Ilham Əliyev MDB dövlət başçılarının Minsk sammitində çıxışında ölkənin bu qurumun bütün strukturlarına daxil ola biləcəyi haqda danışdı. Azərbaycan hakimiyyətinin Qərbə inteqrasiyadan, demokratikləşmədən açıq şəkildə imtina etdiyini bəyan edən Əliyevin kədərli görünməsi də diqqətdən yayınmadı…
Sammitin ev sahibi, Belarus prezidenti Aleksandr Lukaşenkonun sevincinin həddi-hüdudu yox idi, hətta özünəməxsus şəkildə, protokoldan kənara çıxaraq, Ilham Əliyevə çiçək dəstəsi verdi və hamının əvəzindən təbrik etdi. Az qaldı desin ki, kaş Uqo Çaves (Venesuelanın keçmiş diktatoru) ölməyəydi, bu günü görəydi… Zarafat deyil, Ərəb inqilablarından sonra, bu qədər diktator ilk dəfə idi ki, bir yerə yığışırdılar. Lukaşenkonu sevindirən ikinci məsələ isə, kredit məsələsinin həll edilməsi idi. Başqa bir səbəbsə, yəqin ki, Ilham Əliyevin sayəsində Qərbin diqqətindən az da olsa kənarda qalmaq idi…
Qərb banklarında nə özünün, nə də komandasının bir qəpiyi olmayan Lukaşenkodan fərqli olaraq, Ilham Əliyev kədərli idi. Özünün və komandasının milyardlarla dolları, ümumi dəyəri yenə milyardlarla ölçülən daşınmaz əmlakı Qərbdə olmağın nə demək olduğunu Belarus diktatoru hardan anlaya bilərdi ki… Əliyev üçün “semiçka pulu” hesab ediləcək 300-500 milyon Lukaşenko üçün böyük puldur. O bu pulu ölkəsinin iqtisadiyyatına yatırmaqla əhalinin rifahını yaxşılaşdırmağı bacarır…
Lukaşenko tipik diktatordur, Belarus keçmiş sovet qanunları ilə yaşayır, burada insanlar çalışır, rüşvət yoxdur, səhiyyə və təhsil pulsuzdur, bir sözlə, söz azadlığı və demokratiyadan başqa hər şey var. Banan, kartof, soğan, yağ və pivə bizdəkindən təxminən 3 dəfə ucuzdur. Monopoliya yoxdur, məmurlar maaşa baxırlar. Dövlət başçısının qohumlarından ən yüksək vəzifədə olanı “zastava” rəisidir. Bu qədər…
Lukaşenkolu Belarusdan fərqli olaraq, Ilham Əliyevli Azərbaycanla müqayisə oluna biləcək dövləti tapmaq çətindir. Bunun üçün biz bir neçə əsr geriyə – orta əsrlərə müraciət etməliyik.
Ömürlük parlament üzvləri, ömürlük nazirlər, ömürlük məmurlar dövrünü Avropa təxminən 500 il bundan əvvəl yaşayıb. Orta əsrlər Parisində Sena çayının sol sahilindəki bərabərsizlik simvolu olan qəsrlər, Bakıda XXI əsrdə tikilir. Teymur Əliyev və Atatürk prospektlərində, eləcə də Bakının digər səmtlərində xalq arasında “milyonerlər məhəlləsi” adlandırılan məkanlar buna gözəl nümunədir. Əslində bunlar məmur məhəlləsidir, milyonerlər də məmurlardır. Ölkədə rəsmi şəkildə elan olunmuş milyoner olmasa da, günə bir neçə milyon qazanan məmurlarımız var. Ötən yazılarımın birində 2008-ci ildə Azərbaycanda və XVI əsrdə Ingiltərədə qəbul edilmiş torpaq qanunu, eləcə də XIX əsrdə Rusiyada təhkimçiliyin ləğvi haqda yazmışdım. Beş yüz əvvəlki Ingiltərə və 150 il əvvəlki Rusiyada olduğu kimi, Azərbaycanda da sonda sadə vətəndaşın son ümidi olan torpaqlar faktiki olaraq məmurun əlinə keçdi…
Bəli, Minsk sammiti ilə Azərbaycan hakimiyyəti 20 illik demokratiya imitasiyasından da imtina etdi. Rejim ən çətin anlarda ona etimad göstərən Qərbə, eləcədə sadə xalqa dirsəyini göstərdi və işğalçı Ermənistanın daxil olduğu bütün qurumlara üzv olacağını bəyan etdi. Əliyevlər hakimiyyətdə qalmağın xatirinə hər şeyə gedə biləcəklərini birmənalı şəkildə dünyaya bəyan etdilər. Rejim hazırda Rusiyadan tam asılı vəziyyətə düşdü, obrazlı desək, yaşıl dolları rus rubluna dəyişdi. Lakin bir məsələ var ki, məmur oliqarxların milyardlarla vəsaiti hələ də Qərbin iri banklarında yatır. Buraya Avropa və Amerikadakı daşınmaz əmlakı da əlavə etsək, Qərbin hansı təsir imkanlarına malik olduğu haqda dolğun təsəvvür yaranır. Əliyevlər rejimi hazırda çox çətin durumdadır, yəni anlayacağınız “bığ və saqqal məsələsi”. Bəli, kədər səbəbsiz deyil və burada Vladimir Putin və onun Rusiyası da acizdir. Onlar da iqtisadi baxımdan Qərbdən asılıdır.
Azərbaycanın iri məmur-oliqarxlarının Qərbdəki vəsaitinin təhlükə altında qalması, eləcə də onların Avropaya girişinin qadağan edilməsi tamamilə mümkündür. Yəqin ki, sanksiyalar da olacaq.
Hazirda “Prezident Ilham Əliyev seçildi və hər şey arxada qaldı” deyənlərin də çöhrəsi gülmür. Nəinki onların…
Yəqin ki, Minsk sammitindən reportaja baxanlar heç bir dövlət başçısının üzünün gülmədiyinin fərqinə vardılar. Hətta kameralara da gülümsəməkdə zorluq çəkirdilər. Təkcə, ən kasıbı Lukaşenkodan başqa…
Çox güman ki, o dünyada bu qədər varlı dostları olan yeganə kasıb diktator olduğunun fərqindədir…