Sivil dünyada anlayışla qarşılanan bir deyim, fraza var: “məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur”. Bunu bir qayda olaraq nadir rast gəlinən xətaları, əlahiddə cinayətləri kütləvi hal kimi qələmə vermək cəhdinin qarşısını almaq məqsədi ilə işlədirlər. Və haradasa məsləhət xarakteri daşıyır, yəni oxşar halın sonuncu dəfə nə zaman baş verdiyini yadına sal.
Hazırda rejim bu ifadənin elə bir şəkildə şitini çıxarıb ki, bu, “onsuz da hamıya bəlli bir məsələni şişirtməyə nə ehtiyac var” anlamına gəlib. Başqa sözlə desək, demək istəyirlər ki, nə qədər şişirdirsiniz, şişirdin, onsuz da heç nə alınmayacaq.
Milli Məclisdə baş vermiş səsvermə cinayətinin ardından qurumun mətbuat xidməti parlamentin ilk iclasından çəkilmiş tam tərkibli fotosunu tapıb(!) yapışdırdı açıqlmanın yanına… Yəni biz o gördüyünüz deyilik, bax, buyuq… Ardından da deputatlar Iqbal Ağazadə və Fəzail Ağamalı da məsələni şişirtməyə(!) ehtiyac olmadığını bildirdilər. Dedilər ki, siz fil qulağında yatmısınız, dünyadan xəbəriniz yoxdur, belə hallar xaricdə tez-tez olur. Pənah Hüseyn demişkən, yalançının lap…
Buraxın Qərbi, MDB-ni hətta son vaxtlar tez-tez müqayisə olunduğumuz Zimbabvedə belə hallar mümkün deyil. Gələn yazılarımın birində iqtidarı çox nahaq yerə əsəbiləşdirən bu mövzu haqda yazacam. Bəri başdan deyim, bu məsələni o qədər də şişirtmək(!) lazım deyil, radikal Zimbabve müxalifəti parlamentdə də oturub, hökumətdə də. Nə isə, mətləbdən uzaqlaşmayaq…
Səsvermənin təsvir edildiyi foto və videodan aydın görünür ki, zalda deputatların təxminən 30%-i iştirak edir və oradakılar, demək olar, iştirak etməyən bütün deputatların əvəzinə səs verir. Bu vandalizmin dünya paraktikası ilə heç bir əlaqəsi yoxdur. Bu hal Milli Məclis üçün adi haldır, sadəcə bu dəfə ictimailəşdirildi.
Dünya praktikasına gəldikdə, hətta Rusiyada belə bunu qadağan edən “85-ci maddə” var.
Bu yaxınlarda qırğız parlamentində, iki il əvvəl isə Ukrayna Radasında oxşar qalmaqal yaşanmışdı. Təsəvvür edin, iclasda iştirak etməyən 2 qırğız, və bir ukraynalı deputatın əvəzinə verilən səsə görə hər iki ölkədə ara qarışdı, hətta Qırğızstanda parlamentin buraxılması gündəmə gəldi.
Iki qırğızdan yalnız biri üzrlü səbəbə görə iştirak etmirdi, o biri xəstə idi, ukraynalı deputat Aroyev isə, ABŞ-da idi. Deputatlar onların əvəzinə səs verən həmkarlarına etimadnamə verməmişdilər və nəticədə hər iki ölkədə bu haqda cinayət işi qaldırıldı. Təsəvvür edin, əgər o ölkələrdə bir iclasda 60-70 deputatın əvəzinə səs verilsəydi, nələr baş verərdi?
Demokratik Qərb ölkələrində isə, belə hal mümkün deyil, deputatın fəaliyyət qrafiki bir il öncədən tutulur və qanunların qəbulu zamanı birmənalı olaraq iştirak etməlidir. Ümumiyyətlə, deputatın işgüzar səfərlər və xəstə olması istisna olmaqla, digər səbəblərdən iclaslara qatılmaması qanun pozuntusu sayılır, əlbəttə, başqa ölkələrdə…
Madam ki, mövzumuz şişib-şişirtmək məsələsinə həsr olunub, yazımıza Ilham Əliyevin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan Xəzər Gəmiçilik Idarəsinin keçmiş rəisi Aydın Bəşirovla davam edək.
“Məsələni şişirtməyə ehtiyac yoxdur, prezident bilən məsləhətdir” deyən ağsaqqal, ardınca elə bir müsahibə verdi ki… Iki kiçik epizodla tanış olun: “1.Yaxta kimdə yoxdur ki? Mənim bir neçə növ yaxtam var… Biz dostuq, bir yerdə işləmişik, bir əl(!) olmuşuq” (nəqliyyat naziri Ziya Məmmədovu nəzərdə tutur X.Ə).
2.Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə(!), oldu ikiotaqlı ev. Daha sonra isə həmin evdən balkon çıxarmasına da icazə verdim. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib”…
Razılaşın ki, məsələ “uje” şişib. Çox keçməz ki, mətbuat, bu sənətin əfsanəsi Əminə Yusifqızına biganə qaldığına(!) görə Aydın müəllimi ittiham edəcək. Hətta kirayədə qalan matroslardan birinin “mini Potyomkin” etirazı da mümkündür…
…Xalqın sərvəti talanır, büdcədən milyardlarla vəsait oğurlanır, ölkə ərazısı dədə malı kimi beş-altı məmurun arasında bölünür, deputat mandatı bazara çıxarılır, nəhayət, müdirlər işçilərini hamilə buraxır, deyirlər ki, “məsələni şişirtməyə ehtiyac yoxdur”.
Bir yana baxanda düz deyirlər, onsuz da gec-tez partlayacaq…