Bu mövzuya ilk dəfə müraciət edəndə hansı reaksiyaların olacağını təxmin etdiyim üçün bilərəkdən yazımın sonunda “ardı var” anonsu yerləşdirmişdim. Əslində yenidən mühacirət mövzusunda yazmaq fikrim yox idi, lakin məqalədən sonra mətbuatda və sosial şəbəkələrdə gedən və hələ də davam edən müzakirələrdən sonra yenidən bu haqda yazmağı qərara aldım.
Ilk yazımdan sonra Hollandiyada yaşayan həmkarım Fikrət Hüseynli “Siyasi mühacirlər, yoxsa Əliyev köçkünləri” adlı bir yazı ilə çıxış etdi. Məqalədəki “qızım sənə deyirəm, gəlinim sən də eşit” ritorikasının kimə aid olması mənə aydın olsa da, bir növ “fürsət”dən yararlanmaq istədim…
Bəri başdan demək istəyirəm ki, bu ölkədə yaşayan və rejimə qarşı mübarizə aparanlar həqiqətən də qəhrəman insanlardır, onlar hər an rejimin repressiyasına hazır olanlardır. Keçən yazımda mən Avropada siyasi mühacir statusu ilə yaşayanları Azərbaycana biganəlikdə ittiham etmişdim. Humanitar oturum alan, ateist, cinsi azlığın nümayəndəsi, xəstə kimi oralarda olanlara isə, heç bir iradımın olmadığının altını cızaraq qeyd etmişdim. Söhbət minlərlə özünü rejimin qurbanı kimi qələmə verən, oturum alandan sonra rejimdən başqa hər kəsin üzərinə gedənlərdən gedirdi…
Siyasi mühacir, həmkarım, bu rejimin günahı ucbatından Vətəndən iki dəfə “didərgin” düşmüş Elbəyi Həsənli heç çəkinmədən Ilham Əliyevə tərif dolu yazılarını günü bu gün də yazır. Götürək elə keçmiş YAP-çı Yeganə Əmiraslanovanı. Cəmi bir neçə ay müxalif oldu, sonra da ailəsini götürüb getdi Almaniyaya. Bundan sonra Əliyev rejiminin başına açmadığı oyun qalmayan Təzəxan Mirələmli getsin, görüm onları necə inandıracaq?.. Misallar saysız-hesabsızdır…
Fikrət bəy mühacir ailələrinin dağılmasından söhbət açır, amma Avropa ölkələrinin qanunvericiliyində boşanandan sonra ana və uşaqlara verilən müavinətlərin nə qədər artmasını unudur. Xatırladıram, bu rəqəm ölkələrə görə dəyişsə də, məbləğ Azərbaycanla müqayisədə fantastik məbləğdir. Buradan min bəhanə ilə gedən çoxbilmişin “ailə münaqişəsi” zəminində pul qazanmaq istəyinə faciə donu geydirmək, sadəcə sadəlövhlükdür. Avropada yaşayan “boşanmış” mühacirin sözlərinə görə, onlar iynə ucu qədər nazik boşluqlardan belə maksimum istifadə edərək, mümkün qədər ailələri ilə birlikdə ola bilirlər. Məsələn, uşaqların “yoğun” istəyi və “keçmiş” həyat yoldaşının naz-qəmzəni sonraya saxlaması, mühacirə həftənin bir neçə gününü ailəsi ilə bir yerdə olmağa imkan verir. Əlqərəz, bir qədər “ehtiyatlı” olsan, “məsələ” böyüməsə, hər şey qaydasında olacaq.
Gələk, kamplarda, yəni qaçqın düşərgələrində status növbəsi gözləyənlərə. Avropada yaşamaq istəyirsənsə, buna səbrin çatmalıdır. Bunu az qala Hitlerin “getto”ları ilə müqayisə edən həmkarım bilməlidir ki, soydaşlarımız ora düşmək üçün hər şeyə hazırdılar. Orda qalmaq məcburi deyil, istədiyin vaxt Ana Vətənə dönməyinə icazə verilir. Amma dönən yoxdur. Bir haşiyə çıxım.
Xatırlayırsınızsa, illər öncə Tamerlan adlı bir soydaşımız, səhv etmirəmsə həyat yoldaşı ilə illər öncə Hollandiyada həbs edilmişdi. O, hava limanına enməyə bir neçə dəqiqə qalmış təyyarədə “terror” əsdirmişdi. Əslində bu bombasız “terrorçu”nun məqsədi, verilən cəzanı çəkdikdən sonra Zambaqlar diyarında qalmaq idi. Hava limanında sərbəst buraxılacağından “ehtiyat edən” Tamerlan, “tam xoşbəxtlik” üçün oradakı bir məmuru da şapalaqlamışdı…
…O ki qaldı Azərbaycan hakimiyyəti tərəfindən onlara edilən basqılara, məncə, rejim haqlıdır, müxalifət adı altında siyasi sığınacaq almış soydaşlarımıza hərdən Ana Vətəndəki əsil kimliyini xatırladır və istədiyini alır.
Bütün hallarda Azərbaycandan köç etmənin səbəbi Azərbaycandakı avtoritar rejimdir. Avropada yaşayan soydaşlarımızın demək olar ki, hamısınin hekayəsində “amansız rejim” bölümü var. Əks halda, oturum izni almaq mümkün deyil. Keçən yazımda onları “didərgin salan” rejimə qarşı bu qədər loyal olmasını anlaya bilmədiyimi yazmışdım. Deyəsən yavaş-yavaş anlamağa başlayıram.
P.S. Çox istərdim ki, bu yazının ardı olmasın.