Prezidentliiyə namizədlərin srağagünkü debatı rejimin xalqdan nə qədər qorxduğunu əyani şəkildə göstərdi. Vaxtilə elə Ictimai Televiziyanın efirindən iqtidarı tərənnüm edənlərin isterikası, əsəblərini cilovlaya bilməməsi, etik çərçivədən çıxan davranışları haqda ötən yazımda verdiyim proqnozlar özünü doğrultdu, muzdlu namizədlər xalqı təhqir etməkdən belə çəkinmədilər. Ilham Əliyev zahid orucların, hafiz hacıyevlərin, qüdrət həsənquliyevlərin, araz əlizadələrin ümidinə qalıb. Cəmiyyətdə nüfuzu və ictimai çəkisi olan şəxslərin heç birinin rejimə dəstək verməməsi təsadüfi deyil. Rejim xalqla baş-başa qalıb və onlar bunun fərqindədir.
20 ildir ki, ölkənin sərvətlərini çapıb-talayan rejim 12 dəqiqəlik həqiqət qarşısında duruş gətirə bilmədi, 9 milyonun gözü önündə solmağa başladı. Dözülməzlik o həddə gəlib çatdı ki, prezidentin səlahiyyətli nümayəndəsi Əli Əhmədov canlı yayımda özünəməxsus “him-cim”lə muzdlu namizədlərə hucum əmri verdi, sonra da özü onlara qoşuldu. Əslində Cəmil müəllim hamının bildiyi həqiqətləri mülayim, özünəməxsus şəkildə sakit bir tonla söyləyirdi. Fərq onda idi ki, bunu xalq eyni vaxtda, özü də bütün günü Ilham Əliyevi tərifləyən bir efirdən eşidirdi. Qeyri-rəsmi olaraq Ilham Əliyevin vəkilləri rolunu oynayan namizədlərin sifət cizgilərindəki dəhşəti oxumamaq mümkün deyildi. Onlar verilən tapşırığın, yəni Cəmil Həsənlinin əsəbləri ilə oynamaq və onu özündən çıxarmaq vəzifəsinin öhdəsindən gələ bilmirdilər. Bunu görən Əli Əhmədov və dəstəsi seçki tariximizin ən böyük rəzalətində baş rol oynamaqdan belə çəkinmədilər. 9 milyonun gözü qabağında professor Cəmil Həsənliyə qarşı təhqirə və hətta fiziki güc tətbiqinə qalxdılar.
Illər insanları müdrikləşdirir deyirlər, amma ilk dəfə təxminən 23 il əvvəl, BDU auditoriyasında gördüyüm Əli Əhmədov bu illər ərzində nəinki dəyişməmiş, əksinə, gördüyünüz bu vəziyyətə, yəni xalqın ən dəyərli ziyalısına qarşı heç bir çirkin əməldən çəkinməyəcək bir hala gəlib çatmışdır. Professor Cəmil Həsənlini söylədiyi həqiqətlərə görə didib-parçalamağa belə hazır idi.
Əli Əhmədov o zamanlar Bakı Dövlət Universitetinin elmi-kommunizm kafedrasının müəllimi, mən də tarix fakültəsinin tələbəsi idim. Biz bu kafedraya SSRI adlı imperiyanın son qalası deyirdik. SSRI dağılmaq üzrə idi, müttəfiq respublikaların bütün ali məktəblərində elmi-kommunizmin tədrisi dayanmışdı, yalnız bu kafedra inadından dönmürdü. Nəhayət, çıxış yolu kimi kafedranın adını dəyişib politologiya kafedrası qoysalar da, müəllimlər elmi-kommunizmdən əl çəkmədilər. Dəfələrlə auditoriyadan qovuldular, amma politologiyaya yaxın durmadılar ki, durmadılar. Inadkar idilər, SSRI-nin dağılması ilə heç cür barışa bilmirdilər, bizi imperiyanın bərpa ediləcəyi ilə hədələyirdilər…
Təxminən 22 ildən sonra ilk dəfə Əli Əhmədovu oxşar ampluada, əvvəlkindən daha aqressiv və narahat gördüm. Bu dəfə o, sədr müavini olduğu YAP-ın addım-addım Kommunist partiyasının acı taleyinə yaxınlaşmasını həzm edə bilmirdi…
Bütün avtoritar rejimlərdə olduğu kimi, Ilham Əliyev iqtidarı da böyük maliyyə resursları və inzibati idarə sisteminə ümid edir. Bu, əslində avtoritar rejimlər üçün bir tələdir. Ərəb inqilablarında biz gördük ki, insan amilinin qarşısında heç bir qüvvə dayana bilmir. Fəlakət həddində yaşayan milyonlar, bir qrupun əlində cəmləşmiş maliyyə resurlarına sahib olmaq üçün ayağa qalxır.
Liviyada xalq ayağa qalxanda Qəzzafinin xarici banklarda 150 milyard dollardan çox pulu, güclü adminstrativ komandası var idi. Misirdə xalq etirazları başlanan ərəfədə Hüsnü Mübarəkin xarici banklarda 170 milyard dolları, hər 30 vətəndaşa bir polisi var idi…
Ədalət naminə qeyd etməliyik ki, bu rejimlərdə insan amili heç də sonuncu faktor olmayıb, bu ərəb ölkələrində qanun bir yerə qədər işləyib, insanlar kifayət qədər maddi imkanlara malik olub, təhsil və səhiyyə pulsuz və keyfiyyətli olub. Lakin insanlar demokratiya istədilər və bir tayfanın əbədi hakimiyyətinə yox dedilər. Bu günə qədər devrilmiş diktaturalardakı azsaylı toqquşmaların davam etməsinin bir səbəbi də, kifayət qədər çox insanın yaxşı yaşaması ilə əlaqədardır.
Bu kriteriyalardan yanaşsaq, Azərbaycanda hakimiyyət dəyişikliyi tamamilə ağrısız keçəcək. Insan amilinə ən biganə rejimin bərqərar olduğu Azərbaycanda qısa, bəlkə də bir neçə saat çəkən mübarizə gedəcək…