«Əgər ölkədə pul əskinasları «veyillənirsə», deməli, kimdəsə bu lap çoxdur»
Ostap Bender
Yəqin bir çoxunuz Ilf və Petrovun “Qızıl dana” əsərini oxumusunuz, ya da onun əsasında çəkilmiş eyni adlı məhşur filmə baxmısınız. Baş qəhrəman, dahi kombinator Ostap Bender qanunsuz yolla varlanmış gizli milyoner Koreykanın izinə düşür. Məlum olur ki, NEP (Sovet hakimiyyətinin ilk illərində yürütdüyü uğursuz “yeni iqtisadi siyasət” – X.Ə.) dövründə ərzaq təchizatı şirkətinə qeyri-rəsmi rəhbərlik edən bu şəxs milyonlar qazanıb və izi itirərək sakit həyat tərzi sürür. Bender, bəsit metodlarla, 46 manat maaşa qulluq edən bu mühasibi ifşa etməyə nail olur. Koreyka müqavimət göstərmir və Benderin şərtlərini qəbul edir və qanunsuz yolla əldə etdiyi sərvəti onunla bölüşməyə razı olur.
Koreykanın nə avtomobili, nə malikanəsi, nə də şəxsi obyekti var idi, hətta sevdiyi xanım belə onun maddi vəziyyətini əsas gətirərək, onunla ailə qurmağı rədd edirdi. Koreyka qorxusundan ona varlı olduğunu açıb soyləyə bilmədi, beləcə evlənə də bilmədi.
Koreyka qorxurdu, çünki qanunlar işləyirdi və oğurladığı milyonlara görə onu nələrin gözlədiyini yaxşı bilirdi, odur ki, Ostap Benderin şərtlərini qəbul etdi.
Çörəyi hamı kimi, kartoçka ilə alan hakimin ona uf demədən güllələnmə hökmü kəsəcəyinə heç bir şübhəsi yox idi…
…Yəqin ki, Ostap Bender bizim müasirimiz olsaydı, çoxdan həbsxanada idi. Koreykanın da bəxti gətirmədi, çünki onun xəyal etdiyi rejim Azərbaycanda bərqərar olub.
Əslində Koreykanın müasirləri olan azərbaycanlı məmurlar heç nəyi gizlətmirlər də. Təxminən 1000-2000 manat maaş alan məmurların xalqın gözü qabağındakı sərvəti milyardlarla ölçülür. Bunu sübut etməyə ehtiyac belə yoxdur, adi vətəndaşdan tutmuş, prokurora qədər hər kəs bilir ki, filan şadlıq evi kimindir, filan klinika kimindir, filan restoran da kimin. Məsələn, götürək elə “Torqovı”nın göbəyindəki “Nərgiz” AVM-i , yaxud da, 28 May metrosunun yanındakı möhtəşəm “28 Mall” (!)ticarət mərkəzini…
Istər sadə vətəndaş, istərsə də Ilham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov gözəl bilir ki, bu obyektlər prezidentin ailəsinə məxsusdur. Onlara məxsus digər obyektləri sadalamaq üçün bizə bir qəzetin yəqin ki, 16 səhifəsi belə yetməz. Bu, çoxdan sirr deyil və hamının bildiyi həqiqətdir. Hətta bu obyektlərin idarəçilərinin aldığı maaşın bəzən prezidentin rəsmi maaşını bir neçə dəfə üstələməsini də siyasətdən uzaq bir şəxsdən eşitmişəm. Xalq yatmır, hər şeyi görür…
…Bu yaxınlarda Dəmir Yolu Idarəsinin rəisi Arif Əsgərovun baldızı uşaqları nə az, nə çox, düz 48 milyonluq fırıldaqda ittiham edildi. Simvolik və düşündürücü rəqəmdir, deyilmi?
Adi bir idarə rəisinin baldızının oğlanları bu qədər yeyə bilirlərsə, o zaman ölkə başçısı niyə də ölkədən 48 milyard dollar çıxara bilməsin? Arif Əsgərov Ilham Əliyev komandasındakı yüzlərlə məmurdan biridir. Arif Əsgərovun sərvətinin yanında baldızı uşaqlarının 48 milyonu “semiçka pulu”dur. Idarə rəisinin sərvəti ilə ölkə başçının sərvətini isə özünüz müqayisə edin, əziz oxucular…
A.Əsgərovun bu sərvəti necə “qazanmasını” sübut etmək üçün heç Ostap Bender kimi əlləşmək-filan da lazım deyil. Gərgin qrafiklə işləyən dəmiryol şəbəkəsindəki qatarlar, elektrovozlar hətta relslər belə 30-40 ildən qalmadır. Bir neçə ay bundan əvvəl Bakı-Gəncə ekspress (!) qatarı ilə Kürdəmirə gedən bəndəniz təxminən beş saata oraya vardı. Saatda 45-50 kilometr irəliləyirdik. Dəmir yollarına “ayrılan” yüz milyonlarla manat cəhənnəmə, gəlirləri belə sistemi modernləşdirməyə yetər…
Digər sahələri, 2500 manata sənədləşdirilən 2 milyon manata satılan yüzlərlə hektar torpaqlardan gələn pulları əlavə etsək, ölkədəki qeyri-leqal pullar, yüz milyard dollarla ölçülür…
…Ayda 33 min dollar alan ABŞ prezidenti Barak Obamaya adamın yazığı gəlir. Bəxti gətirsəydi, elə Arif Əsgərovun qohumu olardı, ya da Vergilər nazirliyində idarə müdiri olardı, ən azı beş dəfə çox qazanardı…
Əli Əhmədova inansaq… elə Ilham Əliyevin də bəxti gətirməyib, maaşla dolanır, yay tətilində də Arif Əsgərovun Göygöldəki villasında kirayə qalır…