Prezidentliyə namizədlərin teledebatlarında olduqca qəribə hallar baş verir. Iqtidar namizədləri gözləmədiyimiz halda bizi yaxşı mənada təəccübləndirir, ayrı-ayrı məqamlarda hətta müxalifətdən bir addım önə keçirirlər. Inanılmazdır, amma həqiqətdir…
Nə Cəmil Həsənli, nə Iqbal Ağazadə, nə də ki, Sərdar Cəlaloğlu məndən inciməsin, fikrimcə, sonuncu debatın qəhrəmanı məhz Zahid Oruc oldu. Açıq şəkildə, qeyri-ixtiyari etiraf etdi ki, əgər Qarabağ məsələsində mövcud iqtidara ümid edirsinizsə, sizin başınıza hava gəlib. Bu iqtidar nə qədər iş başındadır, heç dünyaya gələcək kötücənizin kötücəsi belə torpaqlarımızın azad edilməsini görə bilməyəcək. Eyni zamanda Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü olan deputat qürurla bəyan etdi ki, son iyirmi ildə cəbhə xəttində 200 metr irəliləmişik. Bu, təxminən ilə 10 metr, günə isə 3 santimetrdən bir qədər azdır. Onun sözlərindən belə çıxdı ki, gələcəkdə hər hansı bir tərs durum olmasa, təxminən… 15 min ildən (!) sonra Xankəndinə Azərbaycan bayrağı sancılacaq, növbəti 3-4 min il ərzində isə Laçın dəhlizini bağlayacağıq.
Dünyanın ən ləng hərəkət edən canlısı sayılan tısbağanın ən hərəkətsizi saatda təxminən 70 metr qət edir. Bu, günə 1 kilometr 600 metr, bir ilə isə 613 kilometr məsafə deməkdir. Yəni təmas xətti ilə işğal edilmiş ən uzaq yaşayış məntəqəmizə adi bir tısbağa il ərzində 2 dəfə rahat gedib gələ bilər…
…Məncə, danışan Zahid Oruc deyildi, danışan Zahid Oruc qılığına girmiş mələk idi. Girdi… və “20 ildə 200 metr irəliləmişik” deyib getdi.
Təxminən bir il əvvəl “Azadlıq” qəzetində oxşar mövzuda bir yazı yazmışdım. Iqtidar nümayəndələrinin mistik bir şəkildə, hakimiyyəti ifşa etməsinə dair çox sayda misallar gətirmişdim. Elə debatın getdiyi ITV-nin keçmiş rəhbəri Ismayıl Ömərovun, Miili Məclisin deputatı haqda və adekvat olaraq, deputatın da ITV haqqında söylədiklərini xatırlayın. Hədəf kimi bir-birini seçsələr də, əslində rejimin mahiyyətini ortaya qoydular.
Qubadan deputat seçilən və 124 nəfərlik Milli Məclisdən bəlkə də seçiciyə ən yaxın(!) olan Vahid Əhmədovun, Quba olayları zamanı rayona səfərini bir cümlə ilə baxın necə dəqiq ifadə edir: “Biz ölümün bir addımlığında idik”. Ən yaxşı millət vəkillərindən sayılan(!) biri bu gündədirsə, fəaliyyəti dövründə bir dəfə də olsun seçicisi ilə görüşməyən deputatın oxşar vəziyyətdəki halını özünüz təsəvvür edin. Hazırda, obrazlı desək, mələklər yenə iş başındadırlar…
Rejimin iri məmurları ilə müqayisədə Azərbaycan insanının rifahı elə yuxarıda gətirdiyim tısbağa əmsalına bərabərdir. Təsəvvür edin, bu yaxınlarda Baş Dəmir Yolları Idarəsinin rəisi Arif Əsgərovun təkcə arvad tərəfdən olan qohumlarının 28 milyon manatlıq yeyintisi ictimaiyyətə açıqlandı. Rejimin Arif Əsgərov çapında təxminən yüzdən çox məmuru var və hamısı da evlidir, yəni baldızları, qayınları var. Hamısı da kürəkənlərinin idarəsində işləyir. 9 milyon xalqın sərvətini bir neçə yüz məmur mənimsəyir, nəticədə müəllim 158 manat, həkim isə 105 manat maaş alır. Məsələ bu qədər bəsitdir və iqtidar da adi vətəndaş da bunun fərqindədir. Birincilər “harda qırılar, qırılar” prinsipi ilə yaşayır, ikincilər isə… əlverişli məqam gözləyirlər. Gələk Qarabağ məsələsinə… Iqtidarın ildə bir dəfə paradla, zaman-zaman isə müharibə ilə hədələdiyi Ermənistan və onun prezidenti Serj Sərkisyan, seçkiqabağı açıq şəkildə Ilham Əliyevi dəstəklədi. Onu başa düşmək o qədər də çətin deyil… Serj Sərkisyan hər il mayın 8-i, heç bir maneəsiz-filansız, Şuşaya qələbə bayramını qeyd etmək üçün gedir…
Həmin vaxt Azərbaycanda baş tutmalı olan Şuşanın anım gününü isə, məlum bayrama görə, bir neçə gün əvvələ çəkirlər… Dövlət səviyyəsində keçirildiyi iddia olunan bu tədbirə hər dəfə bir neçə deputatdan başqa heç bir dövlət rəsmisi qatılmır. Səhv etmirəmsə, sonuncu dəfə bu tədbir… YAP-ın gənclər ofisinin darısqal zalında keçirildi və bir saat belə çəkmədi…
…Mələklərin adını çəkdik, amma bu, şəhidlərimizin ruhu da ola bilər…