Öz şüurlu həyatının 40 ildən çox bir dövrünü Əliyevlər epoxasında keçirmiş bir nəslin nümayəndələri yavaş-yavaş aramızdan gedir, haqq dünyasına qovuşurlar.
Orta nəsil valideynləri, gənc nəsil isə, baba-nənələri ilə vidalaşır. Yaşlı nəsil haqqında yazılarımda həmişə ehtiyatlı olmağa çalışsam da, bu gün ənənəni bir qədər pozmağa, yəni səmimi olmağa çalışacam.
Anam da, atam da bu nəslin nümayəndələridir. Atam kənd müəllimi, anam əməkçi qadın olub. Onların da ömürlərinin demək olar ki, yarıdan çoxu Əliyevlərin hakimiyyət illərinə təsadüf edir. Halal zəhmətləri ilə 6 övlad böyüdüb boya-başa çatdırdılar. Əlbəttə ki, sovet dövründə…
Mənim üçün dünyanın ən əzabkeş qadını Heydər Əliyev dövrünün kolxozçu qadınıdır. Hazırda həyatda olan bu qadınlarının hər birində o illərin nişanəsi var – sanki böyük bir qəza, yaxud xəstəlik keçiriblər. Mən onları bəzən Xirosima və Naqasaki faciələrini yaşamış insanlarla müqayisə edirəm. 24 saatın təxminən 14 saatını tarlada keçirən analar evə gəldikdən sonra da dincəlmək bilmirdilər. Uşaqlara yemək bişirir, pal-paltarlarını yuyur, yatızdırır, nisbətən az yorulmuş(!) həyat yoldaşlarının “kapriz”lərinə dözürdülər. Uzun söhbətdir…
Kolxozçu qadından fərqli olaraq, hazırda getməkdə olan nəslin bir əlahiddə zümrəsi var idi ki, onlar həmin dövrdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, çox fərqli və qayğısız bir həyat yaşayıblar. Bunlar Heydər Əliyevin kadrları idi. Kolxozun baş mühasibindən tutmuş nazirə qədər bir zümrə indi olduğu kimi, o vaxtlar da yağ-bal içində yaşayırdı…
…Əliyev ikinci dəfə hakimiyyətə gələndə demək olar ki, hazır komanda onu gözləyirdi. 19 il ərzində Azərbaycanı rüşvət yuvasına çevirən mexanizm təxminən 5-6 illik fasilədən sonra var gücü ilə işləməyə başladı. Beləcə daha bir 20 ili arxada qaldı və bu gün… ömrünün 40 ilini rüşvətə həsr edənlərin əksəriyyəti həyatda yoxdur. Bunu bir təsəlli kimi qiymətləndirmək fikrindən uzağam, lakin onu da inkar etmirəm ki, biz korrupsiyasız və rüşvətsiz bir cəmiyyətə doğru yolda, zaman da yardımçımız olmağa başlayıb.
…Bir neçə gün əvvəl bu nəslin tanınmış nümayəndələrindən olan Sirus Təbrizli dünyasını dəyişdi. Kim idi Sirus Təbrizli? Bir çoxlarının hafizəsində sadiq əliyevçi kimi qalacaq bu insan əslində heç əliyevçi deyildi, vəzifədən kənarlaşdırılmış klassik bir narazı idi. Fikrimcə, Azərbaycanda bir dənə də olsun sadiq əliyevçi yoxdur. Əliyevçilik vəzifədə olanların, başqalarından yaxşı yaşayanların, hər gün evə rüşvət aparanların uydurduqları bir nəsnədir. Yoxdur belə bir ideologiya! Əliyevçilik, sadəcə vəzifədə olan rüşvətxorların sığınmaq istədikləri abstrakt, izahı sözlə mümkün olmayan bəhanədir. Sirus Təbrizlinin vəzifədə olduğu vaxtla, olmadığı vaxtda dəyişən nəsə olmuşdumu?
Əlbəttə, yox. Dəyişən onun vəzifədən sonra cəmiyyətdə tutduğu mövqeyi oldu. Böyük bir paydan məhrum oldu və bunu Əliyevlərə bağışlamadı.
Sağ olduğu müddətdə, ara-sıra Heydər Əliyevlə olan dialoqlarında özünə edilən haqsızlardan danışırdı. Onu işdən çıxaranların Əliyevin komandasında olması ilə barışa bilmirdi. Belə söhbətlərin birində Yusif Səmədoğlu ozünü saxlaya bilməyib dedi ki, səni işdən çıxarandan bir həftə sonra “Ulduz” jurnalına işə götürdüm və uzun müddət işlədin, həmişə də deyirdin ki, bu iş o birisindən yaxşı oldu, daha nə istəyirsən?
Beləcə, bu iradlar bəzən zarafatla bitirdi…
Təxminən 65 yaşında, Yeni Azərbaycan partiyasının qurucularından biri olan Sirus Təbrizli heç kimə lazım olmadı. Və elə o vaxtdan etibarən, qurucularından biri olduğu partiyaya, ümumiyyətlə, Ilham Əliyev və yaxın ətrafı (?) istisna olmaqla, bütün iqtidara müharibə elan etdi. Öz övladı qədər sevdiyi partiyanı Simasız Quldurlar Partiyası adlandırdı…
Bir neçə ay bundan əvvəl birinci xanım Mehriban Əliyevanın atası Arif Paşayev, əmisi Hafiz Paşayevlə görüşən mərhum, bu görüşü həyatının ən yaddaqalan və ən çox məmnun olduğu nadir görüşlərindən biri kimi xarakterizə etdi. Bu haqda mətubuata verdiyi açıqlamadan sitatı olduğu kimi verirəm: “YAP-ın qurultayı ləzzət elədi ki, Mehriban Əliyeva yeni sədr (müavin – X.Ə.) seçildi, yeni sima gəldi… Bir il yarım bundan əvvəl Mehriban xanımın atası Arif Paşayev və onun qardaşı Hafiz Paşayevlə oturub üç saat söhbət etmişəm. Bu, mənə çox ləzzət edib…”
Fikrimcə, bu yazını mən yox, oxucu bitirməlidir. Söz sizindir.