Razılaşın ki, artıq üstümüzdən(!) bir ruspərəst “damğası” da götürülmək üzrədir, belə ki, Kreml Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovun vətəndaşlıq məsələsində “tələsmir”. Çox qəribədir ki, bizi Kreml ilə “işbirliyində” ittiham edənlərin böyük əksəriyyəti iqtidar nümayəndələri deyildi, burada cəmiyyətin ən müxtəlif kəsimlərini əhatə edən siyasi xadimlər(!), QHT rəhbərləri və əlbəttə, “qatı müxalifət” liderləri də var idi. Ad çəkmək istəmirəm, (amma soruşsalar deyərəm – X.Ə) lakin hər kəs açıq şəkildə şahid oldu ki, israrla Milli Şuranı Kreml layihəsi kimi qələmə verən siyasilərimizin bir qismi də Elçibəy dövrünün ən yüksək vəzifəliləri idi. Onların arasında elələri var ki, o vaxt birbaşa Rusiya ilə münasibətlərə, xarici siyasətə cavabdeh idilər. Hazırda isə, özləri demiş, siyasətdə kamillik(!) dövrünü yaşayırlar. Burada Molla Nəsrəddinin məhşur bir lətifəsi yada düşsə də, sitat gətirib, təzədən qalmaqal yaratmaq istəmirəm. Sadəcə bu şəxsləri öz dünyagörüşləri ilə 20 il əvvələ, özləri demiş, cahillik dövrünə “çəkəndə” etiraf edim ki, bir az qorxuram…
Bir ay ərzində israrla Rüstəm Ibrahimbəyovu Kremlin adamı adlandıranlar hazırda Milli Şuranı hədəfə alıblar, oradan çıxacaq olan digər namizədi bəri başdan “qaralayıblar”. Və israrla deyirlər ki, bizim istəmədiyimiz olmasa, onu da Rüstəm Ibrahimbəyovun “gününə” salacağıq.
Mənim fikrimcə, Rüstəm Ibrahimbəyovun namizədliyinin irəli sürülməsi iki ən mühüm məsələyə aydınlıq gətirdi. Birincisi, Ilham Əliyev və onun komandası ilk dəfə olaraq, bir gün hakimiyyətdən gedəcəklərini anladılar. Xalqın ayağa qalxaraq səsini tələb edəcəyi günün uzaqda olmadığına inandılar.
Ikincisi və ən əsası isə, cəmiyyətdə “suların durulması”, əgər belə demək mümkünsə, “işıqların qəfil yanması” baş verdi.
Bir az dramatikləşdirsək, bunu “ərin vaxtından əvvəl ezamiyyətdən geri dönməsi” ilə müqayisə etmək olar.
Bəli, daha cəmiyyətdə qaranlıq lider, siyasi xadim və qələm adamı qalmadı. Bəziləri elektorat, bəziləri isə, oxucu kütləsi itirməkdən belə çəkinmədilər. “Bu rejimin getməsində maraqlıyam” deyənlər, Rüstəm Ibrahimbəyovun şəxsində iqtidar üçün real təhlükə yaranan gündən Əliyevlər hakimiyyətinin yanındadırlar…
Onların məntiqindən belə çıxdı ki, vaxtından əvvəl Banuçiçəyə olan iddialarını ortaya qoymaqla Yalıncıq da haqlı imiş…
Halbuki ilkin orta əsrlərdəki ədalətimiz belə, Banuçiçəyə seçim haqqı tanıyır, məsələni Beyrəyin ölüm xəbəri qətiləşənə qədər təxirə salır…
Rüstəm Ibrahimbəyovu şansları tükənənə qədər gözləmək, Azərbaycan müxalifətinə yalnız əlavə dividend gətirə bilər, belə ki, Ilham Əliyevin onunla alternativ olmamaq üçün hansı yollara əl atdığının bizzat şahidi olduq.
Hazırda rejimin əsas vəzifəsi Mili Şurada parçalanmaya nail olmaq, onun sədri Rüstəm Ibrahimbəyovun da dəstəklədiyi namizədin irəli sürülməsinə imkan verməməkdir.
Indiyə qədər Milli Şuraya Kreml layihəsi deyənlər, hazırda müvəqqəti olaraq danışmasalar da, iqtidarın digər “legionu”, Milli Şuradan çıxacaq və böyük ehtimalla Rüstəm Ibrahimbəyovun da dəstəkləyəcəyi namizədi indidən “vurmaqla” məşğuldurlar. Müxalifəti ən ləyaqətsiz formada təhqir etdiyinə görə, deputat seçilən Etibar Hüseynovun bu kampaniyaya dəstəyi sübut etdi ki, hətta ifşa olunmaq təhlükəsi ilə üzbəüz qalsalar belə, onlar geri addım atmayaqlar…
…”Qəzəlxan” filmində çox maraqlı və ibrətamiz bir epizod var. Təşviqat və təbliğat qrupu ilə kəndə qastrola yola düşən Əliağa Vahid, gənc aktrisanın kolxoz sədri ilə “şübhəli” münasibətlərini həzm edə bilmir və uyğun hesab etdiyi “məqam”da etirazını bildirir.
Aktrisa Vahidə elə bir toy tutur ki, şair uzun müddət özünə gələ bilmir. O, cəmi iki arqumentlə Vahidi, o böyük söz ustasını “tərk-silah” edir. Cibində siçanlar oynayan qəzəlxana başa salır ki, mənim Bakıda bir tikə çörəyə möhtac olan körpəm var və içi sən qarışıq heç bir köpəyoğlu bu günə qədər mənə təmannasız olaraq yardım etməyib.
Ürəyi soyumayan aktrisa daha sonra Vahidə başa salır ki, mən göründüyüm kimiyəm, yəni ikibaşlı oyun oynamıram, gündüz mənəvi dəyərlərdən, mentalitetdən danışıb, gecə düşəndə kolxoz sədrinin öküz arabasına minərək, onun daxmasına getmirəm. Arada sevgi-filan da yoxdur…
Heç olmasa bu aktrisa qədər səmimi olmağı bacara və bizi belə mövzudan yazmaq əzabından qurtara bilsəydilər…