Ermənistan prezidenti Serj Sərkisyan oktyabr ayında keçiriləcək prezident seçkilərində Ermənistan üçün məqbul variantın Ilham Əliyev olduğunu vurğuladı. Xocalı soyqırımının təçkilatçılarından olan cəllad bununla kifayətlənməyərək, Azərbaycandakı mövcud rejimi demokratik adlandırmağı da unutmadı.
Azərbaycan iqtidarının buna cavabı politoloq Mübariz Əhmədoğlu “səviyyə”sində oldu. Həmişəki kimi, öz ampulasında olan, son 15 ildə Qarabağ məsələsini 15 dəfə “həll edən” politoloq analoqu olmayan bir fərziyyə irəli sürdü. Diqqət edin, onun fikrini olduğu kimi verirəm: “Serj Sərkisyan Ilham Əliyevin nüfuzundan istifadə edərək prezident kürsüsündə mövqeyini möhkəmləndirir”.
Bu ifadədən sonra politoloqun sifətinə qonmuş məmnunluğunun analoqunu tapmaq, etiraf edim ki, çox çətin oldu…
…Məhşur sovet rejissoru Eldar Ryazanovun “Taleyin ironiyası, və yaxud həmişə təmizlikdə” filmini yəqin ki, xatırlayırsınız. Iki “lül-qəmbər” dostdan hansının Leninqrada uçmalı olduğunu müəyyən etmək üçün digər iki dost baş sındırmağa başlayırlar. Kimin nişanlısının Leninqradda olmasına aydınlıq gətirmək üçün, nisbətən ayıq olan iki dost məntiqi mülahizələrini (!) irəli sürürlər. Nəhayət, dostlardan biri o birisinin arqumentlərini öz “dəmir məntiqi” ilə darmadağın edir. Qalib dostun sifətinə dahiyanəlik dolu bir məmnunluq qonur. Mübariz Əhmədoğlunun yuxarıda bəhs etdiyim fantastik açıqlaması, ardından da dahiyanə görkəm alması, filmdəki bu unudulmaz səhnəyə həm “sənət”, həm də məntiq baxımından çox uyğun gəlirdi…
Rejissorun bu adi həyat hadisəsinə operativ müdaxiləsi nəticəsində faciə komediyaya çevrilir. Axmaq təsadüfün qurbanları xoşbəxt oldular, ardınca da “dəmir məntiq” sahibini reablitasiya etdilər…
Filmdən fərqli olaraq, biz real həyatda yaşayırıq, ərazilərimizin 20 faizi işğal edilib, təcavüzkar ölkənin prezidenti isə, Azərbaycan prezidentini dəstəkləyir…
Bunda “xoşbəxtlik” tapan politoloqun sayıqlamasını bir kənara qoyaraq ciddi fikirləşək – Serj Sərkisyanın bu dəstəyinin arxasında nələr gizlənib…
Istər Sərkisyan, istərsə də, bütün dünya Azərbaycanda seçkilərin necə keçdiyini çox gözəl bilir. Iqtidar politoloqlarından fərqli olaraq, mən burada “nəsə” axtarmaq fikrində deyiləm. Hər şey aydındır.
Prezident Ilham Əliyev hər fürsətdə ermənilərlə hərbi ritorika ilə danışır – torpaqların sülh yolu ilə verilməməsi təqdirdə onu müharibə yolu ilə alacağını bəyan edir. Etiraf edək ki, müxalifət də hakimiyyətə gələcəyi təqdirdə oxşar addımların atacağını gizlətmir. Fərq yalnız ondadır ki, ermənilər bunun zarafat olmadığını 20 il əvvəl görüblər. Onun da fərqindədirlər ki, belə olan təqdirdə istər sülh, istərsə də müharibə qaçılmaz olacaq…
…Müharibə anonsu ilə müharibənin arasında 20 il olduğunu dünya Azərbaycan hakimiyyətinin timsalında anladı. Hakimiyyətdə olduğu müddət ərzində Əliyevlərin bu tip bəyanatlardan bir santimetr(!) belə uzağa gedə bilməməsi, bu qorxulu termini, demək olar, lətifəyə çevirdi…
Istər prezident Sərkisyan, istərsə baş nazir Ohanyan Qarabağ separatçılarının “əlamətdar” günlərində sərbəst şəkildə Xankəndinə, Şuşaya, hətta Ağdama gəlib-gedirlər. Iki gün əvvəl düşmən ölkənin baş naziri, bundan təxminən iki ay qabaq isə Serj Sərkisyan Xankəndində keçirilən parada təşrif buyurdu. Iqtidar buna heç reaksiya belə vermədi. Serj Sərkisyanın yuxarıda bəhs etdiyim Ilham Əliyevə dəstək bəyanatını məhz bu jestə cavab kimi yozmaq olar…
Vaxtilə Ermənistan hökumətində iri məmur, hazırda isə QHT sektorunda fəaliyyət göstərən Darpinyan soyadlı bir erməninin təxminən 8 il bundan qabaq söylədiyi fikirlərdən bir maraqlı sitat gətirmək istəyirəm. O deyirdi: “Azərbaycanın iri enerji layihələrində iştirakından sonra biz, demək olar, Qarabağdan əlimizi üzməyə başlamışdıq. Azərbaycanın neft pullarının əhalinin rifahına sərf edəcəyi halında bizim edə biləcəyimiz heç nə qalmırdı. Xoşbəxtlikdən belə olmadı və neft pulları başqa istiqamətə yönləndirildi, ölkədə korrupsiya və rüşvət çiçəkləndi…”
Serj Sərkisyan demokratik müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Qarabağ məsələsində hansı “sürprizlərlə” qarşılaşacağını gözəl bilir. Qarabağın erməni icmasına da o qədər arxayın deyil. Azərbaycan xalqının kağızda yox, əməldə yaxşı yaşaması və gələcəkdə Avropa Birliyinə üzv olmasının nə demək olduğunu yaxşı başa düşürlər. Yeganə ümidləri Azərbaycanın indiki hakimiyyətinin daha uzunömürlü olmasınadır.
…1992-93 illərdə Yerevanın baş meydanında, demək olar, hər həftənin şənbə günü, o zamankı prezident Əbülfəz Elçibəyin müqəvvası yandırılırdı…
…Hazırda isə, ermənilər Bakıda keçirilən paradlara lətifə qoşmaqla məşğuldurlar.