşətli məqam ondan ibarətdir ki, bu sistem, Ilham Əliyev rejimi tərəfindən ciddi himayə olunur. Bunun əsas səbəbi var, birincisi, əldə olunan qazancdan yuxarıya hesab çatır, ikincisi, bu “ilahi qabiliyyət” sahibləri minlərlə insanı cəhalətə sürükləyir, dolayısı ilə, ölkənin idarə edilməsində rejimə yardım edirlər.
Məhz bu səbəbdən ölkə teleməkanı demək olar ki, işğal edilib. Hansı kanalı açırsan, cadugərlər, ekstrasenslər, falçılar insanları xoşbəxt etməklərindən danışırlar, arabir ev yıxmaq və bəxt bağlamaq qabiliyyətlərinin olduqlarını da, “qabardırlar”. “Qarğa məndə qoz var” ritorikası ilə şər işlərə getmədiklərini(!) bəyan etsələr də, hiss olunur ki…
Yəqin ki, çoxlarınız bu yaxınlarda “Spase” kanalının canlı efirində insan bədənindən cin-şeytanın necə “çıxarılmasına” baxmısınız. Həsən adlı bir cənc və “bacarıqlı” “ekstrasens” milyonların gözü qarşısında bir kişini əvvəlcə “hipnoz” edib, divana yıxdı, sonra yalnız cinin başa düşəcəyi bir dildə(!) səslər çıxarmağa başladı. Cəmi iki dəqiqədən sonra, cin artıq “məcburi köçkün” idi, illərlə “yaşadığı” bədəndən çıxarılmışdı.
Dramatik musiqinin müşayiəti ilə(!) Həsənin “hipnoz” etdiyi şəxsin “huşunu itirən” zaman necə ehtiyatla yumşaq divanın üstünə “yıxılmasından” görünür ki, bu adi bir ev tapşırığıdır. Halbuki, daha inandırıcı görünmək üçün, sağa-sola, nəhayət elə Həsənin üstünə də yıxılmaq olardı. Musiqinin bitməsi ilə, “cinin bədəndən çıxarılması”nın eyni vaxta “təsadüf” etməsi kiməsə gülməli görünsə də, bunda da bir “kəramət” olduğuna inanlar var, əlbəttə…
Yadınızdadırsa, məhşur “ekstrasens” Zirəddin Rzayevin, səhv etmirəmsə, 2012-ci il üçün verdiyi proqnozların içində bir “Hindistan təyyarə qəzaları” bölümü də vardı. O vaxt mən “niyə məhz Hindistan, məsələn, Ukrayna yox?” deyərək, “Gooqle” axtarış saytında rusca “Aviakatastrofı v Indii” sözlərini yazdım. Məlum oldu ki, Rac Kapurun vətənində təyyarə sürmək hüququ verən vəsiqə, bizim dildə desək, “prava” pulla satılır. Onu alanlardan bir neçəsi qəza törədib, hind polisi isə yüzlərlə saxta pilotları aşkar etməklə məşğul imiş. Belə olan halda, bu ölkədə niyə də aviaqəza olmasın? Qəribədir ki, həmin il Hindistandan başqa (!) 6 ölkədə təyyarə qəzası baş verdi… Bax belə.
Fikir verirsinizsə, dinimizi və müqəddəs kitabımız olan “Quranı Kərim”i əlində bayraq edərək, biçarə insanları faciəyə sürükləyən bu fırıldaqçılar din xadimlərimiz tərəfindən ifşa olunmur. Bunun da iki səbəbi var, birinci siyasi rejim buna müsaidə etmir, ikinci səbəb isə.., əksər dindarların da bu işlə məşğul olmasıdır. Yazını yuxarıda haqqında bəhs etdiyim “cinqovan” Həsən Həsrətlinin mətbuata verdiyi müsahibəsindən bir sitatla bitirmək istəyirəm: “Hansı dindar mənim kimi güclü ola bilər? Bütün günü oturub məsciddə dua oxuyub, dua yazıb, pul qazanırlar. Özləri edəndə günah olmur, mən edəndə günah olur?.
Haqlıdır, Həsən…(?).