Yazıma qədim Mayya rəvayəti ilə başlamaq istəyirəm…
“Insan oğlunun həmişə qəmgin olması meşədəki heyvanları narahat edirdi. Onlar bir gün insanı dinləmək, ona kömək etməyi qərara aldılar. Meşədəki bütün heyvanlar əlləri ilə dizini qucaqlamış və gözlərini məchul nöqtəyə dikmiş insan oğlunun ətrafına toplaşdılar…
Insan oğlu onlara dünyanın bütün sirlərini bilmək istədiyini, güclü olmaq istədiyini, amma bunları bacarmadığını söylədi. Heyvanlar insan oğluna kömək etmək qərarına gəlirlər.ÿ
Qartal: “Mənim gözlərim sənin olsun”. Yaquar: “Mənim gücüm sənin olacaq”. Ilan: “Dünyanın bütün sirlərindən səni agah edəcəm” dedi və sözlərinin üstündə durdular. Beləcə insan oğlu bütün istədiklərini alandan sonra getdi. Bayquş onu uğurlayan meşə əhlinə narahatçılığını bildirdi:ÿ
“Insan istədiklərini əldə etdi, indi o hər şeyə qadirdir, nədənsə mən qorxmağa başladım”.ÿ
Maral razlaşmadı: “Insan artıq istədiklərinə nail oldu, daha kədərlənməyəcək”.ÿ
Bayquş: “Mən insanın daxilində bir qara, dərin dəlik gördüm, heç nə ilə doldurula bilinməyəcək bir dəlik… və başa düşdüm ki, onun üzü heç vaxt gülməyəcək. O, hər şeyi əldə etməyə çalışacaq və bu, bir gün təbiətin ”mən artıq yoxam və sənə verə biləcəyim bir şeyim qalmadı” deməsinə qədər davam edəcək”…
Yəqin ki, müasir Azərbaycan reallığına çox bənzəyən bu qədim Mayya rəvayətindən sonra yazının hansı məcrada davam edəcəyini təhmin etmək çətin deyil. Bunu “nəzərə alaraq” mən, bu gün nə Xəzər dənizinin daş hasarlar arxasında qalmasında, nə hakim ailənin Göy-Gölü özəlləşdirməyindən, nə də ki məmurların özlərini qədim Roma əyanları kimi aparmalarından yox, məni bu rəvayəti xatırlamağa məcbur etmiş bir ağbirçək və məğrur azərbaycanlı qadından yazacam…
…Bir neçə gün əvvəl bir supermarketdə ürəkləri ağrıdan, lakin ibratamiz bir səhnənin şahidi oldum. Əlində bir alma tərəziyə yaxınlaşan qoca bir qadın satıcıdan onu çəkməyi xahiş etdi. Satıcı gənc heç təəccüblənmədən onu çəkdi və qadının qulağına qışqırdı – 25 qəpik!. Yaşlı qadın eyni zamanda bu mənzərəyə laqeyd qalmayan və ona bir neçə kiloqram alma almaq istəyən vətəndaşa – “mən dilənçi deyiləm, oğlum”, deyərək, əlində alma, məğrur şəkildə kassaya yaxınlaşdı…
Bu mənzərənin şahidlərini seyr etməyə dəyərdi.., əksəriyyətinin gözləri dolmuşdu. Hamısı o qoca qadına komək etməyə hazır idi, amma qadın onların hamısını rədd etdi, onları göz yaşı tökməyə məcbur etdi. Insanlar taleyin ümidinə qalmış bu ağbirçək anaya kömək etməklə azacıq da olsun təsəlli tapmaq istəyirdilər, olmadı… Ana öz ləyaqətini bir kilo almaya satmadı…
Bəlkə də bəziləri bu qocadan çox, öz gələcəyini düşünürdü, deyə bilmərəm, ancaq mənim üçün bu göz yaşlarının anlamı böyükdür.
Bu mənzərə mənim və milyonların arzusu olan bir Azərbaycanın çox da uzaqda olmadığına simvolik bir işarə idi. Bu kədərli səhnə sadə Azərbaycan insanının ləyaqət və şərəfinin ölmədiyinə parlaq bir misal idi. Əliyevlər rejimi 20 il ərzində xalqı mümkün olan hər cür mərhumiyyətə məruz qoysa da, məqsədinə nail ola bilmədi. Düzdür, bu rejimə qulluq edən yüzlərlə hafiz hacıyevlər, araz əlizadələr, zahid oruclar, qüdrət həsənquliyevlər var, amma razılaşın ki, milyonlarla müqayisədə bu çox azdır.
Biz bunu rejimin ağır sinaqlarına mətanətlə dözən bir qoca qadının timsalında əyani şəkildə bir daha gördük. Ağbirçək qadın rejimə meydan oxudu və “mən dilənçi deyiləm” deyə hayqırdı…
…Bu yaxınlarda dəhşətli təbii fəlakət yaşamış Yaponiyada, sahibsiz evlərdən tapılan 100 milyon dollara qədər nağd pul öz sahiblərinə qaytarıldı və dünya mediası bu təsirli olaydan sonra yaponları ilin xalqı elan etdi. Istər-istəməz meydan mitinqləri yadıma düşdü, o vaxt tez-tez tapılan pul kisələrinin anonsu verilirdi. 200-500 minlik izdihamda itən əşya və pullar üçün ayrıca bir guşə də vardı, hətta. O vaxt bizi də ilin xalqı elan edəndə məhz bu keyfiyyətlərimizi nəzərə almışdılar.
Əlbəttə, bunlar məsələnin mənəvi tərəfləri idi, əslində yapon xalqı təbii fəlakət nəticəsində atom stansiyasında baş verən qəzaya mətanətlə sinə gərmiş, Azərbaycan xalqı isə dünyaya yeni bir milli-azadlıq hərəkatı nümunəsi göstərmişdi.
Biz bunu qürur dolu anları yenidən yaşamağa həm layiqik, həm qadirik və ən əsası isə, məcburuq…