Hər dəfə qiymətlər artanda Heydər Əliyevin Azərbaycan xalqı haqqında illər öncə dediyi sözləri xatırlayıram. O zaman səhv etmirəmsə, “ulu öndər” Naxçıvanda idi. Deyirdi ki, bu xalq çox gözütox xalqdır, bir parça çörəyini də əlindən alsan da, ac qoysan da çalışır ki, bunu mümkün qədər büruzə verməsin. Yəni onun sözlərindən belə çıxırdı ki, biz acından ölmək təhlükəsinə qədər səbr etməyi bacarır, yetər ki, ona mentalitet, milli mənlik, torpaq kimi məsələlərdə haqsızlıq etməyəsən. Əslində xalqı bir qarın çörəyə alışdırmaq arzusu idi bu…
Son bahalaşma haqda mətbuatda gedən yazılarla, sadə vətəndaşların reaksiyaları ilə tanış olduqca, Heydər Əliyevə müəyyən mənada “haqq qazandırmaq” mümkündür. Azərbaycanı uzun müddət idarə etmək üçün rejim səfalətdən başqa yol görmür. Bu, obrazlı desək, xəstəyə vurulmuş “narkoz” kimi bir şeydir. Narkozun müddəti bitdikdən sonra ayılmaq təhlükəsində olan pasientə, yəni xalqa, yenisi vurulur.
Fikir verirsinizə, xalq da etiraza qalxmadı, amma sakitcə iradını bildirdi. Nə dedi xalq? Diqqət edin və Heydər Əliyevə “haqq” qazandırın, dedi ki, “bunu gecəyarısı elan etmək nəyə lazım idi?”(!?).
Başqa sözlə desək, narkoz altında olan xəstə, ona iynə vuran şəfqət bacısının cibinə iki manatı basaraq, – “bacı, hələ əvvəlki iynənin təsiri getməyib, buna nə gərək var idi” deyə sitəm edir.
Xəstənin halını təsəvvür etdiniz yəqin ki. Onunla hansı mövzuda söhbət etmək mümkündür, sizcə. Çətin sualdır, deyilmi? Gücü bir şəfqət bacısına çatmayan, yalnız diqqətlə baxanda diriliyinin fərqində olduğunuz bu şəxsə hansı mentalitetdən, Qarabağdan, muğamdan, şou-biznesdən danışmaq olar?
Gələk bahalaşmanın gecəyarısı elan edilməsinə. Istər bahalaşma, istərsə də onun gecə elan edilməsi, birmənalı olaraq, Ilham Əliyevin prezident seçkilərinə görə xalqa “təşəkkürüdür”. Yəni Məzahir Pənahovun “Siz prezident seçildiniz, amma xalq sizə səs vermədi” raportundan sonra atılmış bir addımdır. Mən keçənlərdə də yazmışdım, Məzahir Pənahov iqtidarda yeganə adamlardandır ki, həmişə ona allahdan üzun ömür və can sağlığı arzulayıram. O, Azərbaycana lazımdır, onun yazacağı memuar və yaxud verəcəyi ifadələrin altında bambaşqa bir Azərbaycan yatır. Sizi inandırıram, bu, yaxın zamanda baş versə, mümkündür ki, Gülər Əhmədova da vaxtından qabaq azadlığa çıxsın… Nə isə, məsələdən yəni, bahalaşmadan uzaqlaşmayaq.
Bahalaşma gecə yarısı qapımızı döydü. Bəri başdan deyim ki, başlığa çıxardığım bu romantik ifadə üçün Arzu adında bir gənc şairəyə minnətdaram. Bahalaşmadan öncə(!) yazılmış olan bu şeirdə, artıq başqası ilə olan bir şəxsin, gecəyarısı… əski sevgilisini “narahat” etməsindən söhbət gedir.
Nakam sevgili, mentalitetimizə “uyğun olaraq”, qapını açmır, deyir ki, eşşəklik edib, məni başqasına dəyişdiyin bəs deyil, hələ bir gecəyarısı da qapımı döyürsən? Itil get burdan, gözüm görməsin səni, qoy dərdlərimlə baş-başa qalım.
Bahalaşmanın gecəyarısı elan edilməsi də təxminən buna bənzər bir şeydir. Gündüzlər xalqı soyub-talayan hövsələsiz iqtidar, gecələr də boş durmur. Halbuki, bunu səhər tezdən də elan etmək olardı. Atalarımız demişkən, gecənin xeyirindənsə, səhərin şəri yaxşıdır…
Biz, doğrudan da Heydər Əliyevin dediyi kimi, aza qane olan xalqıq. Amma bunun da bir həddi-hüdudu olmalıdır. Bir az da mentalitet nəzərə alınmalıdır. Bu gün sorağı Dubaydan tutmuş dünyanın dörd bir yanından gələn qadınlarımız məgər şəhvət hisslərini öldürmək üçün bu yola düşüblər”. Istanbulun Aksaray səmtində hər axşam saat 6-dan sonra neftlə zəngin Azərbaycan üçün utancverici bir səhnə yaşanır. Yüzlərlə azərbaycanlı qadın, orta hesabla 20 dollara bədənini satmağa hazırdır. Halbuki 20 il bundan əvvəl Bakıda bu qədim peşə sahibələrinin əksəriyyəti qeyri millətlərdən idi. Bu faktdır, bunu iqtidarı ən qırmızı şəkildə müdafiə edənlər belə dana bilməz. Istər Mübariz Qurbanlısı olsun, Istər Aydın Mirzəzadəsi, istərsə də Zahid Orucu.
Götürək, elə bir parça çörək dalınca Rusiyanın çöllərində min cür təhlükəyə, terrora məruz qalan soydaşlarımızı. Onların Vətənə dönməmək israrı sadəcə dəhşətdir, öldürürlər, döyürlər, var-dövlətini əlindən alırlar, zorla qatara mindirirlər, yenə geri dönmək istəmirlər.
…Fikrimcə, insanların bu qədər dözümlü olmasının tək bir səbəbi var; onlar bu rejimin getdiyini öz gözləri ilə görmək istəyir. Məsələ bu qədər sadədir…