Bəri başdan deyim ki, bu ifadə mənə məxsus deyil və müəllifin kimliyini yazını diqqətlə oxuyandan sonra biləcəksiniz. Ifadənin doğurduğu anlam o qədər aydındır ki, bir-birinə dəxli olmayan bu iki sözdən sonra nəsə yazmaq çətindir, üstəlik, istənilən oxucunun bu başlıqdan sonra yazını oxumamaq ehtimalı da yüksəkdir. Məqsədimi də bəri başdan bəlli etməyimə də əsla peşman deyiləm. Adətimiz üzrə biz, köşə yazılarında başlıqla nə demək istədiyimizi yazının sonunda büruzə verirdik. Lap filmlərdə olduğu kimi…
Yəqin ki, orta nəsil, xüsusən də kənddə yaşayanlar yaxşı xatırlayar, bəzən həvəslə getdiyimiz hind filmlərində baş qəhrəman elə ilk kadrların birində… öldürülürdü. Haqlı olaraq səs-küy qopurdu və məlum olurdu ki, kinomexanik yoxdur, budkadakı onun kiçik oğludur, lenti tərsinə dolayıb. Qısası, “şəkərbura mühacirəti” də elə Şakanın “vaxtsız” ölümü kimi bir şeydir, dramatik inkişaf edən hadisələrin sonunda mütləq “gedirlər” və bunu əvvəlcədən bilirsən…
Öncə onu vurğulamağı özümə borc bilirəm ki, son 20 ildə Azərbaycandan mühacirət edənlərin seçiminə təmkinlə yanaşıram. Əliyevlər rejimi ölkəni doğrudan da dözülməz və yaşamaz hala gətirib çıxarıb. Ləyaqətlə yaşamaq üçün bütün imkanlar tükənmək üzrədir, belə ki, ölkədə korrupsiya və rüşvətə bulaşmamış bir sahə tapmaq demək olar ki, qeyri-mümkündür. Keçən yazımda mən ruhi əsəb dispanserlərinin yavaş-yavaş həbsxana filiallarına çevrilməsindən (!) yazmışdım. Cinayətkar və dələduzlar bir neçə ay ərzində bu müəssisələrdə “reablitasiya” kursu keçəndən sonra onlara daşdan (məhkəmələrdən – X.Ə.) keçən dəlilik kağızı verilir. Ölkədə tez-tez tükürpədən cinayətlərin çoxalması da elə məhz bu amildən qaynaqlanır. Belə ki, həbsxanadan gələn hər yeni məmura görə çarpayını boşaltmaq üçün dəlinin birini açıb buraxırlar bayıra. Razılaşın ki, təhlükə, şər və qəza bu ölkədə təkcə müxalifətin alnına yazılmayıb, ondan hər kəs nəsibini alır. Nə isə, mətləbdən uzaqlaşmayaq, keçək (gedək – X.Ə.) mühacirətə…
Istənilən mühacirətin, yəni siyasi təqiblərdən tutmuş, Ziya Məmmədovun intellektual nəqliyyat sisteminin bərbad olmasından dolayı doğma yurdu tərk etməyin bir adı var – rejimə etiraz!.
Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadə və durğunluq dövrünün hüquqşünası Mirzə Xəzərin Vətəni tərk etmə səbəbləri müxtəlif olsa da, onları birləşdirən dəyərlər var idi. Və onları bu dəyərlər uğrunda mübarizədən nə Stalin agentləri, nə də DTK muzdluları çəkindirə bildi…
Avropada sığınacaq almış soydaşlarımızın sayı hazırda on minlərlədir. Tam təsəvvür yaratmaq üçün deyək ki, təkcə Almaniyada bu rəqəm 30 mindən bir qədər azdır. Status almaq üçün qəbul edilmiş kriteriyalardan birini – fərqli sosial qrupa daxil olduğu üçün təqibə məruz qalanları (başda homoseksualizm gəlir – X.Ə.) çıxsaq, lap dini baxışlarına görə təqibləri də bura daxil etsək, yerdə qalanların hamısı məhz demokratiya və söz azadlığı çatışmazlığı(!) səbəbindən Avropada sığınacaq alıb. Bu, sayı on minlərlə ifadə olunan bir kəsim, təbəqə deməkdir.
Heç kim məndən inciməsin, mənə elə gəlir ki, mühacirlərin 99 faizi Azərbaycanda demokratiyanın bərqərar olmasından çox, rejimin ömrünün uzun olmasında maraqlıdırlar. Onların çoxuna elə gəlir ki, ölkədə demokratik rejim bərqərar olan kimi, Vətənə deportasiya olunacaqlar. Mən bu cür mexanizmin olduğundan xəbərsiz olsam də, bunun məntiqə uyğun bir addım ola biləcəyinə əminəm. Praktiki olaraq mümükündür.
Onların buradakı “fəaliyyətini” bir yana qoyaq, niyə heç bir təqibin olmadığı Avropada susurlar? Sosial şəbəkələrdə siyasi mühacirlərin statuslarını oxuduqca adamı dəhşət bürüyür. Insan, daha doğrusu mühacir, nə qədər şəkərburadan, paxlavadan, Novruz bayramından danışar? Sanki Avropaya mətbəximizi tanıtmağa gediblər… …Azərbaycandakı rejimə etiraz məqsədi ilə təşkil edilmiş piket və yürüşlərə baxanda adam xəcalət çəkir. On minlərlərlə mühacirdən cəmi 30-40 nəfərin belə tədbirlərdə iştirak etməsi sizcə, yuxarıdakı arqumentlərimizin təsdiqi deyilmi?
Piketlər, müxalifət mətbuatına, eləcə siyasi məhbuslara yardım məqsədilə aparılan ianə kampaniyalarının yanında sözün əsl mənasında toya getməlidir. Məbləğı özünüz təsəvvür edin.
Qənimət Zahidin çox maraqlı bir fikri ilə mövzu haqqındakı ilk yazımı yekunlaşdırıram. Qısa və konkret deyir: “Mühacirləri piketə çağıranda işdən icazə ala bilməyəcəklərini, yardımla bağlı müraciət edəndə isə… işsiz olduqlarını söyləyirlər”.
Şəkərburaya isə, vaxt da tapılır, pul da…
(ardı var)