Qərb rəsmən qara kürüdən imtina etdi.
Yazıma vətənində demokratiya aşiqi kimi tanınan, uzun illər AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi olmuş isveçrəli deputat Andreas Qrossun keçənilki müsahibəsində səsləndirdiyi fikirlə başlamaq istəyirəm: “Mən hədiyyə edilən kürü qutularını adətən köməkçilərimə paylayırdım”.
Amma prinsipiallıq baxımından isveçrəli deputatdan fərqli olan bir ççox Qərb diplomatlarına verilən hədiyyələrin miqdarı onların ölkədə keçirilən seçkilərə münasibətilə üst-üstə “düşürdü”. Məsələn, “seçkidə bir sıra pozuntu və saxtakarlıqlar olsa da, bunu demokratiyaya doğru addım kimi qiymətləndiririk” ifadəsi o deməkdir ki, xarici missiya üzvü verilən hədiyyə və rüşvətin miqdarından narazıdır. “Seçki biz gözlədiyimizdən də şəffaf və nümunəvi keçdi, xırda qanun pozuntuları olsa da, bu, ümumi mənzərəyə qətiyyən xələl gətirmədi” fikri isə “hörmət”dən təxminən 85 faiz razı qalanlara aiddir.
Tam razı qalanları da yaddan çıxarmaq olmaz. Bu yerdə dil və bazarlıq etmək qabiliyyəti də önəmli rol oynayır. Türkiyəli qardaşlar, kifayət qədər rusca danışa bilən Şərqi Avropalı müşahidəçilərin seçki bəyanatlarını xatırlayın. Götürək, elə Türkiyənin Mərmərə qrupunun açıqlamasını. O qədər “məmnun” qaldılar ki, Avropanı Azərbaycandan nümunə götürməyə çağırmağa cəsarət etdilər.
Son prezident seçkisində müxtəlif müşahidə qruplarının tərkibində Azərbaycana soxulan avropalı işbaz siyasətçilər nəsibini alsalar da, bu dəfə ATƏT-in yeganə rəsmi müşahidə missiyası seçkini tanımadı. Ardınca ABŞ Dövlət Departamenti nəqliyyat naziri Ziya Məmmədovun oğlunun amerikalı dostlarını məyus etdi. Daha sonra Avropa Parlamenti, Helsinki Komitəsi və digər ciddi qurumlar analoji addımlar atdılar.
Britaniya Xarici Işlər Nazirliyi də lord və baronessalara qara kürünün “zərəri” haqda xatırlatma etdi, seçkilərdəki saxtakarlıqlarla bağlı ATƏT-in mövqeyini bölüşdüyünü açıqladı.
Bu yerdə dünya şöhrətli kinodramaturq Rüstəm Ibrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi yada düşür. Çar Rusiyasının Xəzərdəki bir liman gömrük idarəsinin rəisi Verşagin, onun qabağına hər gün yavan kürü qoyan arvadına qəzəblənir: “Bezdim hər gün qara kürü yeməkdən, heç olmasa, çörək tapaydın…”
Bir az mövzudan kənara çıxsaq da, qeyd etmək yerinə düşər ki, Rüstəm Ibrahimbəyovun bu filminin süjet xətti fantastik şəkildə bugünkü Azərbaycanda gedən proseslərlə oxşayır. Gözlənilməz bir şəkildə Rəhimovdan (R.Ibrahimbəyovdan-X.Ə) estafeti alan Suxov (Cəmil Həsənli-X.Ə) inamla qələbəyə doğru gedir. Verşaginin timsalında isə Azərbaycan məmurları artıq dərk etməyə başlayırlar ki, Cəmil Həsənlini dəstəkləmək yeganə düzgün addımdır.
Film haqqında hələlik bu qədər.
Oktyabrda qeyri-adi heç nə baş vermədi, Əliyevlər son 20 ildə adət etdiyimiz növbəti saxta seçkini keçirdi. Yəni, mahiyyət etibarilə 2010-cu ilin parlament seçkiləri bu ilin prezident seçkilərindən çox da fərqlənmir. Hakimiyyət nümayəndələrinin müxalifətə qarşı aqressivliyi, şəffaf seçki saxtakarlığı, səsverməyə müdaxilə, bir sözlə, total qanun pozuntuları ilə 20 ildir qarşılaşırıq.
Məşhur “O olmasın, bu olsun” filmindəki ritorika yəqin ki, yadınızdadır. Qərbi 20 ildən sonra həqiqəti söyləməyə nə vadar etdi?
20 ildir ki, politoloqlarımız baş sındıraraq, sonunda bunu enerji amili ilə bağlayırdılar. Yəni, Qərb neftdən imtina etmək istəmir.
Məncə, doğru iddia deyil. Əvvəla, neft sülalənin deyil, xalqındır. Ikincisi və ən əsası isə, Azərbaycan hakimiyyəti neftdən asılı vəziyyətdədir. Qərbin Azərbaycan neftindən imtinası ölkədə xaos yarada bilər. Üçüncüsü, dənizin dibindən neft çıxarmaq texnologiyası da elə Qərbə məxsusdur. Azərbaycanın bunu öz potensialı çərçivəsində gerçəkləşdirməsi üçün bir əsr belə yetməz.
Hazırda rejimin nəzarətində olan bütün mətbu oraqanlar və telekanallar bunu Qərblə Azərbaycan hakimiyyəti arasında “anlaşılmazlıq” kimi qələmə verməyə çalışır. Həmişəki kimi, Azərbaycan demokratik qüvvələrinin gücünü və xalqın etirazını görməməyə çalışırlar.
Amma bu dəfə keçməyəcəyini 12 oktyabr izdihamında əyani şəkildə gördük. Bu hələ başanğıcdır…