Etiraf edim ki, jurnalist həmkarımız Pərviz Həşimlinin həbsi olmasaydı belə, mən nə vaxtsa bu mövzudan yazacaqdım. Ən azı daxili işlər naziri Ramil Usubovun dubinkalıları haqqında yazdığım çoxsaylı yazılar məndən tələb (!) edirdi ki, bir yazı da Eldar Mahmudovun maskalıları haqda yazım.
Hələ sovet dövründə yaşadığım rayonun “keqebeşnik”ləri məni xəyal qırıqlığına uğratmışdılar. Onlar mənim fəxr etdiyim bu möhtəşəm qurumun içinə elə etdilər ki, mən bizim dövrün əfsanəsi Ştirlitsdən belə şübhələnməyə (!) başladım. Əhvalat belə olmuşdu…
80-ci illərdə SSRI prezidenti Mixail Qorbaçovun ABŞ-lı həmkarı Ronald Reyqanla görüşləri bütün dünyada maraqla izlənirdi. Zarafat deyildi, soyuq müharibəyə son qoyulurdu. Bu elə bir hadisə idi ki, hətta mənim yaşadığım ucqar bir kənddə belə bunu maraqla izləyirdilər.
Dəqiq yadımda deyil, prezidentlərin ikinci, ya üçüncü görüşdən sonra bizim kənddə məhsul bayramı idi. Bayramın şərəfinə təşkil olunmuş ziyafətdə sadə kolxozçu Ibad kişi (ad şərtidir, mövzu belə tələb edir – X.Ə.) söz istəyir və dünyada gedən qlobal proseslərdən danışmağa başlayır. Yuxarıda bəhs etdiyimiz əhəmiyyətli görüşlərdən danışan Ibad kişi badələri Ronald Reyqanın sağlığına qaldırmağı təklif edir…
Təxminən iki saatdan sonra Ibad kişi Dövlət Təhlükəsizlik Komitəsinin Cəbrayıl rayon şöbəsinin zirzəmisində dindirilirdi…
Ibad kişininin orada olduğu müddətdə ailəsi mal-qaranı, qoyun-quzunu dəyər-dəyməzinə satırdılar. “Keqebeşniklər” bir tosta görə beş min manat aldılar və Ibad kişini ailəsinə qaytardılar.
O vaxt DTK əməkdaşları rüşvət alsalar da, bunu birbaşa etmirdilər, Ibad kişinin adamları pulu rayonda işləyən hansısa mühasibə vermişdilər, ondan da qaranlıqda naməlum şəxslər almışdılar. Belə idilər, o vaxt; görünməyi, ictimaiyyətə açılmağı sevmirdilər…
Maraqlı məqam ondan ibarət idi ki, kənddə DTK agenti kimi tanıdığımız bilinən Tofiq (ad yenə şərtidir – X.Ə.) həmin vaxt Bakıda idi.
Qayıdaq əsas məsələyə, yəni hazırda milli təhlükəsizliyimizin keşiyində duranlara…
Yadınızdadırsa, bir-iki il bundan əvvəl, özünü Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qardaşı kimi qələmə verən şəxs(adını çəkmirik – X.Ə.) həbs olundu. Adam 3 il ərzində asanlıqla sahibkarlardan milyonlar qopara bilmişdi. Fırıldaqçı öz yerində, amma gəlin razılaşaq ki, “od olmayan yerdən tüstü də çıxmaz”…
Yəqin ki, Elşad Abdullayevin göndərdiyi videoların birində “kəkilli” ləqəbli, özünü MTN agenti kimi qələmə verən şəxsi gördünüz. Etdiyi pul söhbətini və özünü kriminal avtoritet kimi aparmasını bir kənara qoyaq. Azərbaycanın 9 milyonluq şəxsi heyətnin tərkibində olsa-olsa beş-altı beləsi ola, ya olmaya. Xarici görünüşü ömür boyu yaddan çıxmayacaq bir adamın DTK-da çalışması “qarğa məndə qoz var”dan başqa bir şey deyil. Yəni “ətrafına bax, kəkilli gözə dəymirsə, diversiyanı rahat şəkildə həyata keçir”…
…Illər öncə qəzetimizin əməkdaşının da bıçaqlandığı bir olayda Çovdarov soyadlı MTN zabitinin adı keçirdi. Sizi inandırıram, əgər Akif müəllimin soyadı Çovdarov olmasaydı, onu belə asanlıqla tapmaq mümkün olmayacaqdı.
Bu gün milli təhlükəsizlik əməkdaşları restorandan tutmuş bazarlara qədər, ictimaiyyətin gur olduğu obyektlərin ya sahibidirlər, ya da açıq şəkildə himayə edirlər.
…Iki-üç il bundan qabaq, uzun müddət görmədiyim dostumla bunu qeyd etməyi qərara aldıq. Görüş təsadüfi olduğu üçün ilk qarşımıza çıxan məkanı seçdik.
Məhşur bir bəstəkarımızın adını daşıyan metro stansiyası (bəstəkarın adını qəsdən çəkmirəm, mövzumuzun tələbi belədir – X.Ə.) yaxınlığında yerləşən bu restorana daxil olduq. Dostumun bizə yaxınlaşan ofisianta “geydirmə içki” xəbərdarlığından sonra gənc oğlan hədə və arxayınçılıq elementləri ilə dolu bir tərzdə – “narahat olmayın, bura Eldar Mahmudovun restoranıdır”, dedi…
Gələk “Pərviz Həşimli” əməliyyatına… MTN-ə inansaq, Pərviz ilgəyi çox asanlıqla dartılan “limonka”ları gətirib düzür, beş yaşlı uşağının hər gün girə biləcəyi həyətdəki qapısı açıq tikiliyə…
Bununla “ürəyi soymayan” Pərviz tapançanı hazır vəziyyətə gətirib uşağın ən sevdiyi oyuncağının içində gizlədir. MTN-in məntiqindən belə çıxır ki, Pərviz canından çox sevdiyi körpəsinə sui-qəsd etməyə çalışırmış…
…Razılaşın ki, Cəbrayıl “keqebeşnik”ləri daha “professional” idilər…