Xatırlayırsınıza, təxminən üç il bundan əvvəl Tağı Əhmədov “Azadlıq” radiosunun “Işdən sonra” proqramının qonağı olmuşdu. Olduqca səmimi keçən bu söhbətdə metronun şefi, özünün təbirincə desək, heç “burcutmadan” bir çox mətləblərə aydınlıq gətirmişdi. Bu həm də Bakı metropoliteninin simasında ölkəni sülalə rejiminin necə talan etməsinin yüksək çinli məmur tərəfindən etirafı idi. Müsahibədən bir sitat gətirmək istəyirəm, fikrimcə, sizin üçün də maraqlı olar: “Keçidlərdəki ticarət köşklərindən metroya hər ay 70 min manat köçürülür. Bunun da hamısı metroya sərf olunur. Bu, ildə cəmi 840 manat pul edir”…
Yəni “metronu bazara döndərənlər başqalarıdır, nahaq üstümə gəlirsiniz, təkcə metronun ”20 Yanvar” stansiyası keçidlərində aylıq icarə haqqı 1000 manat olan 200-ə qədər ticarət köşkü var, elə bilirsiniz onlar mənim cibimə gedir? Nə qədər sadəlövhsünüz, bu ölkəni kimlərin taladığını yaza bilmirsiniz, adınızı da jurnalist qoymusunuz…”
Tağı müəllim bundan artıq neyləməlidir, bəlkə gəlib Milli Şuraya üzv olmalıdır? “Açıq” şəkildə bildirdi ki, “köşklərdən əldə olunan milyonlar metroya xərclənmir və bizdən başqa bütün postsovet məkanda, hətta Yerevan və Tbilisidə belə sadə xalq yeni, səssiz ”Rusiç” və “Yauza”da gəzir. Ara-sıra yeni qatarlar-filan almağımız haqda bəyanatlar isə, donqili xarakter daşıyır. Təzə bir şey olsa, görərsiniz də, qatarı necə gizlətmək olar? Onlar sadəcə rənglənir, “kalotkası-filanı” dəyişdirilir, vəssalam…”
Bu açıqlamadan sonra Tağı Əhmədovu mətbuatın düşməni elan etməyə qalxan jurnalistlər bir daha fikirləşməlidirlər. Bu yaxınlarda bir jurnalisitin mikrofonuna qarşı(!) etdiyi hərəkət də “düzgün” başa düşülməlidir. Yüz faiz əminəm ki, Tağı müəllim onlara “cəsarətiniz yoxdur, amma burcutmağınız var” demək istəyirdi. Haqlı idi, adam… Yəni metro keçidlərindəki ticarətdən qazanılan milyonların hara getdiyini bilirsiniz, amma tülkü kimi qorxursunuz bu haqda danışmağa. “Azadlıq” qəzetindən başqa bu haqda, demək olar, ki, bütün KIV-lər susur. Tağı müəllimin məhz telekanal müxbirinin mikrofonuna qarşı etdiyi hərəkət, məhz bu amillə bağlıdır və mən deyərdim ki, olduqca simvolikdir. 24 saat sülalə rejiminə yaltaqlanan bir telekanalın bəzi “JEK” müdirlərinə qarşı sərgilədiyi “naz-qəmzəni” Tağı Əhmədov haqlı olaraq qəbul etmədi.
Metro keçidlərindəki ticarətdən gələn gəlir birbaşa sülalə rejiminin büdcəsinə daxil olması heç kimə sirr deyil. Oradakı mağaza sahiblərindən kimi dindirsən, sənə icarə haqqını yığanların prezidentin əmisi oğlu Ilqar Əliyevin adamları olduğunu deyəcəklər. Onların sözlərinə görə, Tağı Əhmədov yalnız metronun qapısından içəridəki azsaylı “toçka”lara nəzarət edir. “Azadlıq” radiosuna verdiyi müsahibədən yuxarıda gətirdiyimiz sitatda, metropoliten rəisi bunu heç kimdən gizlətmir…
Metrodakı mətbuat satışına yığışdırılmasını Tağı Əhmədovla bağlamaq, ən azı ədalətsizlikdir. Bunun başqa adı isə, hakimiyyətə işləməkdir.
Dünyanın bütün sivil ölkələrində metro stansiyalarında dövri mətbuat satılır. Günü yeni xəbərlərlə başlamaq istəyən yüz minlərlə insan üçün bu həm də qatarda itən vaxtın kompensasiya edilməsidir. Qatarda yeganə məşğuliyyət ancaq qəzet-kitab oxumaq ola bilər.
Prezident Adminstarsiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun məntiqinə görə isə, insanlar metroya girərkən yalnız alt paltarı almalıdır, özünə saat seçməlidir, övladı üçün ayaqqabı almalıdır. Ona görə indiyədək, metroda mətbuat satışı qeyri-qanuni(!) olub. Bax belə…
Əli Həsənov bu açıqlamsı ilə, Tağı Əhmədovdan mətbuat düşməni düzəldən iqtidarın iradəsini ortaya qoydu, “Azadlıq” qəzetindən 30 min tələb etmək ideyasının da hardan gəlməsinə də aydınlıq gətirdi. Yadınızdadırsa, o bu pulun hissə-hissə ödənilməsinə razılıq da vermişdi, lakin qəzetimiz üçün kritik bir dövrdə bundan “imtina” etdi. Bu təsadüfi deyildi və burada Tağı Əhmədova irad tutmaq, razılaşın ki, heç insafdan deyildi…
Tağı Əhmədov, 30-40 ilin vaqon və elektrovozları ilə sözün əsl mənasında mözücə yaradır, hər an baş verə biləcək dəhşətli qəzaları önləmək üçün mücadilə verir. O, iqtidar komandasında işini bilən yeganə professionaldır. Eyni zamanda çox təhlükəli bir oyuna girmiş məmurdur. Belə ki, qəza yavaş-yavaş “gəlirəm” deyir…
…Sonda onun üzərinə “gedən” həmkarlarıma bir şeyi xatırlatmaq istəyirəm.
Təsəvvür edin ki, Bakı metropoliteninə “Spece” telekanalının şefi Vaqif Mustafayev öz “komandası” ilə rəhbərlik edir…