1722-23-cü illərdə I Pyotrun əmri ilə rus hərbi donanmasının Irana yürüşü çərçivəsində(!) bir neçə hərbi gəmi Bakı buxtasına yan aldı. Bununla da Azərbaycanın Rusiya tərəfindən ilk işğal prosesi başladı və ruslar ilk olaraq, Xəzərsahili vilayətləri ələ keçirdilər. Rus tarixçiləri Dərbənd və Bakının döyüşsüz təslim olmasını yazsalar da, əslində ciddi müqavimət olmuşdu və artilleriya gəmisindən atılan mərmilərin izi Bakının qala divarlarında hələ də durur.
Təxminən 290 ildən sonra Rusiyanın 2 hərbi gəmisi yenidən, bu dəfə Putinin Irana səfəri ərəfəsində Bakıya yaxınlaşdı. Bu iznsiz səfərin məqsədi işğal olmasa da, razılaşın ki, buna dostluq səfəri də demək olmazdı.
Bunun fərqində olan iqtidaryönlü mətbuat bunu “dostluq səfəri” adlandırmaqla yanaşı, Putinin adından “gələcəkdə belə səfərlər qarşılıqlı olacaq”(!) bəyanatını verib. Bəri başdan deyim ki, Putin bu boyda “tarixi simvolika”nın içinə zibil edəcək qədər ağılsız və zəif deyil. Hətta bu səfərin vaxtı da təsadüfən avqust ayı seçilməyib, o vaxt, yəni 290 il əvvəl Pyotr Bakıya atəş əmrini məhz iyulun sonu, avqustun əvvəli vermişdi.
Məsələ aydındır, Rusiya Azərbaycana forpostu kimi baxır və ən dəhşətlisi odur ki, ölkə rəhbərliyi bundan “məmnun”dur. Hakimiyyətdə qalmaq üçün istənilən güzəştə getməyə də hazır olduğunu gizlətməsə də, çox narahatdır. Bu günə qədər Rusiyanı söyən bir sürü iqtidar politoloqı fikirlərində 180 dərəcə dəyişiklik etməyə çalışırlar. Özü də bu redaktələri elə sürətlə edirlər ki, sanki Putin Bakıda oturub bu redaktələri Azərbaycandan tələb edir. Bu, təxminən 1991-ci il QKÇP-si zamanı partbilet ajiotajına bənzəyir. O zaman SSRI əleyhinə danışmış və biletini yandırmış kommunistlərin çoxu depressiyaya girdi, hətta ürəyi partlayanlar, başına hava gələnlər də oldu. Yəni YAP rəsmiləri elə hesab edirlər ki, hər kəs işini-gücünü atıb, bunların ağzını güdürlər. Yəni özlərini siyasi fiqur hesab edirlər.
Müxalifəti Kreml ilə iş birliyində ittiham edənlər, heç bir abır-həya, ən əsası, zaman gözləmədən bu “səfər”in tarixi əhəmiyyəti haqda yazmağa başladılar.
Halbuki, tarixdə prezidentin başqa bir ölkəyə səfərinin hərbi gəmilərlə “müşayiəti”nin başqa adı var. Bu cür səfər, yalnız vassal dövlətlərə edilir. Mən demirəm ki, Azərbaycan Rusiyaya nota-filan göndərməli idi, xeyr, sadəcə digər MDB dövlətlərinə şamil edilən güzəşt və hörməti qazanmalı idi. Bu tip səfər adətən hakimiyyəti zəifləmiş və xarici amillərdən asılı vəziyyətə gələn dövlətlərə edilir. Hakimiyyətin mənbəyinin xalq olduğu ölkələrə qarşı bu cür hərəkət edilmir. Çünki xalqın dəstəyini alan istənilən hakimiyyət buna etiraz edərdi.
Hansısa saytların birində, Putinin gəlişinə münasibət bir vətəndaş qısaca olaraq, bir cümlə yazmışdı: “Əməkhaqqları artırılası olmadı”…
Çox müdrik yanaşmadır. Vətəndaş, nəzərdə tutulan dilənçi payının başqa istiqamətə yönələn məbləğə əlavə edilməsinə eyham vurur.
Bəli, müstəqil, balanslı siyasət nağıllarının sonuna gəldik. Yəni iqtidar tərəfindən göyə qaldırılan “inkişaf” Azərbaycan vətəndaşının gündəlik həyatında necə “hiss” olunurdusa, “balanslı siyasət”in də “iç üzü” açıldı və biz onu da hiss etməyə başladıq…
Bütün bunlarla yanaşı, Putinin səfərinindən çıxan nəticələr heç də indiki rejimin xeyrinə deyil. Səfərin tarixi ironiya üzərində qurulması və qeyri-adiliyi Vladimir Putin-Ilham Əliyev münasibətlərinin hansı səviyyədə olduğuna əyani sübutdur. Halbuki, Ilham Əliyevə diplomatik etiketlərə ciddi əməl olunması ilə müşayiət olunan səfər hava-su kimi lazım idi…
Nəzərə alsaq ki, bu hərbi gəmilər Rusiyanın əzəli rəqibi ABŞ üçün çox köhnəlmiş texnologiydır, onda bu səfərin Azərbaycan hakimiyyətinin hazırkı durumuna “hesab”landığına şübhə qalmır.
…Məşhur “O olmasın bu olsun” filmində Gülnazı itirmək istəməyən Məşədi Ibadın səxavət kisəsini necə açdığını yəqin ki, xatırlayırsınız. Məşədinin bu vəziyyətindən istifadə edənlərin başında, əlindəki silahı az qala Məşədinin gözünə soxan və ondan hər dəfə pul qoparmağı bacaran qoçu Əsgər gəlir. Silahdan qorxan Məşədi başqalarından fərqli olaraq, ona heç vaxt yox demir…
Tarixi yaxşı bilən ruslar, yəqin bu filmə də baxıblar…