Yəqin ki, kənddə boya-başa çatmış hər kəs, qoyunların belinə hansı zərurətdən rəng vurulmasını yaxşı xatırlayar. Bilməyənlər, daha doğrusu, şəhərdə yaşayanlar üçün deyək – heyvan sahibi bunu yeni aldığı heyvanlara tətbiq edirdi. Məqsəd həmin qoyunları bir müddət asan tanımaq idi. Yəqin ki, örüşdən kəndə enən sürünün təbii şəkildə, naxırçının köməyi olmadan evlərə dağılmasını müşahidə etmisiniz. Bu kiçik “möcüzə” birdən baş vermir, qoyun hələ quzu vaxtından sahibinin həyətinə öyrəşir, başqa kənddən alınan və yaxud sahibini dəyişənlərin belinə isə, yuxarıda qeyd etdiyimiz kimi, rəng vururdular. Bu həm naxırçının, eləcə də qoyun sahibinin işini asanlaşdırırdı. Şər qarışanda bir-birinə daha çox oxşayan qoyunlar asanlıqla tanınır və vaxtında lazımi istiqamətə yönəldilirdi. Təxminən beş-on gün ərzində işlər yoluna düşürdü və keyfiyyətsiz boya da yağışla küləklə sovrulub gedirdi, qoyunlar da yeni sahiblərinin həyətinə asanlıqla uyğunlaşırdılar…
Ilk baxışda adi görünən, az qala çoxdan unutduğum bu kənd hekayəsini son vaxtlar tez-tez xatırlayıram. Bu da səbəbsiz deyil, yaşadığımız cəmiyyətdə elə proseslər gedir ki, onları dəyərləndirmək, analoqunu axtarıb tapmaq çox çətindir. Daha doğrusu, çətin idi…
Oktyabrda keçiriləcək prezident seçkisində Rüstəm Ibrahimbəyovun demokratik qüvvələrin Milli Şurasının vahid namizədi kimi irəli sürülməsi bir çox mətləblərə aydınlıq gətirdi…
Rejim ilk dəfə xalqın namizədi ilə seçkiyə getməyin vahiməsini yaşamağa başladı və birmənalı olaraq arsenalında olan bütün qüvvələrə hücum əmri verdi. Və təsadüfi deyil ki, bu gün Rüstəm Ibrahimbəyov haqqında ironiyalı yazılar, təxribat xarakterli açıqlamalar sürpriz istiqamətlərdən gəlir. Obrazlı desək, rejim əlinə fırça alıb, bellərə “kraska” çəkməyə başlayıb.
Bir məqamı xüsusi olaraq qeyd etməyim yerinə düşərdi. Şəxsən mən o fikirdəyəm ki, istənilən demokratik seçki şəraitində Rüstəm Ibrahimbəyov nə Əli Kərimli, nə də Isa Qəmbərlə rəqabət apara bilməzdi. Yəqin ki, Rüstəm bəyi də belə bir seçkidə iştiraka razı salmaq da mümkün olmazdı…
Tarixdə avtoritar rejimlərin seçki yolu ilə dəyişdirilməsi praktikasının olmaması, Milli Şuranı bu addımı atmağa məcbur etdi. Və nəticə göz qabağındadır – dünya Rüstəm Ibrahimbəyovun qələbə şanslarını yüksək qiymətləndirir və hətta seçkiöncəsi sürprizlərin ola biləcəyindən yazır.
Şəxsən mənim üçün “sürpriz” artıq başlayıb. Buyurun, “Yeni Musavat” qəzetində Elşad Məmmədlinin “Ibrahimbəyova gerçək Oskar düşür” (müəllif həm də Rüstəm bəyin Oskar almadığını iddia edir – X.Ə.) yazısından sitat:
“Ibrahimbəyov 20 il bu rejimə, Amerikanın, Avropanın, dünyanın bütün donqili, hətta türklər demiş k…be demokratiya paytaxtlarının xəyanətinə dözmüş, çizgisini və duruşunu dəyişməmiş Azərbaycan müxalifətini bu cür mələtməsinə, sındırmasına, məğlub etməsinə görə Oskara layiqdi”.
Onlarla belə yazıların daha biri ilə, baş redaktor R.Arifoğlunun da sosial şəbəkədə şəxsən paylaşdığı – Elşad Paşasoyun “Tiflis sammitində kino” yazısı ilə davam edək:
“Bu mənada siz Milli Şura adlı böyük bir layihənin başında dayanan, demokratik düşərgənin aparıcı kəsiminin mandatını alan şəxs olaraq bu gün kinonu bir tərəfə qoymalıydınız. Necə ki, Isa Qəmbər siyasətə gəlişindən sonra hətta elmi işini də kənara qoydu”.
Bütün yazılardakı tənqid, ironiya və intriqa yalnız bir arqumentə söykənir – “R.Ibrahimbəyov çəkilsə, Isa Qəmbər vahid namizəd olacaq”. Yəni Isa Qəmbər daha uğurlu variantdır. Halbuki, Isa bəy tamam başqa fikirdədir və R.Ibrahimbəyovun namizədliyi mümkün olmayacağı təqdirdə, namizəd məsələsi ilə bağlı müzakirələrə qatılacağını bildirir. Aydındır ki, “Rüstəmi vurun” əmri ondan gəlməyib. Yeri gəlmişkən…
Yadınızdadırsa, Isa Qəmbər Lənkərana səfəri zamanı baş verənlərə görə birbaşa PA adminstasiyasının rəhbəri Ramiz Mehdiyevi ittiham etdi və bəyanat verdi.
Bəyanatın orijinalı, yəni Ramiz Ənvəroviçlə bağlı əsas hissəsi də daxil olmaqla “Azadlıq” qəzetində dərc edildi. Lakin hazırda səhifələrindən Rüstəm bəyə od püskürən, Isa bəyi göylərə qaldıran “Yeni Müsavat”dan isə, “xəbər çıxmadı”. Ən azı bir köşəyə sətiraltı eyham, başqana dəstək olaraq, kardinal-filan da itələmək olmazdımı, yəni…
Isa Qəmbər-Ramiz Mehdiyev seçimində “zorlanan” həmkarlarımın nəzərinə çatdırım ki, irəlidə əli dubinkalı Ramil Usubov var…
Əlqərəz, şəxsən mən bu cür Isa Qəmbər sevdasında, Zirəddin demiş, “kraska” görürəm…