Bu günlərdə gözüm bir iqtidar qəzetindəki “Avropa indi də istilərdən əziyyət çəkir” sərlövhəli yazıya sataşdı. Iqtidarın Avropada kəşf etdiyi böhranlara bir də havanı əlavə edən qəzet bunu fəlakət kimi qələmə verməyə çalışırdı. Yəni onsuz da əziyyət çəkən Avropa əhlinin dərdlərinə bir dərd də əlavə olunurdu…
Iqtidar mətbuatı ayrı bir aləmdir. Burada hər şey qaydasındadır, xalq iqtidarı yekdilliklə dəstəkləyir, bütün dünya Azərbaycana həsəd aparır, bir sözlə, burada qurdla qoyun da birgəyaşayış prinsiplərinə əməl edir. Allah eləməmiş, Azərbaycan miqyasında bir “Fukusima” olsa, sizi inandırıram ki, bu qəzetlər belə bir faciə haqqında olsa-olsa “Mingəçevir SES”də qısaqapanma olub” başlıqlı xəbər gedəcək. Burada əsgər ölümlərinə belə yer yoxdur…
Bu yaxınlarda ATƏT Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qrupu göndərməmək qərarı verdi.
Bunu iqtidar mətbuatı, dərhal iqtidarın… qələbəsi kimi qələmə verdi…
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, Elşad Mirbəşirlinin “qələbə” münasibəti ilə “Səs” qəzetinə verdiyi açıqlamadan bir sitatı nəzərinizə çatdırmaq istəyirəm, buyurun, səbrlə oxuyun: “Ümumiyyətlə, Azərbaycanda seçki kampaniyası Avropada şübhə doğurmur… Əgər ATƏT Parlament Assambleyasının ölkəmizdə keçiriləcək seçkilərlə bağlı hər hansı bir şübhəsi olsaydı, Azərbaycana müşahidəçi göndərərdi. Göndərmirsə, deməli, ATƏT Parlament Assambleyası Azərbaycanda seçkilərin demokratik və şəffaf keçiriləcəyinə əminlik mövcuddur”…
Az qalırdı desin ki, Avropa seçki missiyası göndərməyə xəcalət çəkir, utanır…
Tənbəllik etməyib bu açıqlamanın video variantına baxdım. Gənc politoloqun heç tükü də tərpənmirdi. Karyerası naminə hər şeyə gedə biləcəyi üzünün ifadəsindən aydın-açıq sezilirdi. Bu həm də 20 il ərzində ömrü yalanı doğruya yamamağala keçən taqətsiz, yorulmuş iqtidar politoloqlarına “təslim olun” çağırışı idi. Ədalət naminə deməliyəm ki, onların hamısı ATƏT-in bu addımına qiymət verməkdən çəkindilər və susmağa üstünlük verdilər…
Ehtiraslı(!) gənclərdən fərqli olaraq, dünyagörüşü nisbətən daha çox olanlar artıq anlamağa başlayırlar ki, hər şeyin bir sonu olduğu kimi, Əliyev rejimi də yavaş-yavaş sona çatmaqdadır. Onlar ATƏT-in bu addımını, qazlı politoloqdan fərqli olaraq, buna yozurlar. Başa düşürlər ki, artıq iqtidarın getmə zamanı yaxınlaşır.
Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov jurnalistlərin bu yaxınlarda keçirilmiş qurultayında indiyə qədər heç bir dövlət rəsmisinin cəsarət edib deyə bilmədiyi bir fikri səsləndirdi. Dedi ki, biz bu gün iqtidarıq, amma sabah hakimiyyətdən gedə bilərik və müxalifətlə yerimizi dəyişə bilərik…
Bu fikrin müxalifətin vahid namizədi Rüstəm Ibrahimbəyov Bakıya qayıdacağı 31 iyul ərəfəsi söylənilməsi heç də təsadüfi deyil. Iqtidar heç də hazır olmadığı bir duruma düşüb. Vaxtilə mərhum Heydər Əliyevin, daha sonralar isə Ilham Əliyevin dəfələrlə şərəfinə badə qaldırdığı, dünya şöhrətli azərbaycanlıya qarşı ənənəvi repressiyanın nə demək olduğunu anlamağa başlayan andan qəribə bir mənzərə müşahidə etməkdəyik…
Bu günlərə qədər onun gələcəyi təqdirdə həbs olunacağını yazan iqtidaryönlü mətbuat son iki gündə bu haqda heç nə yazmır. Fikir vermisinizsə, bu haqda müsahibə vermək üçün növbəyə duran vəzifəli məmurlar da qeybə çəkilib və sakit bir şəkildə gözləmə mövqeyində durublar.
Mən bu yazıda buna qədər R.Ibrahimbəyovu hədələyən bir neçə məmurdan, din xadimlərindən sitat gətirmək niyyətində idim. Maraqlıdır ki, onların əksəriyyəti saytlardan silinmişdi. Hətta şeyxin qardaşı Cavanşir Paşazadənin və qudası Hacı Qalibin alovlu fikirləri… eroziyaya(!) uğramışdı…
Əli Həsənovun “müxalifətə keçə bilərik” fikri, deyəsən, rejimin iri məmurlarını əməlli-başlı silkələyib. Zarafat deyil, ortada 20 il içində sahib olduqları milyardların taleyi rejimin dəyişməsi halında qaranlıq görünür…
Ötən yazılarımın birində yazmışdım ki, ola bilər ki, xalq Əliyevlərə bu seçkini saxtalaşdırmağa imkan verməsin…
Tarixdə oxşar hallar yetərincədir. Bu ölkələrdə adətən qanuni seçilmiş prezidentlə, postu təhvil verməyən arasında bir neçə ay mübarizə gedir və sonda ikincinin tərəfdarları müqavimətin mənasız olduğunu anlayır…
Bizdə isə bu proses artıq başlayıb…