Azərbaycan mentalitetinə uyğun bir məsəl var: “Kişinin yanında baş da kəsərlər”. Yəni, özünə hörmət edən şəxs, bu məsəldən irəli gələn kriteriyalara əməl etməlidir. Aydın məsələdir ki, atalarımız “cinayəti ört-basdır edin” deməyiblər, burada söhbət mənəvi dəyərlərdən gedir. Məsələn, ərlə arvadın arasına girib bir ailəni dağıtmaq, bir dostun cinayət sayılmayacaq, fəqət, sirr saxlanılması zəruri olan bir əməlini yaymaq, insanların şəxsi həyatına müdaxilə, səni yaxın bilərək şəxsi həyatını bölüşən insanları sonradan “baqaja” qoymaq kimi əməllərin pislənilməsidir bu məsəlin mahiyyəti.
Deputat, Ana Vətən partiyasının keçmiş sədr müavini Zahid Orucun bu yaxınlarda mətbuata verdiyi bir açıqlama ilə söhbətimizə davam edək: “Azərbaycanda doğru insanların sayı 5-10 min, 100 min, yaxud nə qədərdir, deyə bilmərəm. Amma hesab edirəm ki, onun içində ön yerlərdən birində olaram. Gizli qurumlarla bağlantım olmayıb. Separatizmdə bulunmamışam. Saunada şəkillərim yoxdur, ikinci arvad saxlamıram. Kriminallarla bağlantım yoxdur. Oğru dünyasının səsini-sorağını bilmirəm”.
Deputatın bu açıqlaması, onun Ana Vətən partiyasından xaric edilməsindən sonra verilib. Zahid Oruc ad çəkməsə də, ittihamların 20 il himayəsi altında olduğu Fəzail Ağamalıdan başqa birisinə aid olduğunu düşünmək, yəqin ki, sadəlövhlük olar. Kriminal dünyası ilə bağlı son iki cümlə ilə o, bunu açıq şəkildə biruzə verir. Hamıya məlumdur ki, Fəzail Ağamalı məşhur kriminal avtoritet Rövşən Lənkəranski ilə qohumdur.
Zahid Orucun “separatizm” iddiaları isə çox güman ki, Fəzail Ağamalının generel Bəylər Əyyubovla münasibətlərinə işarədir. Heç kimə sirr deyil ki, generalla partiya sədri eloğlu və uzaq qohumdular.
Zahid Oruc bu sərt ittihamlara bir də “gizli qurumlarla bağlantı” “qazı” verir. Peşəkar idmanda bu, qurşaqdan aşağı zərbə, yaxud boksçunun hakim işarəsindən sonra nokauta gedən rəqibinə zərbə endirməsi kimi qiymətləndirilir.
Gələk sauna məsələsinə. “Sauna” fin sözüdür, mənası elə hamam deməkdir. Lakin məmurların “mərifəti” sayəsində sauna məsləhətsiz dərəcədə “erotikləşib”. Yəni, Fəzail Ağamalının saunada yalnız, ağ mələfəyə bürünmüş fotosu belə, şantaj predmeti hesab oluna bilər.
Bu qədər, keçək əsas məsələyə.
Oxşar mövzuda bir müddət əvvəl yazdığım yazıdan bir sitat gətirmək istəyirəm: “Dünyanın gəlmiş-keçmiş ən böyük sərkərdəsi Makedoniyalı Isgəndərin belə, fəth edə bilmədiyi Bərdədə təxminən 1500 ildən sonra qəribə bir olay yaşandı. Ana Vətən partiyasının sədri, Fəzail Ağamalı, heç anadan olduğu Gədəbəydə heç kəsin tanımadığı sütül bir cavan uşağın əlindən tutub rayon mərkəzinə gətirdi.
Əynində “iranski” caket, “kevenşik” şalvarı olan bu gənc, ilk dəfə ayaq basdığı Bərdənin yeni deputatı olacaqdı, qalib dönəcəkdi…
Zahid Oruc bu “qələbəni” uşaqdan böyüyə bütün bərdəlilərin “həmyerlimiz” deyə fəxr etdiyi, tarix elmləri doktoru, professor, Avropanın tanınmış demoqraf alimi Kərim Şükürov üzərində “qazanacaqdı”.
Seçki prosesində isə Fəzail Ağamalı həyatı ilə risk etməkdən çəkinmədi, desəm, yəqin ki, yanılmaram. Bu təhqiri həzm etməyən bərdəlilər Zahid Oruca və Fəzail Ağamalıya qarşı çox aqressiv idilər. Seçicilərlə baş tutan nadir görüşlərin polis müşayiəti altında keçirilməsi, məhz Fəzail Ağamalının şəxsi çabası sayəsində mümkün olmuşdu. Seçki zamanı rayonun bütün icra strukturları qeyri-rəsmi olaraq, məhz ona tabe idi.
Doğrudan da ağır dərddir, 20 il ərzində “qoynunda bəslədiyin”, övladına belə etmədiyini etdiyin insan, birdən-birə sənin, boş ver siyasi karyeranı, ailəni belə dağıtmaq üçün hər cür yola əl atır. “Ikinci arvad saxlamıram” deməklə ömür-gün yoldaşını belə üstünə qaldırır.
Fəzail Ağamalı hələlik susmağa məhkumdur, çünki Zahid Orucun hazırkı statusu üçün o da məsuliyyət daşıyır. Üç seçki, üç saxtakarlıq! Hamısında da müavinin qəyyumu məhz Fəzail Ağamalı olub. Nə vaxtsa cinayət işi açılsa, birinci izahat məhz ondan alınacaq.
Yeri gəlmişkən, Zahid Orucun deputat seçkiləri sözün əsl mənasında rejimin seçki saxtakarlığını öyrənmək üçün bir əyani vəsaitdir. Heç təsadüfi deyil ki, təmkinli Avropa Məhkəməsi Azərbaycanda seçki saxtakarlığıyla bağlı ilk qərarını məhz Zahid Orucla bağlı şikayət üzrə çıxarıb.
Yazını atalar məsəli ilə başladıq, atalar sözüylə də bitirək: “Su meymunun boğazına çatanda balasını ayağının altına alır”.
Odur ki, gözləyək, görək nə olur…