«Biz dağlarda müharibəyə hazırlaşırıq»
Eynulla Fətullayevin rəhbəri olduğu Virtualaz.orq saytı yeni müdafiə naziri Zakir Həsənovu elə beləcə, ermənilərin canına vəlvələ salacaq şəkildə, təmtəraqla təqdim etdi. Yəni anlayacağınız “biz öz Suvorovumuzu tapdıq və sizin ananızı ağladacağıq”. Zakir Həsənov – Aleksandr Suvorov “müqayisə”sindən əvvəl, bir haşiyəyə çıxmaq istəyirəm…
Virtual aləmin saysız-hesabsız tanışlıq saytlarında kişi axtaran xanımların əksəriyyətinin anketi təxminən belə qurtarır – “virt ne predlaqat”. Bu xəbərdarlıq “narahat” kişilər, bizim dildə desək, yanıqlar üçündür, yəni bizə uzaq məsafədən seks təklif etməyin. Bir az da irəliləyək, məsələn, Kamçatkada yaşayan qadın, yalnız skaypda gördüyü bakılı tanışının “soyunma” təklifini, daha doğrusu yalvarışlarını rədd edir. Deyir ki, məni sevirsənsə, dur gəl bura, sübut et ki, manyak deyilsən…
Virtualaz.orq-un bu yazısı da, təxminən belə bir şeydir, Kamçatkada yaşayan qadınla bakılı “narahat”ın virtual sevgisinin tərənnümünə bənzəyir. Məqsəd fikrimcə, müdafiə nazirinin kimliyi deyil, onun zəif damarının tapılmasıdır. Nədir bu ucuz təqdimatın məqsədi, erməniləri qirxutmaq, yoxsa?… Kim bilir, bəlkə də yeni nazirə mesaj göndərilir ki, biz sizi əslində tanıyırıq, amma görürsünüz necə bəy tərifi edirik. Ağlabatandır, amma bu dəfə də qaş düzəltmək əvəzinə vurub gözü də çıxarmasalar yaxşıdır…
Saytın təqdim etdiyi material, əslində… Zakir Həsənovun, polis generalı kimi, 6 il bundan qabaq, 2007-ci ilin martında Rusiyanın “Voenno-promışlennıy kuryer” jurnalına verdiyi müsahibədir. Yazı elə-belə də adlanır: “Dünənin əsgəri, bu günün polisi”. Müsahibəni də hazırda hərbi-analitik kimi fəaliyyət göstərən Cəsur Məmmədov (Sümərənli) götürüb.
Müsahibədə nə “dağlarda döyüş”ə, nə də Suvorova bir kəlmə də eyham yoxdur. Prezident Ilham Əliyev və Zakir Həsənovun ovaxtkı şefi Ramil Usubovun tərifi göyə qaldırılır və daxili qoşunların hazırlıq səviyyəsinin yüksək olduğu vurğulanır. Orijinaldan bir neçə cümləni nəzərinizə çatdırmağı özümə borc bilirəm, Buyurun: “son iki ildə Daxili Qoşunlar zabitlərinin 48%-i xidməti mənzillərlə təmin edilib, Keçən ildən DD-nin istirahət mərkəzi istifadəyə verilib. Artıq 200 zabit ailəsi bu mərkəzin xidmətlərindən istifadə edib. Qeyd edim ki, burada dörd nəfərlik zabit ailəsinin on gün istirahəti onlara 20-25 manata başa gəlir”(davamını bu linkdən oxuya bilərsiniz (http://vpk-news.ru/articles/1994).
Müsahibə Daxili Qoşunların şəxsi heyəti ilə bağlı olsa da, göründüyü kimi, Virtualaz.orq bu sadə müsahibəni, Zakir Həsənovun yeni təyinatı fonunda bir az dramatikləşdirib, bir az müharibə qazı verib. Daxili qoşunlar milli ordu ilə “əvəzlənib”.
Əslində Zakir Həsənov, ordu sıralarında, bir neçə il xidmət edib, 1985-ci ildə isə, tərxis edilib (26 yaşlı gənc zabit Sovet Ordusundan yalnız səhhəti ilə əlaqədar tərxis ola bilərdi – X.Ə.) və uzun illər Rusiya Federasiyasının Altay diyarında hərbi komissarlıqda işləyib. Azərbaycana isə, atəşkəs dövründə qayıdıb. Qarabağ müharibəsi daxil olmaqla, heç bir hərbi əməliyyatda iştirak etməyib, adı yalnız müxalifətin təşkil etdiyi aksiyaların dağıdılmasında hallanıb.
Yəqin ki, Azərbaycan dünyanın yeganə olkəsidir ki, müharibə vəziyyətində orduya “vzvod” komandiri kimi 28 il bundan əvvəl onu tərk etmiş birisi müdafiə naziri təyin edilir. Ermənilərin bu təyinatla “müharibə riskinin 3 dəfə artması” mülahizəsi sadəcə bizimlə məzələnməkdir. Ölkədə Qarabağ müharibəsi əməliyyatlarında iştirak etmiş, yüksək hərbi biliyə malik onlarla zabit var ki, hələ də “kombat”dır.
Gələk yeni nazirin… dahi rus sərkərdəsi Aleksandr Suvorovla “müqayisə”sinə.
Yeganə oxşarlıq(!) hər ikisi təxminən eyni yaşda… general rütbəsi almasıdır. Aleksandr Suvorov bu ada fransız-polyak ordusunu darmadağın edərək, Krakov şəhəri də daxil olmaqla Polşanın bir hissəsinin alandan sonra layiq görüldü…
Zakir Həsənova bu rütbə, 2003-ilin mayında verildi…
Maraqlıdır ki, mətbuatda bu təyinatla bağlı “bəy tərifi”nin ardı-arası kəsilmir…
Fikirlərimi “Qafqazinfo” saytında Ceyhun Musaoğlu adlı bir müəllifin bu təyinatla bağlı yazısından bir sitatla bitirirəm: “Nəsimi belə deyirdi: ”Vəsf zamanı deyil, Afət”. Kaş ölməzdi, görərdi ki, şeir vaxtıdı…”.
Təsəvvür edirsinizmi, Nəsimi sağ qalmalı və Zakir Həsənovu müdafiə naziri postunda görməli imiş.
…Səfər Əbiyevə görə də 18 il “morozilka”da əzab çəkməliymiş.
Yazıq, Nəsimi, yazıq xalq…