Son həftənin iki yadda qalan hadisəsi – Rusiya prezidentinin Bakıya səfəri və Milli Şuranın təşkil etdiyi 18 avqust mitinqi oldu. Əvvəlcə Putinin səfərindən başlayaq…
Nə qədər bəzək-düzək versələr də, Putinin səfəri heç də sıradan bir səfərə bənzəmirdi, hər iki prezident kameralara zorla gülümsəsələr də, üz ifadərindəki gərginliyi sezməmək mümkün deyildi. Bu da səbəbsiz deyil, çünki Ilham Əliyevin üçüncü dəfə prezident seçiləcəyi təqdirdə, dünya ictimaiyyətinin verəcəyi reaksiya bəri başdan məlumdur. Rusiya prezidentinin olsa-olsa edə biləcəyi bir şey var, o da Belarus diktatoru Lukaşenkoya edilən dəstəyin eynisini Ilham Əliyevə etmək. Nəzərə alsaq ki, Belarusda rüşvət və korrupsiya, demək olar, yox dərəcəsindədir, Lukaşenkoya yalnız demokratik azadlıqların boğulması və iki dəfədən artıq müddətə prezident seçilməsinə görə embarqolar qoyulub. Hələ də Qərb bütün çabalara rəğmən, onun müəllifi ola biləcəyi bir korrupsiya layihəsini üzə çıxara bilmir. Lukaşenko və Belarusun iri çinovniklərinin Avropaya girişi məhz demokratik azadlıqların boğulması və prezidentin iki dəfədən artıq müddətə seçilməsi ilə izah edilir. Beynəlxalq təşkilatların hesabatlarında Belarus və Azərbaycanın həmişə yanaşı olmasını nəzərə alsaq, vəziyyət daha da qəlizləşir.
Sadə dillə desək, iqtidar şələ-şüləsinin yığışdırıb, Avropa və Qərb ilə vidalaşmalıdır. Yəni yüzlərlə məmur və onların balaları əvvəlki kimi, asanlıqla Avropada var-gəl edə bilməyəcəklər. Ilham Əliyevin prezident seçkilərində qalib gələcəyi təqdirdə isə, onların böyük ehtimalla Avropa, ABŞ kimi ölkələrə girişi, ümumiyyətlə, qadağan edilə bilər. Yəni Ilham Əliyev üçüncü dəfə prezident seçilməklə Lukaşenkodan da çətin bir duruma düşəcək. Çünki yuxarıda ərz etdiyimiz kimi, Belarusda korrupsiya və rüşvətxorluq, demək olar, yox dərəcəsindədir. Azərbaycanda isə, korrupsiya və rüşvətə qarşı mübarizə rejimin çökməsi deməkdir. Ərəb inqilablarından qorxuya düşən iqtidarın təxminən bir həftə rüşvətlə “mübarizə” aparması yəqin ki, yadınızdadır. Sistem sözün əsl mənasında solmağa başlamışdı…
Putinin Lukaşenkonu necə “müdafiə” etdiyi göz qabağındadır. Əslində Lukaşenko daha əzəmətli görünür. Prosesə bu prizmadan yanaşsaq, Putinin son Azərbaycan səfəri iqtidarın düşdüyü çətin durumdan sui-istifadədir. Rusiya istədiyini aldı və əvəzində heç nə vəd etmədi.
Azərbaycan prezidentinin protokol xidmətinin əməkdaşını da “narahat” edən bu məsələ idi. Fikir verdinizsə, o, Rusiyanın xarici işlər nazir Sergey Lavrovla, onun azərbaycanlı həmkarı E.Məmmədyarovun “anlaşmasına” qədər təmkinini qoruyub saxlaya bildi. Qeyd edək ki, buna qədər Kəmaləddin Heydərov, Ziya Məmmədov, Rövnəq Abdullayev və başqa nazirlər rus həmkarları ilə anlaşmalarını sakit tərzdə elan edə bilmişdi. Bəlkə də fikirləşmişdi ki, eybi yoxdur, sərvəti ya bunlar yemiş, ya da ruslar, əsas odur ki, müstəqillikdən taviz verilməsin, onu zədələyə biləcək addımlar atılmasın. Lavrovun adı olan sənədi görəndə, çox güman ki, şoka düşmüş və qeyri-ixtiyari olaraq, ağzından söyüş çıxarmışdı. Burada qeyri-adi bir şey yoxdur, o da Azərbaycan vətəndaşıdır və ölkənin taleyinə biganə deyil…
Gələk Milli Şuranın 18 avqust mitinqinə. Rejimin yaratdığı bütün maneələrə baxmayaraq, mitinq baş tutdu və bütün qaranlıq mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, prezidentin protokol xidmətində bizim “adamımız” olduğu kimi, iqtidarın da bizim içimizdə kifayət qədər adamı var və onlara konkret tapşırıq üzrə hərəkət əmri verilib. Sadəcə bir misal çəkəcəm. Mitinqdən sonra, ölkənin iki aparıcı siyasi partiyası olan AXCP və Müsavat arasında nifaq toxumu səpilməsi cəhdləri müşahidə olunmağa başladı. Dünənə qədər rejimə qarşı müxalifətdə olduğunu bəyan edən iki tanınmış redaktor növbə ilə qəribə açıqlamalarda bulunmağa başladılar. Birincisi, bütün siyasi qüvvələri AXCP-nin çətiri altına dəvət etdi, arqumenti də bu oldu ki, mitinqdə çoxluğu onlar təşkil edirdilər.
Ikincisi isə, daha uzağa gedərək, Yeltsin zamanında Iranın Xəzər dənizinə olan iddiasına bənzər(!) bir diafraqmla qarşımıza çıxdı. Mitinqdə iştirak edən qüvvələri rəngləyərək, Müsavat partiyasının orda iştirakının 80 faiz olduğunu göstərir və öz növbəsində hamını oraya çağırırdı…
Mən bunu iqtidarın “protokol xidməti əməkdaşı” olayına görə müxalifətdən revanş götürmə cəhdi kimi qiymətləndirirəm. Sevindirici haldır ki, son vaxtlar alınmır…