Nəqliyyat naziri Ziya Məmmədovun balası Anar Məmmədov ABŞ-ın paytaxtı Vaşinqtonda cəmi bir nahara 5,5 milyon dollar xərclədi. Bunun 500 mini sırf ziyafətə getdi, qalan 5 milyonu isə, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı kimi, “dəvətnamə”lərə (!) getdi…
Nahara 500 adam toplamaq(!) üçün beş milyon dolların ödənildiyi “Fabiani&Company” sırf iqtisadi lobbiçiliklə, əsasən MDB ölkələri və digər totalitar rejimlərin iqtisadi maraqlarını ABŞ-da müdafiə etməklə məşğul olur. Tez-tez Azərbaycan hakimiyyəti haqda tərif dolu yazılarla çıxış edən “The Hill” qəzeti və onun yəhudi redaktoru da şirkətə bağlıdır. Əgər xatırlayırsınızsa, təxminən ilyarım bundan əvvəl həmin qəzetdə Obamanın həyat yoldaşının rəhbərlik etdiyi xeyriyyə fonduna Azərbaycandan 500 milyon dollar vəsait köçürülməsinin mümkünlüyü haqqında yazı da getmişdi. Iqtidar qəzetləri də məqaləni “redaktə” edərək mətndən məhz həmin hissəni çıxararaq verməyi lazım bilsələr də, orijinal mətn “Azadlıq” qəzetində dərc edildi. Bu açıq-aşkar rüşvət təklifi idi və qarşı tərəf, yəni Obamanın arvadı bu təklifi heç yaxına da buraxmadı..
Onu da xatırlatmaq yerinə düşərdi ki, bu şirkət illər öncə öhdəliklərini yerinə yetirmədiyi üçün Rusiyadan qovulub, Qazaxıstan başda olmaqla bir neçə dövlət isə onlarla əməkdaşlığa son qoyub. Hazırda şirkət xırda xarici sifarişlər və daşınmaz əmlak sahəsindəki fəaliyyəti hesabına dolanır. Obrazlı desək, “sünnət mərasimlərinə gedən cərrah”ın günündədirlər. Beş milyon haqda hələlik bu qədər, keçək qonaqlığa və onun əsas qəhrəmanına…
Bəri başdan deyim ki, bu qonaqlıqlarla ABŞ-da totalitar rejimlərə münasibəti dəyişmək qeyri-mümkündür. Əksinə, bu cür qala-naharlar bir növ “qarğa məndə qoz var” anlamına gəlir. Fikir verdinizsə, nahar zamanı dəvətli siyasilərin heç biri danışmadı, eləcə gəlib, yeyib-içidilər və yəqin ki, lobbi şirkətinin kassasından paylarına düşəni alıb getdilər. Ən azı, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, yaxud da “Biz Xocalı soyqırımını pisləyirik” ifadələrini də işlətmək olmazdımı? Məlum oldu ki, naharın reqlamenti buna da imkan vermir.
Nəhayət, 30 oktyabrda Azərbaycan, yaxud da ABŞ tarixində nə baş verib? Maraqlıdır deyilmi?
Tədbirin, daha doğrusu naharın Azərbaycanda keçirilən prezident seçkisindən sonra keçirilməsi məsələyə tam aydınlıq gətirir. Bu bir növ Azərbaycan auditoriyasına hesablanmış “psixoloji” təsir cəhdidir. Görünməmiş saxtakarlıqla keçən seçkilərdən sonra prezident komandasının üzvü olan Ziya Məmmədovun oğlunun ABŞ-ın paytaxtındakı bədxərcliyi, bu aksiyanı Bakıda siyasiləşdirmək məqsədi ilə edilib. Yəni anlayacağınız “ABŞ seçkiləri tanımırsa, bəs buna nə deyirsiniz?” ritorikası…
Nahardan təqdim olunan foto-reportajdan aydın görünür ki, qonaqların əksəriyyəti keçmiş senator və konqresmenlər, onların dul qadınları, biznesmenlər və totalitar rejimlərin ABŞ-dakı diplomatik korpusların nümayəndələri idi. Lixtenşteynin ABŞ-dakı xanım səfiridən başqa demokratik Qərbin heç bir diplomatının naharda görünməməsi diqqətdən yayınmadı. Əslində naharda onların iştirak etməsində heç bir qəbahət də yox idi, ərz etdik ki, bu siyasi aksiya deyildi, Azərbaycan mətbəxinin və mədəniyyətinin tanıdılması aksiyası idi. Lakin nüfuzlu Qərb ölkələrini təmsil edən diplomatların, eləcə də ABŞ Dövlət Departamenti rəsmilərinin nahardan imtinası, onların bu tədbirin əslində hansı məqsədlə təşkil olunduğu haqda məlumatlı olduqlarını sübut etdi…
Anar Məmmədovun bu tədbir üçün vəsaiti haradan alması haqqında danışmağa yəqin ehtiyac yoxdur. Hər bir nazir balası kimi o da, atasının “təchizat” işlərinə baxır. Yəqin bir azdan qaynatası, yeni kənd təsərrüfatı naziri Heydər Əsədovu da “təchiz” edəcək və təxminən üçqat qiymətinə satılan, Cənubi Koreya istehsalı olan “Daewo” avtobuslarının ardından eyni adda traktorlar da əkin sahələrini bəzəyəcək. Kəndlilər də nazir balasının bəstələdiyi “Aləm gözəl” mahnısını zümzümə edə-edə tarlaya yollanacaqlar. Qismət olarsa, əlbəttə…
Yeri gəlmişkən, müğənni Abbas Bağırov xaric, başqalarına oxunması qadağan edilən(!) bu qalmaqallı və plagiat “iyi verən” mahnı, daha doğrusu “aləm gözəl” ifadəsi haqqında… Aləm, Anadolu türkcəsində “kef məclisi” anlamına gəlir, içkili, nəşəli, etik çərçivələri aşan və əlbəttə, qadınların da olduğu bir ortam (alem) kimi başa düşülür.
…Klassik türk filmlərinin, demək olar, hamısında harınlamış varlı balalarının yapdıqları “alem”, kasıbların faciəsi ilə müşayiət olunur…
Lap bizdə olduğu kimi…