Yəqin ki, məşhur “Qafqaz əsiri” komediyasında füsünkar, gənc Ninanın qohumu tərəfindən sözün əsl mənasında satılması səhnəsini xatırlayırsınız. Saaxovla gərgin bazarlıqdan sonra tərəflər 20 qoyun, “importnı” soyuducu və… fəxri fərmanda (!) dayanırlar. Adi bir sürücü varlanmaqla bərabər, şöferliyini etdiyi adlı-sanlı məmur ilə qohum olacaqdı. Bu xoşbəxtliyin baştutma ehtimalı özünəməxsus şəkildə dəyərləndirilərkən “məlum olur” ki, ərə gedəcək qızdan başqa (!) bu izdivaca hər kəs razıdır. Gələcək bəyin, yəni Saaxovun Ninaya vurulması, onun qohumlarının, eləcə də qızın qohumlarının bu nikaha “pis baxmaması” əsas götürüldü və qərara alındı ki, Nina dədə-baba qaydası ilə qaçırılsın…
Qız qaçırmaq Qafqazda, eləcə də onun bir parçası olan Azərbaycanda el adəti hesab olunsa da, müasir dövrdə bunu tərəflərin birinin, adətən qızın razılığı olmadan həyata keçirmək, cinayətdir. Amma buna baxmayaraq, indiyədək şahidi olduğumuz qaçırma olaylarından çox azı cinayət hesab olunur. Qız tərəfinin şikayətçi olmamasının əsas səbəbi, qızın qaçırılandan sonrakı vəziyyəti ilə bağlı olur. Belə ki, əksər hallarda qızın qaçırılması ilə onun bakirəliyinin alınması paralel baş verir. Qeyri-müsəlman ölkələrində belə adətə rast gələ bilməzsiniz, çünki onlarda bakirəliyin toy gününə qədər qorunması deyə bir şey yoxdur və ondan şantaj kimi istifadə mümkün deyil. Yəni bizdə qız o məqsədlə qaçırılır ki, onun qaçıran şəxsə ərə getməkdən başqa çarəsi qalmasın. Praktika göstərir ki, geri alınan qızlar çox çətinliklə ərə gedir. Bunu gözə alan qızın və ailəsinin seçim imkanı daralır və oğlan tərəfindən şikayətçi olmur. Dərhal toy günü təyin edilir.
Toy gününün də tələsik təyin edilməsinin səbəbi var, hüquq mühafizə orqanlarını fakt qarşısında qoymaq və qızın şoka düşmüş sevglisinin son ümidlərini dəfn etmək… Təxminən yüz belə hadisədən bir neçəsi uğursuz olur, bəzisində qız tərəfi israrla qızı geri alır, o birində sevgilisi şokdan çıxaraq (!), hər şeyə rəğmən istədiyi qıza sahib çıxır. Müxtəlif faciəvi variantlar da istisna olmur. Istənilən halda qızın razılığı olmadan bu izdivaclardan sonra ərlə arvad qarşılıqlı nifrətlə keçən bir ömür yaşamağa məcbur olurlar və çox vaxt övladları da bu saxta sevginin qurbanı olur…
Hazırda Azərbaycan xalqı yuxarıda misal gətirdiyimiz “Qafqaz əsiri” filmidəki oğurlanmış Ninanın taleyindən də ağır vəziyyətlə qarşı-qarşıyadır. Ona da seçim etməyə belə imkan vermədilər. Dərhal toy məclisinə (inaqurasiyaya – X.Ə.) gətirdilər. Məzahir adlı “lisenziyasız” molla tərəfindən, tələsik, birtərəfli qaydada saxta nikah da kəsildi.
Saaxovun, Ilham Əliyevdən bacarıqsız olduğunu ağlınıza belə gətirməyin. Saaxov qızı qaçırsa da, buna hüquqi don geydirməyə çalışırdı, Ninanı, bu yetim qızı yola gətirməkdə israr edirdi. Vaxt qazanmaq, arada azacıq da olsa məhəbbətin olmasını istəyirdi. Bir sözlə, toya tələsmirdi. Nəhayət, Saaxov sadəcə evlənmək istəyirdi, hakimiyyətə gəlmək yox, ona bir qızın seçimi lazım idi.
Bəxtsiz Saaxovdan fərqli olaraq, Ilham Əliyevin ölkənin hüquq mühafizə orqanları ilə heç bir problemi yoxdur. Əksinə, seçkidə məhz onlar həlledici rol oynadılar, saxtakarlığa etiraz edənləri yaxşı halda məntəqələrdən uzaqlaşdırdılar, pis halda həbs etdilər.
Ilk baxışda Ilham Əliyev qələbəyə çox yaxın idi, qalmışdı digər “adaxlının” şoka düşməyi və qızın yaxın və uzaq qohumlarının ipə-sapa yatmağı. Heç biri olmadı…
Cəmil Həsənli “şok”u heç yaxına buraxmaq istəmir və qazandığı qələbənin tanınmasında israrlıdır. Açıq şəkildə hiss olunur ki, səsləri oğurlanmış xalq da bunu istəyir.
Yəni, loru dildə desək, qız oğurlanaraq qaçırılıb, toy olub, tələsik molla kəbini kəsilib, lakin qız, onun gözaltısı, qohumları və qonşuları (beynəlxalq ictimaiyyət – X.Ə.) bu “evliliyə” qarşıdırlar. Deyirlər qızı (səsləri) necə aparmısan, eləcə də geri qaytar…
Hətta müftə nikahın qənimi (!) “ZAQS” da (demokratik dövlətlər – X.Ə.), yaxasını kənara çəkib, deyir ki, burada bizlik bir şey yoxdur, qanunla iki dəfədən artıq “evlənmək” olmaz…
…Haqlıdırlar, əslində Azərbaycanda seçkilər həmişə saxtalaşdırılıb. Düzdür, bu dəfə dozasını “məsləhətsiz” dərəcədə qaçırdılar, lap ağ elədilər…
Görünür, saxtalaşdırmağın da bir limiti var imiş…