Müxalifətin vahid namizədi, professor Cəmil Həsənli sırağagünkü debatda olduqca aqressiv görünən opponentlərini çox çətin vəziyyətə saldı, onları demək olar ki, oyundankənar vəziyyətdə qoydu. Debatın professor üçün asan keçəcəyi proqnozlaşdırılsa da, digər namizədlərin bu dərəcədə isterikaya düşəcəyi də gözlənilməz oldu. Obrazlı desək, opponentlərin Cəmil Həsənlini Məzahir Pənahovla hədələməsinə vaxtın qısa olması mane oldu…
Illərlə Əli Kərimli və Isa Qəmbərə görə proqramlaşdırılan(!) “iqtidar müxalifəti” klassik çərçivədən kənara çıxmağı bacarmadı. Zaman-zaman bütün potensialını bu iki siyasətçiyə xərcləyən rejim üçün Cəmil Həsənli gözlənilməz oldu desək, yəqin ki, yanılmarıq. Fikir verdinizsə, Cəmil Həsənlinin çıxışına qədər bir çox namizədlər əvvəlki amplualarında idi, kimi Əli Kərimlini, kimi Isa Qəmbəri tənqid etməklə məşğul idi. Heç bir iddia ortaya qoymayan bu namizədlərin hər birinin Ilham Əliyevin muzdlu vəkili statusunda çıxış etməsinin özü analoqu olmayan bir siyasi anormallıqdır, hətta avtoritar rejimlər bu addımı atmağı rəva görmürlər. Sual oluna bilər, prezidentin kursunu bəyənirsənsə, niyə namizədliyini verirsən?..
Aydındır ki, prezidentliyə namizədliyini verən şəxs, məntiqə görə özünü ilk növbədə hakimiyyətdə olan prezidentdən bacarıqlı hesab etməlidir. Loru dildə desək, əgər Zahid Oruc namizədliyini irəli sürürsə, o, özündə cəsarət tapıb bəyan etməlidir ki, mən özüm bu posta Ilham Əliyevdən daha layiqəm. Öz platformasının hazırkı prezidentin platformasından üstün olduğunu bəyan etmək əvəzinə, hazırkı prezidenti tərifləyən namizədlərə ən yaxşı halda yaltaq demək olar. Kimsə bu təhqiramiz ifadəni işlətməyi özünə rəva bilməyib, onları çoban adlandırırsa, bu onun alicənablığından irəli gəlir. Bundan incimək lazım deyil, rusların bu haqda gözəl bir deyimini xatırlatmaq yerinə düşərdi: “Lyubiş katatsya, lyubi i sanoçki vozit” (sürüşməyi sevirsənsə, kirşəni daşımağı da sevməlisən)” Sizi bu yola biz sürükləməmişik ki, özünüz seçmisiniz…
Bu səbəbdən də sırağagün prezidentliyə namizədlərin ilk teledebatında Cəmil Həsənlidən başqa heç bir namizəd nə açıq, nə də dolayısı ilə “mənim prezident olmağa Ilham Əliyevdən çox haqqım var” deməyə cəsarət etmədi. Fikir verdinizsə, qiymətli vaxtlarının bir hissəsini haqlarında işlədilən çoban ifadəsinə etiraza həsr etdilər. Bir yana baxanda düz elədilər, çoban çox məsuliyyətli və cəsarəti sevən bir peşədir. Yüzlərlə heyvanı qurd-quşdan qoruyub, onları bəsləmək sizə asan gəlməsin. Iqtidar süfrəsinin qırıntıları ilə bəslənənlərə nəinki qoyun, heç toyuq-cücə də etibar etmək olmaz.
Ilham Əliyevin debatda iştirak edən vəkili Əli Əhmədovun, eləcə də digər iqtidar namizədlərinin elə ilk debatdakı isterik çıxışları sonrakı teledebatlarda baş verə biləcək anormallıqların müjdəsini verir. Məsələn, mənə elə gəlir ki, növbəti debatlarda biz analoqu olmayan hədələr, etiraflar eşidəcəyik. Namizədlərdən biri mütləq Cəmil Həsənliyə qeyri-ixtiyari olaraq, MSK-nın kimə işlədiyini xatırladacaq. Diqqətlə debatı yenidən izləsəniz, asanlıqla bu ritorikanı tutmaq mümkündür. Əli Əhmədov, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev başda olmaqla əksər namizədlər bunun bir addımlığında idilər. Mən oxşar arqumentlərin səslənəcəyinə əminəm, çünki opponentlərinin Cəmil Həsənliyə qarşı kəskin şəkildə arqument qıtlığı yaşaması açıq-aşkar hiss olunur.
Prezidentliyə namizədlərin ilk teledebatında rejimin ixtiyarında 54 dəqiqə olsa da, müxalifətin vahid namizədi Cəmil Həsənli ona ayrılan 6 dəqiqəyə Əliyev hakimiyyətini ifşa etməyə nail oldu. Ədalət naminə deyək ki, digər namizədlərin də, demək olar, hamısı öz vaxtlarını səxavətlə Cəmil Həsənliyə “ayırdılar”, dolayı yolla onu təbliğ etdilər. Əslində tənqid etməyə çalışdılar, amma bacara bilmədilər. Yəqin ki, növbəti debatlarda daha da aqressiv olmaq təlimatı alacaqlar, birinci debatda işlətdikləri “böyük alim”, “sizə böyük hörmətim var” ifadələrinə görə tənbeh ediləcəklər. Odur ki, növbəti debatlarda klassik “donquli” ittihamların yağış kimi yağacağını proqnozlaşdırmaq olar. Cəmil Həsənlinin bundan maksimum “yararlanacağı” şübhəsizdir…
Xatırlayırsınızsa(!), biz vaxt azlığından şikayətlənirdik. Ilk debatdan sonra məlum oldu ki, narahatçılığa heç bir əsas yoxdur, belə ki, qalan 54 dəqiqə də müxalifətin “ixtiyarındadır”. Digər namizədlərin Ilham Əliyevin vəkilləri statusundan uzağa gedə bilməməsi və 6 dəqiqənin 5 dəqiqəsini Cəmil Həsənliyə və müxalifətə “ayırması”ndan gözəl nə ola bilər ki?..