Əliyevlər rejiminin 20 ildir ayaqda qalmasında, amansız inzibati idarəetmə metodları ilə yanaşı, heç şübhəsiz, “besperedel” rüşvət sisteminin mövcudluğu da mühüm rol oynayır. Dünyanın heç bir totalitar dövlətində rüşvət, A-dan tutmuş, Z-yə qədər bütün məmurları əhatə etmir. Hətta Heydər Əliyevin sovet Azərbaycanında qurduğu rüşvət imperiyasında bir sıra sahələr, eləcə də bəzi məmur təbəqələri bu prosesdə ya qismən iştirak edirdi, ya da kənarda idi.
1993-cü ildən başlayaraq, hakimiyyətə gələn təzə – köhnə rejim rüşvətə tam sərbəstlik verdi. Rüşvət toxumları obrazlı desək “daşlı-qayalı ərazilərə də səpildi”. Bu gün adi bir xəstəxana qapıçısı, hətta orada işləyən liftçi belə hər ayın başında müdirə hesab verir. Idarə və müəssisələrin çoxunda da oxşar vəziyyət hökm sürür, rüşvət qapıdan başlayır. Xarici ümumvətəndaş pasportu verilən OVIR-dəki növbə yəqin ki, yadınızdadır. Insanlar gecə saatlarından növbə tuturdular, yüzlərlə insanın yaratdığı bu “soxasoxa” isə, yüzlərlə “ovir” işçisindən (!) cəmi bir neçə əməkdaş ayırırdılar. Insanların bu basabasda rejim əleyhinə şüarlar səsləndirməsini eşidən rejim, bu sahədə rüşvəti… rüsumla əvəz etdi. Özü də bunu elə bir vaxt etdi ki, artıq əksəriyyət qeyri-leqal yolla özünə pasport almışdı, yəni uzun quyruqdan bezərək, 100 manata qədər rüşvət verərək, bir aydan sonra xarici pasportuna qovuşmuşdu.
Bütün sahələrdə bürokratiyanın məqsədi əslində rüşvətə hesablanıb. Ötən yazılarımın birində “Qaçqınkom”un timsalında ərizə biznesi haqda yazmışdım. Təsəvvür edin, məcburi köçkünlər ildə bir neçə dəfə ənənəvi, bir o qədər də cari məsələlər üçün yaşadıqları yerdəki “qaçqınkom” nümayəndəsindən ərizə almalıdılar ki, “biz qaçqınıq və filan yerdə məskunlaşmışıq”. Və işin maraqlı və əsrarəngiz tərəfi ondan ibarətdir ki, bu arayışlar elə… “Qaçqınkoma” təqdim edilmək üçün verilirdi. Ölkədə bir milyon qaçqın və arayışın qiymətinin 1 manatla 5 manat arasında dəyişdiyini nəzərə alsaq, söhbət milyonlardan gedir…
Bu günlərdə elektron poçtuma bir məktub gəldi. Nəqliyyat nazirliyində işləyən bir müfəttiş, xalq dilində desək, bir “qoçu” yazıb. “Biz də insanıq” ritorikası ilə yazılan məktubda müfəttiş(qoçu), hər aldıqları maaşın əhəmiyyətli bir hissəsinin rəhbərlik tərəfindən mənimsənildiyini bildirir. Məktubu oxuduqca, bu “qoçu”lara lap yazığım gəldi. Sən demə, Bakıda keçirilən Evroviziyon ərəfəsin də “qoçu”lar daxil, yüzlərlə nəqliyyat işçisinin bir neçə aylıq maaşları bu tədbirin güdazına gedib. Yadınızdadırsa, o vaxtlar nəqliyyat “qoçu”ları çox aqressiv idilər ki, hətta bir taksi sürücüsünü də döyüb öldürdülər, mən hələ şikəst etdiklərini demirəm. Elə o da öz məktubunda buna işarə edərək yazır ki, “elə bu gün də evimizə başqa cür çörək apara bilmirik”. Daha bir cümlə “maraqlı” olmaqla bərabər bir “bespredel” şedevridir: “Bizə sonradan məlum oldu ki, cəmi bir ayın maaşını yuxarı (”Evrovizion” nəzərdə tutulur – X.Ə.) çatdırıblar, qalanını yeyiblər”. Necə deyərlər, məktubun kulminasiyası, anlayacağınız “baqaj” məsələsi, plovun qarası…
Bəli, əziz oxucu, xəyalən bu sistemi qadına bənzətsək, gözlərimizin önündə, heç kimə rədd cavabı verməyən fahişə obrazı canlanacaq. Bunun adı kütləvilikdir. Adi qapıçıdan tutmuş, müdirə qədər hamını qane edəcək bir kütləvilik, Əliyevlər rejiminin ayaqda qalmasını təmin edir, əlbəttə, hələlik…
Rüşvət süzülə-süzülə, düz bir nömrəli rüşvətxora doğru axır. Onu ilk instansiyada alınan rüşvətin miqdarı qətiyyən maraqlandırmır və buna nəzarət belə etmək fikrində deyil. Sistemin yaşaması elə buna bağlıdır, hazırda A-dan Z-yə qədər bütün məmurlar qidalandığı recimdən bərk-bərk yapışıblar. Təxmini hesablamalara görə, onların sayı… 50 min nəfərə qədərdir. Bu qoşunu, cəza sistemi, nəhayət, əlində böyük pul kütləsi olan bir ordu və daim hərəkətdə olan bir mexanizmdir. Bütün bunlarla yanaşı, olduqca həssasdır, bir vintinin boşalması kifayətdir ki, iflic vəziyyətə düşsün…
“Ərəb baharı”nı xatırlayın… Aşağı eşelona rüşvət qadağasından sonra narazı milyonlara orta təbəqə məmurları da qoşuldu. Cəmi bir həftə sonra, “rüşvətə qaldığınız yerdən davam edin” komandası verməsəydi, yəqin ki, dünya totalitar sistemlərdə baş verən ən sürətli inqilaba şahidlik edəcəkdi…
Bu hər şeyin bitməsi anlamına gəlməsin, çünki rejimi bəsləyən rüşvət, əhalinin onu vermək qabiliyyətinin bitməsinə qədər davam edir.
Deməli, dəyişiklik qaçılmazdır…